RU

Kantın almansız şəhəri – Köniqsberq Hitlerin günahının, Stalinin tamahının qurbanı olub

Futbol kimi, bütün müharibələrin sonunda üç nəticə var: qələbə, məğlubiyyət, heç-heçə.

Sonuncu nadir hallarda olur, amma olur. Bu, o vaxt baş verir ki, döyüşən tərəflər bir-birini qırıb-çatır, əldən salır, yüzlərlə kənd-şəhər dağılır, minlərlə adam ölür, ancaq axırda heç kəs qalib gələ, nəzərdə tutduğu hədəfə çata bilmir. Əslində bu, hər iki tərəfin uduzması deməkdir, amma heç bir tərəf özünü məğlub saymır. 1980-88-ci illər arasında gedən İran-İraq müharibəsinin nəticəsi belə olub. Hər iki tərəf 500 milyard dollar həcmində ziyana düşüb, İran 188 min (bəzi məlumatlara görə, 800 min), İraq isə 250-500 min arasında insan itirib.

Bir də var müharibəni başladan tərəfin darmadağın olub uduzması. Bu halda aqressor dövlətin torpaqları parçalanır, ərazisi qalib tərəflərin arasında bölüşdürülür, vətəndaşları əsir-yesir olur, qadınları kütləvi şəkildə zorlanır, millətin beli və gözü qırılır.

II dünya müharibəsində Almaniyanın başına bunların hamısı gəlib.

stalçorc.JPG

Hələ 1943-cü ilin noyabrın ayının son günlərində ABŞ, Böyük Britaniya və SSRİ rəhbərlərinin İranın paytaxtı Tehranda keçirilən konfransında Stalin müttəfiqlərinə - Rzvelt və Çörçillə Almaniyanın bölüşdürülməsini təklif edib. O zaman artıq nasist Almaniyasının müharibə meydanından məğlub çıxacağı bu üç nəhəng dövlətin liderlərinə əyan olub. Almanlar bütün cəbhə xətti boyunca itki verə-verə geri çəkilərkən, ABŞ və Böyük Britaniya da ikinci cəbhə açmağa hazırlaşırmışlar. Bu artıq Hitlerin nasist rejiminin tabutuna vurulan sonuncu mismar olacaqdı.

Stalin Tehranda Köniqsberqi Almaniyadan qoparmaq istədiyini bəyan edib. Sovet lideri Koniqsberqə iddiasını onunla əsaslandırıb ki, Sovet İttifaqının Baltik dənizində qışda donmayan limanları yoxdur, ona görə də ölkənin Köniqsberqə ehtiyacı var. Bundan əlavə, Stalin Şərqi Prussiyanın "əsl slavyan diyarı" olduğunu vurğulayıb, bu o demək olub ki, rus gəmisi öz doğma limanına qayıtsa ədalətli olar.

Tehranda Almaniyanın bölünməsi ilə bağlı konsensusa gəlmək mümkün olmayıb. Məsələ Yalta konfransında yenidən gündəmə gətirilib. Potsdam konfransının iştirakçıları Stalinin Köniqsberqin SSRİ-yə verilməsi təklifi ilə razılaşıblar.

kal-xar.jpg

Ancaq artıq sovet işğalı altında olan şəhərin RSFSR-ə birləşdirilməsi gecikib. Köniqsberqi Litva SSR-ə daxil etmək daha məntiqli görünüb, çünki Şərqi Prussiyanın yerli sakinləri baltlar, yəni prussiyalılar idi. Buna görə də 1945-ci ilin sonunda Litva Kommunist Partiyasının birinci katibi ilə söhbət zamanı Stalin şəhəri litvalılara təklif edib. Lakin onlar nəyə görəsə bu təklifdən imtina ediblər. Güman ki, almanların qarşısında işğalçı-ilhaqçı kimi qalmaq istəməyiblər.

Müharibə zamanı sözün əsl mənasında xarabalığa çevrilmiş Prussiya paytaxtına sahib olmaq üçün növbəti iddiaçı Belarus olub. Ölkə rəhbərliyi Stalindən Köniqsberqi BSSR-ə birləşdirməyi xahiş edib. Bunun sayəsində belarusların dənizə çıxışı olacaqdı, ancaq bu zaman gərək Litva Koniqsberqin Belarusa birləşməsi üçün ərazi zolağı verəydi. Stalin razılaşıb, ancaq Litva rəhbərliyi bu təşəbbüsə qarşı çıxıb. Nəticədə Köniqsberqi RSFSR-in şəhəri etmək qərarı verilib. “Ümumittifaq ağsaqqalı” Mixail Kalinin öləndə şəhərin adı dəyişdirilərək Kalininqrad edilib. Dünyada İmmanuel Kantın doğulub yaşadığı şəhər kimi tanınan Köniqsberq Kremldə bambılı kimi yola verilən partiya xadiminin adını daşımağa başlayıb. (Maraqlıdır ki, sovet dövründə adına şəhər verilmiş cani-xadimlərin, tam əksəriyyətinin adı götürülsə də Kalininin adı Köniqsberqin üzərində hələ də qalmaqdadır. Görünür, ruslar şəhərin adını dəyişdirib nə qoyacaqlarını bilmirlər, köhnə adını da qaytarmaq istəmirlər).

alman

Müharibədən sonra Köniqsberqdə 60 mindən çox alman qalıbmış. Təxminən eyni sayda adam da yaxınlıqdakı kəndlərdə və kiçik şəhərlərdə yaşayırmış. Şəhər bərpa edilməli olduğundan çox sayda fəhlə qüvvəsi lazım olub. Yerli sakinlər işə cəlb olunub. Əsir vəziyyətinə düşmüş almanların iş şəraiti çox ağır olub: onlara gündə 400 qram çörək verilirmiş. İşləməyənlər isə cəmi 200 qram çörək alırmışlar – acından ölməsinlər deyə.

