RU

Çəkmə, çanta, paltar zamokları necə yarandı?

Uzun çəkmələrin bağlarını açmaq çox vaxt aparır, bəzən düyünləndiyi üçün bezdirici də ola bilir. Ayaqqabı ilə bu mənasız mübarizə geyinərkən məcburi olsa da, çıxararkən bağlarını açmadan da zorla ayaqdan dartılması və bəzən də kənara atılması ilə nəticələnir. Yenə nə olursa olsun, əvvəl-axır təkrar geyinərkən o düyünlü bağları bir-bir açmaqməcburiyyətində qalırsan. Bəs həll yolu nədir? Bu sualın cavabı icad edildiyi gündən bəri insanların milyardlarla dəfə rahatlıqla istifadə etdiyi sadə mexanizmdir. Rus dilindən gələn sözlə işlətdiyimiz zamokdur, yəni ayaqqabı, paltar və s. zamoku.


  Zamok bizə sadə görünsə də, əslində belə deyil. ABŞ-ın Merilend Universitetindən tarixçi Robert Fridelə görə, zamok dizaynı təyyarə və kompüterin ixtirasından daha uzun çəkib və təcili ehtiyacın təsadüfi nəticəsi olub. Bu gün paltarlarımızın yaxşı oturmasını təmin etmək, çanta və ya çamadanlara qoyduğumuz əşyaları saxlamaq və qorumaq üçün istifadə edilən zamokun ixtirası 1851-ci ilə aiddir. Zamoka doğru ilk addımı atan şəxs müasir tikiş maşını da icad edən Elias Hoy (Elias Howe) idi, lakin patent hüquqları mexaniki mühəndis və ixtiraçı Uitkomb Cudsona (Whitcomb Judson) məxsus olur.


  Əslində zamok dizaynı ilə heç bir əlaqəsi olmayan Cudsonun yaxın dostu tez-tez çəkmələrinin uzun boğazını açmaqda çətinlik çəkdiyindən şikayətlənirdi. Ona kömək etmək istəyən Cudson bir müddət düşündüyü bu problemin həllini təsadüfən evə gedib-gəldiyi dəmir yolu sayəsində tapdı. Qatarların dəmir yolunda hərəkət etməsinə imkan verən rels sistemindən istifadə edərək iki ayrı-ayrı hissəni əvvəlcə birləşdirən, sonra ayıran mexanizmi anlayan Uitkomb Cudson zamokun ixtirasına doğru ilk addımı atdı və 1893-cü ildə onu patentləşdirdi.


  Amerikalı ixtiraçının, xüsusilə çəkmələrdə istifadə üçün hazırladığı zamok sürgülərlə bir-birinə bağlanmış qarşılıqlı qarmaqlar və üzük cərgələrindən ibarət idi. Lakin yeni ixtira istənilən qədər səmərəli işləmədi və tez-tez sıxışdı.


  Zamok dizaynını indiki formasına gətirən isveçli mühəndis Qideon Sandbək (Gideon Sundback) oldu. O, qarmaqları kənara ataraq, sərt zolağa bərkidilmiş iki sıra dişdən ibarət və "Y" formalı sürgü ilə işləyən yeni model hazırladı. Beləliklə, bugünkü zamok şəkli doğuldu.


  Bununla belə, hər yeni ixtirada olduğu kimi, zamok ayaqqabı, çanta və ya paltar istehsal edən firmaların diqqətini çox daçəkmədi, şalvar, gödəkçə və çəkmələri ya bağ, ya da düymə ilə istehsala davam etdilər.


  Zamoku populyarlaşdıran 1917-ci ildə Birinci Dünya Müharibəsində üstü açıq, pərvanəli təyyarələri sürən Amerika qırıcı pilotları oldu. Düymələrdən fərqli olaraq, uzun zamoklar pilotların qalın uçuş kostyumlarının ön hissəsini külək keçirməyən şəkildə tamamilə bağlamaq üçün istifadə edildi.


  XX əsrin 30-cu illərindən başlayaraq zamok moda simvoluna döndü. Qadınlar rahat açılıb-bağlanan zamoklu çəkmə, çanta, şalvar və dəri plaşlara üstünlük verməyə başladılar.


  İkinci Dünya Müharibəsindən sonra isə zamoklu cins şalvar və dəri gödəkçələr Hollivud filmlərinin təsiri ilə sistemə qarşı üsyankar gənclərin simvolu oldu.


  Təxminən 100 ildir dizaynı dəyişməsə də, bu gün rəngarəngləşən zamoklar hələ də həyatımızda əvəzolunmaz rolunu qoruyur. Paltar, çanta və ayaqqabıdan başqa, su və hava keçirməməsi lazım olan bir çox xüsusi paltar və nəqliyyat vasitələrində zamoklar istifadə olunur. Məsələn, dalğıc paltarlarında nikel və gümüşdən hazırlanan, təzyiqə davamlı zamoklar istifadə edilir. Kosmonavtların geyindiyi xüsusi uçuş kostyumları da kosmosun dondurucu soyuğundan qorunmaq üçün zamokla bağlanır.


  Beləliklə, çətin açılan çəkmə bağlarından qurtulmaq üçün təsadüfən rels mexanizmi əsasında yaradılan zamok indi okeanların ənginliklərinə, atmosferdən çıxaraq isə kosmos boşluqlarına qədər özünə yer tapıb.

Избранный
111
50
kanal.az

10Источники