RU

Salovyovun sevgilisini əlindən alan azərbaycanlı - Pərviz Seyidli yazır...

Kanal.az "Hekayə günü"ndə Pərviz Seyidlinin "Salovyov" hekayəsini təqdim edir.


Hər şey Salovyovun divanın altından tapdığı sancaqdan sonra başladı. Bu gümüşü, balaca sancaq onun içində yuxuya getmiş xatirələri qəfildən oyatdı... və xatirələr dörd bir tərəfdən onun üstünə hücum çəkdilər; biri boğazından yapışıb onu boğmağa başladı, biri qollarını burub sındırmaq istədi, digəri boynundan yapışıb onu yerə yıxmağa çalışdı, biri yumruqla ağzına-ağzına vurdu, bir başqası var gücüylə ayaqlarının arasına təpik ilişdirdi. Elə həmin zərbənin təsirindən Salovyov zingildəyib özünə gəldi. Ayırd eləyə bilmədi ki, neçə dəqiqədir əlində sancaq “çorta” gedib. Sancağı cibinə qoyub dərindən ah çəkdi, işə tələsdi.

Verlişi necə apardı bilmədi... sancağı, daha doğrusu sancağın yiyəsini düşünürdü - Rozanı... onu dəli-divanə edən, ağlını başından alan, sonra onu süzülmüş kapron corab kimi kənara tullayan Rozanı...


Birbaşa evə gəldi. Balaca sancaq düşmən mərmisi kimi onun ürəyinə sancılmışdı. Fikrini yayındırmaq üçün özünə qəhvə hazırladı, televizoru yandırıb gözlərini ekrana zilləsə də xeyri olmadı, ancaq onu dünüşürdü – Rozanı.

Televizorda onun işlədiyi kanalda xəbərlərin günorta buraxılışı yayımlanırdı. Xəbərləri aparan həmkarı soyuqqanlı tərzdə dünən gecə saatlarında Ermənistan silahlı qüvvələriylə Azərbaycan ordusu arasında müharibə başladığını dedi. Salovyov duruxdu... Bu xəbəri gözləmirdi demək yalan olardı. Ancaq belə tez başlayacağını bilmirdi. Amma yenə də təəccübləndi. Öz-özünə dodaqaltı pıçıldadı: “Deməli, başladı...”

Bu xəbər Vladimirin içində özünün də bir anlıq səbəbini bilmədiyi bir sevinc hissi yaratdı. Üstündən ayırmadığı planşetində bütün xəbər saytlarında “gəzişdi”, əlaqələrini işə salıb müharibə haqqında məlumatlar əldə etməyə çalışdı. Bütün bunları elə maraqla edirdi ki, elə bil, həyatından bundan vacib bir şey yox idi. Aldığı xəbərlərsə o qədər də ürək açan deyildi. Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr vururdu. Bu, Salovyovu əsəbiləşdirdi. Amma ümidini itirmədi, müharibə hələ təzə başlamışdı. Sabahkı verlişinin mövzusu bəlliydi - Müharibə! Salovyov əlindən gələni edəcəkdi ki, Ermənistan qalib gəlsin, ən azından informasiya, media cəbhəsində...

Hə, əsl qisas vaxtı, intiqam zamanıydı: “Deməli, Ermənistanla Azərbaycan müharibə eləyir, hə, eləsin, mən də bilirəm neyləyəcəm”.

Aparıcı bu düşüncələrlə keçən ay ad günündə ona hədiyyə edilən konyakı başına çəkdi. Xəbər saytlarından müharibənin getdikcə şiddətləndiyini oxuduqca daha da qızışır, konyakdan içirdi.

Sancağı əlində sıxıb səndələyə-səndələyə eyvana çıxdı, içkiliydi, siqaret çəkmək istəyirdi, nə qədər axtardısa siqaretini tapa bilmədi. Əsəbiləşdi. Birdən yadına düşdü ki, o üç ay idi siqareti tərgitmişdi. Hə, müharibə onun başını xarab eləyib. Bütün günahlar Rozada idi, bir də o... Salovyov hiss elədi ki, onun adını dilinə gətirmək istəmir.

