RU

Müavinətlər kimlərə və hansı hallarda verilir?..

Azərbaycanda tətbiq edilən aylıq müavinətlərdən biri də övladlığa götürülən, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara görə ödənilən puldur. Monitorinqlər göstərir ki, bir sıra hallarda şamil olunmasına baxmayaraq, əksər valideynlər bu müavinətdən istifadə etmirlər.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə hər uşağa görə aylıq pul ödənilir. Mövcud qaydalara əsasən, övladlığa götürülən uşağa hər ay 200 manat, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa isə 600 manat ödəniş nəzərdə tutulub. Bu pullar onlar 18 yaşına çatanadək ödənilir.

Bu kateqoriyalardan olan uşaqların valideynləri şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surəti, uşağın övladlığa götürülmə haqqında şəhadətnamə və onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini yaşadıqları ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə  təqdim etməklə müavinəti ala bilərlər.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Belə bir hüququ olan, amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir. Yəni, vətəndaş son 3 ildə müraciət etməyibsə, o halda indi də müraciəti əsasında bu ödənişi almaq hüququna malikdir.

“Əmək pensiyaları haqqında” Qanuna yeni dəyişikliklər Milli Məclisin plenar iclasında 2-ci oxunuşda qəbul olunub. Yeni dəyişikliklərlə bağlı ən çox ünvanlanan suallardan biri də onun hərbiçilərin pensiyalarına necə təsiri ilə bağlıdır. Belə ki, yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. Yəni, həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq.

Yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək. Bu isə prosedurlardan keçmədən, qısa zamanda pensiya təminatına imkan verəcək.

Cavid Əkbər, “İki sahil”

Избранный
124
16
ikisahil.az

10Источники