Ancaq yenə də yerli əhali arasında ölüm səviyyəsi kritik həddə çatıb. 1946-cı ilin altı ay ərzində 20 mindən çox alman ölüb.

1947-ci ildə rəhbərlik yeni ərazidə asayişi bərpa etməyə və əhalinin həyatını yaxşılaşdırmağa başlayıb.
Sovet hökuməti yerli xalqların sovet həyatına inteqrasiyası məsələsini fəal şəkildə müzakirə edib, hətta yerli əhali ilə ünsiyyət üçün ruslara alman dilinin öyrədilməsi təklifi olub. Ancaq tezliklə "yuxarılar"da qərara alınıb ki, almanları sovet cəmiyyətinə qatmaq yox, əksinə, onları ölkədən çıxarmaq lazımdır. 1947-ci ilin oktyabrında miqrantların ilk dəstəsi - 30 min alman Kalininqradı tərk edib. İlk növbədə, sahilboyu və sərhədyanı ərazilər “təmizlənib”.

qacqialm-2.JPG

Bir çox almanlar, nəhayət ki, “sovet cəhənnəmi”ndən (belə adlandırırmışlar) qurtula bildiklərinə görə seviniblər. Amma doğma şəhərini tərk etmək istəməyənlər də olub. Almanların ilk dəstəsi deportasiya edildikdən sonra daha 62 min insanı ölkədən çıxarmaq lazım gəlib. Bunu etmək asan olmayıb, ona görə də köçürmə iki mərhələyə bölünüb: birincisi yazda, ikincisi 1948-ci ilin payızında həyata keçirilib. Çaxnaşma yaratmamaq üçün yerli əhaliyə yaxın gələcəkdə onları hansı aqibət gözlədiyi bildirilməyib. Deportasiya "məxfi" başlığı altında həyata keçirilib, buna görə bəzi almanlar onları nə gözlədiyini bilməyiblər.

Evlərindən çıxarılan almanlara hər ailəyə 300 kq-dan çox olmayan əşyalar götürməyə icazə verilib. Beləcə, bütün almanları 1952-ci ilə qədər ADR ərazisinə köçürmək mümkün olub. İlk deportasiya aktları kütləvi və geniş miqyaslı olsa da, lap sonda bir neçə nəfər çıxarılıb. Bəzi yerli almanlar Kalininqradda qalmağı bacarıblar. Onların bəziləri qatı kommunistlər, digərləri isə dəyərli kadrlar və mütəxəssislər olub. Bir müddət Litvada gizlənən, ad və soyadlarını dəyişib, sonra litvalı kimi öz şəhərlərinə qayıdanlar da tapılıb. Ərin rus, arvadın isə alman olduğu qarışıq nikahlar pozulub. Alman uşaqlar uşaq evlərinə göndərilib və onlara yeni sovet adları verilib.

konqi.jpg

Beləcə, Köniqsberq öz alman simasını itirərək Kalininqradlaşmağa, rus şəhəri olmağa başlayıb. Hazırda Kalininqradın yarım milyon əhalisi var. 2020-ci il siyahıyaalınmasına görə, onlardan 354 mini rus, 6300-ü ukraynalı, 5200-ü belarus, 2800-ü erməni, 1660-i özbək, 1600-ü tatardır. Bir zamanlar almanların şəhəri olmuş Koniqsberq-Kalininqradda indi əhalinin yalnız 0.2 faizi almandır. O şəhərdə təxminən bu sayda azərbaycanlı da yaşayır.

infoteka.az_7351_645d324e9ac29.jpg

Maraqlıdır ki, almanlar nə hər iki Almaniyanın birləşdiyi 1989-cu ilə qədər, nə də ondan sonra “Köniqsberq alman şəhəridir, özümüzə qaytarılmalıdır” iddiası ilə çıxış etməyiblər. Onlardan fərqli olaraq yaponlar Kuril adalarına görə Rusiya qarşısında ildə dörd dəfə məsələ qaldırırlar. Almaniya heç Polşaya qalan şəhərlərinin də adını tutmur.

Uzun sözün kəsəsi, başqa dövlətin ərazisinə tamah salan, şəhərlərini işğal və talan edən hər bir dövlət gözə almalıdır ki, məğlub olacağı təqdirdə ağır bədəl ödəyəcək. Əslində, beynəlxalq havadarları güclü olmasa, 44 günlük müharibədən sonra bizim tam ixtiyarımız çatırdı ki, xaraba qoyduqları Qarabağ və Zəngəzurun 8 rayonunun əvəzinə əz azı Mehri rayonunu Ermənistandan qoparaq və Naxçıvanl quru yolla birləşək. Ancaq biz Zəngəzur dəhlizini salam-səfa ilə, qarşılıqlı razılaşma ilə açmaq yolu tutduq.

Araz Altaylı, Musavat.com

Избранный
289
50
musavat.com

10Источники