Bu dəqiqə onun üçün ən vacib məsələ Azərbaycanın məğlub olmağı idi. Vladimirin dumanlı beyninə indi çatırdı ki, bu müharibə onun həyatının mənasına çevrilib. Ancaq bu müharibənin nəticəsindən asılı olaraq o, özünü bütöv insan kimi hiss edəcək. Bu hiss ona sevinc qarışıq qəzəb gətirdi.

O, indi keçmişi, Rozanı... Zeynalı, düşünürdü. Azərbaycana olan nifrətininin düyün nöqtəsini tapmışdı. Bu düyün nöqtəsinin iki adı var idi – Roza – Zeynal!

Roza onun işlədiyi kanalda aparıcı idi. Hər bazar yayımlanan şou proqramı aparırdı. Salovyovun neçə vaxt idi ki, gözü düşmüşdü özündən on bir yaş kiçik, nərmanazik qıza. Əvvəlcə, əyləncə vasitəsi kimi baxmışdı ona. Fikirləşirdi ki, Roza ona yox deməz. Axı o, Rusiyanın ən məşhur aparıcılarından, aparıcılar içindəsə ən ağıllılarından idi. Hər halda özü belə düşünürdü. Roza haqqındasa fikirləri düz çıxdı. Elə birinci gündən - Vladimirin ona kofe içmək təklifindən – onların münasibəti yarandı.

Birinci gün içdikləri kofeni ikinci gün şampan, üçüncü gün viski, dördüncü gün isə Salovyovun arvadından ayrıldığı gündən bu yana tək yatdığı yataq əvəz elədi. Və onlar oldular sevgili...

Rozayla olan sevgi macərası ona aldığı bütün zədələri unutdurmuşdu, ya da qismən unutdurmuşdu. Birinci uğursuz evliliyinin əsas səbəbi artıq onun gözündə öz dəyərini itirmişdi. O, artıq keçmiş arvadı Tanyanın dediyi kimi heç də “zəif kişi” deyildi. Deməli, o, əsl kişiydi. Axı, Roza ondan razıydı. Hər halda Salovyov bunun üçün dəridən-qabıqdan çıxırdı, bütün gücündən istifadə edirdi ki, Roza ondan razı qalsın. Bəzən buna nail olurdu, bəzən yox. Amma buna baxmayaraq, Roza bunu heç vaxt onun üzünə vurmurdu. Hətta bir gün uğursuz keçən cəhdlərdən sonra Roza məhəccərə söykənib siqaret tüstülədəndə pıçıltıyla Salovyova onu sevdiyini demişdi. Salovyov həmin gecə özünü dünyanın ən xoşbəxt adamı saymışdı. Düzdü, bu xoşbəxtlikdə bir çimdik utancaqlıq da var idi. Amma olsun... axı onlardan başqa heç kim bilmirdi ki, məşhur aparıcı gecələr necə əziyyət çəkir. Özü yaşda kişilər ona həsəd aparırdılar ki, onun belə gözəl sevgilisi var.


Rozayla evlənməsələr də, artıq bir yerdə yaşayırdılar. Vladimir tez-tez ona bahalı hədiyyələr alırdı. Öz zəifliyini bu yolla kompensasiya etməyə çalışsa da, içində gizlətmək istəsə də, həqiqət dəyişmirdi. Çünki Rozaya gündüzlər bahalı hədiyyələr zövq verə bilərdi, gecələrsə ona əsl kişi lazım idi. Vladimirin də ilişdiyi yer bura idi. Getdikcə heç bir şey edə bilmirdi. Qorxurdu bir gün Roza yataqda onun bütün çəkdiyi əziyyətləri göz ardı edib deyəcək ki, Vladimir, səndə heç nə alınmır. Amma hələ ki, Roza Vladimirin eqosuna sığal çəkir, yataqda ona sözün əsl mənasında əlindən gələn köməyi edirdi. Çifayda. Salovey öz rozasının qoxusunu içinə çəkə bilmirdi ki, bilmirdi.

Bütün bunlar aparıcının psixikasına təsir edirdi. Ona elə gəlirdi ki, Roza onun üzünə heç nəyi vurmasa da, hər gecə ondan narazı qalan kimi səhər gözünü başqa kişilərə dikir. Bütün bunları fikirləşəndə Vladimir qəzəbdən od tutub yanırdı. Uğursuz yataq əməliyyatlarından sonra psixikası darmadağın olan aparıcı duş kabinəsində yerə çömbəlib onu xəcalətli eləyən kiçik dostunu “qabağına qoyub” az məzəmmət etməmişdi. Bunun heç bir xeyri yox idi. Məşhur aparıcının kiçik dostu batareyası ölmüş mikrofonlar kimi heç kimə, heç nəyə lazım deyildi...

