RU

Əfv sərəncamı: "Məyusam, heç bir siyasi məhbusun adı yoxdur", Novella Cəfəroğlu

Məqalə barədə məlumatMüəllif, Aygül MehmanVəzifə, BBC Azərbaycanca

Bəzi hüquq müdafiəçiləri şənbə günü verilmiş əfv sərəncamından narazıdılar.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, bu dəfə "siyasi məhbus" sayılan şəxslərin "heç biri" azadlığa buraxılmayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 25-də imzaladığı sərəncama əsasən, 154 məhkum əfv olunub.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir ki, onlar əfv siyahısını əfvə müraciət edən şəxslərin qanunda nəzərdə tutulan meyarlara uyğun gəlib-gəlmədiyini qiymətləndirərək hazırlayıblar.

Azərbaycan hakimiyyəti ölkədə "siyasi məhbus" olmadığını, vətəndaşların dini və ya siyasi baxışlarına görə təqib edilmədiyini deyir.

Əfv sərəncamının icrası artıq başa çatıb, Azərtac yazıb.

Agentliyin məlumatına görə əfv olunanlar arasında 8 əcnəbi vətəndaş var: onlardan 5-i Əfqanıstan, 2-si Türkiyə, 1-i Rusiya vətəndaşıdır".

Videoya Youtube kanalımızda baxın.

"Biz siyahı vermişdik"

"Bizim dediyimiz siyasi motivlə tutulanlardan, praktiki olaraq, heç kim buraxılmayıb. Məyus oldum", - hüquq müdafiəçisi Novella Cəfəroğlu BBC-yə deyir.

O vurğulayır ki, əfv "yaxşı olsa da, həbsdən buraxılanlar arasında qadınlar olsa da", hüquq müdafiəçisi kimi bu əfv ona "yaxşı təsir bağışlamayıb", çünki o, "çox insanın buraxılacağını gözləyib".

"Hesab edirəm ki, Əfv Komissiyasında olanlar məsələlərə daha ciddi müdaxilə edə bilərdilər. Biz siyahı vermişdik. Cəmiyyətə xələl gətirməyən, cəmiyyətin təhlükəsizliyini təhdid etməyən şəxsləri buraxmaq olardı", - Novella Cəfəroğlu deyir.

O əlavə edir ki, Nardaran hadisələri ilə bağlı həbs olunmuş dindarların da əfvə düşəcəyini gözləyib.

Hüquq müadafiəçisi BBC-yə deyir ki, onun siyahısında "təxminən siyasi motivlə həbs olunmuş 30 məhbus var".

Novella Cəfəroğlu vurğulayır ki, hazırda barəsində məhkəmə gedən jurnalist və bloqçular onun "siyasi məhbus" siyahısına daxil deyil, çünki onların barəsində qüvvəyə minmiş məhkəmə hökmü yoxdur.

"Onlarla bağlı indi məhkəmə gedir. Ələsgər Məmmədlidir, Əvəz Zeynallıdır, ""Kanal13"-dür, "Abzas"dır, qızlar oturublar içəridə, yəni çoxlu jurnalist və bloqçuların məhkəməsi hələ gedir, bitməyib, hökm oxunmayıb və ümid edirik ki, onların çoxunu məhkəmə azad edəcək. Məhkəmələr onları buraxa bilər, hələ ki, ümidimiz onadır".

Azərbaycan hakimiyyəti hesab edir ki, media təmsilçiləri və digər ictimai fəallar konkret cinayət əməllərinə görə saxlanılıblar.

Lakin həbs onlar ittihamları rədd edirlər.

"Əfv Komissiyası üçün siyasi məhbus anlayışı yoxdur"

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir ki, onlar əfvə təqdim olunan siyahıda kimin olub-olmadığı ilə bağlı məlumatları ictimailəşdirmək səlahiyyətində deyillər və bu, həm də "etik sayılmır".

"Əfvə müraciət edib-etməməsi ilə bağlı yalnız məhbusun özü, və ya qanuni nümayəndəsi açıqlama verə bilər. Qanunla bu məlumatları ictimailəşdirə bilmərik".

BBC-yə açıqlamasında Əliməmməd Nuriyev onu da əlavə edib ki, Əfv Komissiyası üçün "siyasi məhbus" anlayışı yoxdur, sadəcə, müraciət edən məhbus anlayışı var.

O deyib ki, əfv müraciətləri müvafiq qanuna uyğun meyar və kriteriyalar əsasında qiymətləndirilir və rəy verilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
221
bbc.com

1Источники