“Mərkəzi Bankın həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirməsi müsbət haldır və kredit risklərinin minimumlaşdırılmasına xidmət edəcək. Yeni qaydalar həmçinin əlilliyi olan şəxslərin kreditlərə çıxış imkanlarını artıracaq”. Metbuat.az-ın məlumatına görə, bunu iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, ən mühim məqamlardan biri də risklərin azaldılmasıdır: “Əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınacaq. Bu zaman onun sağlamlıq imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub.Borcalanla bağlanmış sığorta müqaviləsinin mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan verən elektron sistemin qurulması isə şəffaflığın gücləndirilməsinə xidmət edəcək. Risklərin azaldılması nəticəsində kredit faizlərinin aşağı düşməsi mümkün olacaq. Qeyd edim ki, risklərin sığortalanması istehlak kreditləri üzrə faizlərin azalmasına səbəb ola bilər”.Gülbəniz Hüseynli / Metbuat.az