Salovyovun əsl faciəsi isə hələ qabaqdaydı. Belə baxanda onun qabaqla bağlı olan hər şeylə problemi var idi.

Zeynalın onlardan bir mərtəbə yuxarı köçməsi Salovyovun qorxulu yuxularının başlanğıcı, paranoik həyatının əvvəli idi.

Təzə qonşularının üzünə baxanda qafqazlı olduğunu bilmək olurdu. Belə bir bahalı binaya köçüb yaşaya bilirdisə, deməli, imkanlı adam idi. Bu tək yaşayan, yaraşıqlı, imkanlı oğlan gündüzlər evdə az tapılsa da, gecələr evə gəlirdi, özü də tək yox qonaqlarıyla... Sarışın, qaraşın, qumral, qısasaç, uzunsaç, kürən, buruqsaç qonaqlar.

Salovyov elə birinci gün onun kim olduğunu maraqlanmışdı. Adı Zeynal idi. Azərbaycanlı idi. Master Zeynal deyirdilər. Maraqlısı bu idi ki, Zeynal usta deyildi. Alverçi idi. Moskva bazarlarının birində bir neçə “toçka”sı vardı. Ancaq öz işini - yəni ticarəti ustalıqla bildiyinə görə ona master Zeynal deyirdilər. Master Zeynal təkcə ticarətdə master deyildi...

Zeynalın yuxarıya köçməsi Salovyovun əzabını iki qat, üç qat, hətta on qat artırmışdı. Vladimirlə Roza viaqranın da haraya çatmadığı, Rozanın Vladimirin özünü kişi kimi hiss etməsi üçün etdiyi bütün əməli işlərin faydasız olduğu uğursuz keçən gecə əməliyyatlarından sonra gözlərini tavana dikirdilər. Tavanın o üzündəsə elə bil müharibə gedirdi. Azərbaycanlı qonşuları bir mərtəbə yuxarda əsl performans sərgiləyirdi. Hər gecə evə gətirdiyi qonaqların çığırtısı, çarpayının, ayaq səslərinin tappıltısı Salovyovu utandırırdı. Arada ona elə gəlirdi ki, tavandakı lüstr yellənir. Müasir göydələnin tavanı belə keyfiyyətsiz ola bilməzdi. Yəqin ki, lüstrün yellənməyi Salovyovun əsəbdən və xəcalətdən dumanlanmış gözlərinə görünürdü.

O, Rozaya tərəf baxmağa utanırdı. Ona elə gəlirdi ki, ehtirasdan alışıb yanan Roza bu dəqiqə bir mərtəbə yuxarıda olmaq istəyir. Həmin buruqsaç qızın yerində, həmin çarpayıda özü uzanmaq istəyir. Gözləri önündə Rozanı o azərbaycanlı oğlanın qolları arasında təsəvvür eləyirdi; Zeynal onun Rozasının saçlarından tutub dartırdı, Roza yuxarıdakı buruqsaç qız kimi qışqırırdı, amma bu ağrı ona əzab yox ləzzət verirdi. Bu ləzzətdən bihuş olan Roza Zeynalı qucaqlayır, dırnaqlarını onun kürəyini sancıb vəhşi pişik kimi cırmaqlayırdı.

Lüstrsə dayanmadan tərpənirdi. Salovyovu bu fikirlərdən sağa-sola yellənən lüstür ayıldırdı. O, belə xəyallar qurduğu üçün özündən utanırdı. Onun qurduğu xəyalları Rozanın da qura biləcəyini düşünəndə ürəyi ağzına gəlirdi. Bunu ağlına belə gətirmək istəmirdi. Hətta bir dəfə gecələrin birində belə şeyləri fikirləşəndə ürəyi bulandı. Yuxarıdasa top atəşləri davam edirdi. Qadın çığırtısı, gülüş səsləri, lüstrün aramsız tərpənişi və Salovyovun qurduğu xəyallar onun ürəyini bulandırıb qarnını ağrıtdı. Özünü ayaqyoluna güclə çatdıran Salovyovun bu dar yerdə çarəsizlikdən gözləri yaşardı. Elə bil ki, bu azərbaycanlı ona Tanrı tərəfindən göndərilən bir lənət idi. Axı nə istəyirdi ondan? Niyə onu hər gecə yerin dibinə salıb çıxarırdı. Nə olar ki, indi “güclü” kişidi. Gərək hər gecə hoqqa çıxartsın? Niyə başqalarını fikirləşmir axı. Birində olar. Birində yox da. İndi belə edəndə Rozanın da ürəyi istəyir axı.

Gözlərini tualetin tavanına dikdi, tavandakı qara lüstür hələ də başının üstündəydi, elə hey yellənirdi. Gözlərini bir neçə dəfə yumub-açdı, qara lüstür hələ də oradaydı. Salovyov ağlamağa başladı. Axı bu lüstr ondan nə istəyirdi. Salovyov lüstrü görməmək üçün gözlərini tavandan çəkib aşağı zillədi. Gözləri kiçik dostuna sataşdı. Nifrətlə ona baxıb: “günah səndədi” pıçıldayıb yumruğunu düyünləyib vurmaq istədi, amma ürəyi gəlmədi, bacarmadı.

Lüstr Salovyovun kabusuna çevrilmişdi. Hara gedirdisə gecələr başının üstündə yellənən lüstrü görürdü. Neçə dəfə efir vaxtı qışqırıb: “bu lüstrü sökün” deyə qışqırmışdı. Kanalda söz gəzirdi ki, Vladimirin başına hava gəlib.


Bəzən yatağa girəndə oğrun-oğrun Rozanın üzünə baxırdı. Onun cizgilərindən nəsə oxumaq istəyirdi, ancaq heç nə oxuya bilmirdi. Qonşusu isə dayanmırdı, elə bil, yuxarı mərtəbə aşağı mərtəbəyə qarşı müharibə elan etmişdi. Hər gün guppa-gup atırdı.

Salovyov bunları fikirləşdikcə əsəbdən od tutub yanırdı. Özünü heç vaxt belə çarəsiz hiss etməmişdi. Haradan gəlib çıxmışdı axı bu Azərbaycanlı oğlan. Yuxarı mərtəbədən hər dəfə səs gəldikcə, tavandakı lüstr hər dəfə həyasızca yelləndikcə özünü doğrudan da müharibədə hiss edirdi. Yuxarıda düşmən qüvvələri topla onu atəşə tutublar. Onun səngəri darmadağındır. Bir azdan onu öz torpağından (otağından) çıxaran düşmən onun vətəninə - Rozasına sahib çıxacaq. Salovyov bu müharibədə Rozanı uduzacaq... Çox keçmədi ki, belə də oldu...

Roza çoxdan bezmişdi ondan. Bezməkdən daha çox yorulmaq idi onunku. Vladimirin ona etdiyi köməkliklərə, kanalda yaratdığı şəraitə görə dözürdü. Ancaq hər şeyin bir həddi var idi. Roza hər gecə ona fəhləlik etmək istəmirdi. Özünü qadın kimi hiss etmək istəyirdi. Bu isə Salovyovla mümkün deyildi. O, bu evdə, bu yataqda Salovyovun kiçik dostunun köməkçisi idi, vəssalam.

Hər gecə üst mərtəbədəki atəşfəşanlıq Rozanın ağlını başından alırdı. Özünü nə qədər soyuqqanlı aparmaq istəsə də, gecələr yuxarı mərtəbədə buruqsaç qızın, sarışın qızın, qumral qızın yerində olmaq istəyirdi. İstəyirdi cavan qonşusu onu qucaqlasın, hər gecə onun yatağında başqası yox məhz özü qışqırsın. Əfsus ki, tale ona özündən yaşda böyük problemli birini bəxş eləmişdi. Axı karyera hələ heç nə demək deyil. O qadın kimi də xoşbəxt olmaq istəyirdi... Elə ona görə də Zeynalla tanış oldu.

Blokda tanış oldular. Salovyovun pullarını göyə sovurmaqla özünü sakitləşdirən qadın əlindəki böyük paketlərlə bloka girəndə Zeynal da özünü içəri atdı.

- Kömək lazımdı? – dedi.

Bu arxayın səsə çevrilən Roza ona baxan kimi əridi.

- Əslində pis olmaz – əllər paketləri ona uzatdı...

Bu tanışlıq növbəti görüşlərin açarı oldu. Roza artıq istədiyi mərtəbədə istədiyi yataqda, istədiyi kişinin qucağında idi.

Zeynala - bu qafqazlı, müsəlman oğlana vurulmuşdu. Roza neçə ildən sonra əsl kişi görmüşdü. Məsələ heç də Zeynalın onu yataqda göylərə uçurtmasında deyildi. Zeynal onun xəyalındakı kişiydi. Bəzən çox diqqətcil, bəzən çox etinasız, bəzən müdrik, bəzən zarafatcıl - bir sözlə əsl kişini Zeynalda tapmışdı Roza. Roza cəh-cəh vuran Saloveydən yorulub zirvəyə (üst mərbəyə) qartalın yanına gəlmişdi.


Vladimir isə başqa planlar qururdu. Evi satıb buradan köçəcəkdi. Başqa bir evdə, lüstrü yellənməyən otaqda Roza ilə xoşbəxt olacaqdılar. Onun dünyadan xəbəri yox idi. O qədər xəbəri yox idi ki, Roza evlərinə baş çəkmək adıyla bir neçə gün Zeynalın evində qalmışdı. Salovyov tək yatdığı gecələrdə yuxarıdan gələn səslərə görə həm Zeynalı həm də onun yatağındakı fahişəni bildiyi bütün söyüşlərlə söyürdü. Həmin fahişə dediyinin Roza olduğundan xəbərsiz idi, əlbəttə...

Bir həftədən sonra Roza çamadanlarını yığıb Salovyovun sifətinə zillədi baxışlarını.

- Gedirəm!

- Hara – çaşqın halda dillənən Salovyov onun üzündəki qətiyyəti sezdi.

- Ayrılırıq – sərt deyilən bu söz bir müddət havada asılı qaldı.

Salovyov bir gün bunun baş verəcəyini sövq-təbii hiss etmişdi. Amma qəfildən bu söz ona güllə kimi dəymişdi. Gücü bütün otağı dağıtmağa çatdı. Roza sakitcə otaqdan çıxanda Salovyovun sözü onun kürəyinə dəyib cingiltiylə yerə düşdü:

- Qəhbə!

Roza çevrilib onun gözlərinə baxdı. Bir kəlmə də demədi. Sükut qara lüstr kimi otaqda yelləndi.

Salovyov bir neçə gündən sonra blokda Zeynalla Rozanı bir yerdə görəndə hər şeyi anladı. İstədi, ikisini də söysün, Zeynalın üstünə cumub onu yumruqlasın. Zeynalın hündürboyuna, qaraşın sərt sifətinə baxanda başa düşdü ki, bunu edə bilməyəcək. O, Zeynalın gözlərinin zəhmindən qorxuya düşmüşdü. Heç nə demədən onların yanından səssizcə ötüb keçmişdi.

Sabahdan artıq başqa evə köçəcəkdi. Evini dəyər-dəyməzinə satmışdı, təki onlardan, üst mərtəbədən, qara lüstrdən uzaq olsun.

Gecə yenə həngamə başladı. Onun sevdiyi qadın Zeynalın yatağında idi. Salovyov əvvəlcə əsəbiləşsə də, daha sonra gözlərini yumub özünü Zeynalın yerində təsəvvür etdi. Zeynal Rozanı qışqırtdıqca o da həzz almağa başladı. Öz edə bilmədiklərini Zeynalın vasitəsilə həyata keçirən Salovyov həmin gecəni rahat yatdı. Başının üstündə lüstr də tərpənmədi.

Altı ay idi ki, evini satıb köçmüşdü. Salovyov indi-indi özünə gəlir, dirçəlirdi. Ağrılarını unutmağa çalışırdı. Ta ki divanın altındakı gümüşü sancağı tapana qədər... o bu sancağı köçən gün kamodun üstündən götürmüşdü.


...Yuxudan onu baş ağrısı oyatdı. Divanda elə paltardaca yatıb qalmışdı. Əl-üzünü yuyub işə getdi.

Azərbaycan döyüşdə üstünlüyü ələ keçirmişdi. Top atəşləri erməni ordusunu darmadağın edirdi. Salovyov bir mənalı olaraq müharibədə Azərbaycanın məğlubiyyətini istəyirdi. Onun üçün Azərbaycanın uduzmağı Zeynalın uduzmağı idi, Rozanın uduzmağı idi.
Veriliş başlayan kimi Salovyov Azərbaycan tərəfinin haqsız olduğunu, ermənilərə qarşı aqressor kimi davrandığını bildirdi. Azərbaycanı nəyi var pislədi.

Verilişdən sonra hiss elədi ki, bir qədər rahatlaşıb. Veriliş boyu elə bilirdi, Zeynalla üzbəüz dayanıb, o vaxt Zeynala deyə bilmədiklərini sanki indi deyirdi. Bu, Salovyovu sakitləşdirirdi.

Axşam kafedə kofesini içib telefonda yeni xəbərləri gözdən keçirirdi. Verlişinin rejissoru, dostu Saşa onun başının üstünü kəsdirdi:

- Olar?

Salovyov sakitcə yer göstərdi. Bu həmin Saşa idi ki, Salovyov kimi qapalı adamı danışdıra bilirdi. Vladimir də ancaq onunla dərdləşirdi.

Onlar kofe içə-içə dağlıq Qarabağdan, Erməni-Azərbaycan müharibəsindən danışırdılar. Salovyovun Azərbaycana qarşı bu qədər sərt danışmağı onu yaxından tanıyan dostunun gözündən yayınmadı.

- Məncə, sən bilirsən niyə ermənilərin qalib gəlməyini istəyirsən – susdu – çünki özün Azərbaycanlıya uduzmusan.

Salovyov qəzəbləndi. Onunla ancaq Saşa belə danışa bilərdi. Saşa isə hələ də əyləci basmaq fikrində deyildi:

- Düz deyirəm də. Rozanı uduzdun o azərbaycanlıya. – Salovyov nəsə demək istəsə də, Saşa sözünü kəsdi – yeri gəlmişkən, Rozanı gördüm keçən dəfə. Daha doğrusu dünən. Tək idi. Bir az hal-əhval tutduq.

Roza neçə ay idi ki, işdən çıxmışdı. Salovyov beş ay idi onu görmürdü. Nə qədər eləsə də, özünü saxlaya bilməyib soruşdu:

- Məni soruşdu?

- Yox! – dostu qəti səslə dedi, əlavə elədi - əksinə, mən soruşdum. Dedim şəxsi həyatda nə var-nə yox? Tək olduğunu dedi. Soruşdum ki, bəs o master Zeynal deyirdilər, biznesmen ayrıldız? Dedi ki, yox, ayrılmamışıq. Mən ondan heç ayrılaram? Müharibənin iyini alan kimi könüllü döyüşmək üçün Azərbaycana qayıtdı. – Saşa bunu deyib fincanı başına çəkdi.

Salovyovun gözlərində qəzəb parıldadı: “deməli, gedib müharibəyə. Qoy getsin. Ermənilər onu parça-tikə eləyəndə deyərəm mən.”

Salovyov bunları fikirləşdisə də yenə nəsə özünü yarımçıq hiss elədi. Qəribəydi. Elə bil Zeynalın könüllü cəbhəyə getməsi onu bir az da əskiltmişdi...

Efirdə aparıcının ağzından alov tökülürdü. Salovyov Türklərin erməniləri soyqırımı etməsindən danışır, danışdıqca qızışırdı:

- Hə, budur, Azərbaycanlılar bu balaca, kimsəsiz xalqın üstünə düşüb. 1905-də onları bir qırdırlar, 1915-də yenə soyqırımı elədilər. Bu türklərin ürəyi soyumadı, 1918-ci ildə yenə bu kimsəsiz xalqı qırdılar. 1988-93-cü illər başlarına oyun açdılar. Və indi. İndi bu gün Türkiyə ilə birləşib Erməniləri öldürürlər. Hara baxır bu dünya?! Baxın, baxın bu kadrlara, görün Azərbaycanlılar özlərinə aid olmayan bir yerdə bu xalqa nələr edirlər – deyib qəzəbdən od saçan gözlərini studiyadakı geniş ekrana zillədi.

Ekranda Azərbaycan ordusunun dronları, topları erməni postlarını, tanklarını, silahlı qüvvələrini bombalayırdı. Salovyov kadrlara baxdıqca yadına Zeynalın gecələr onun lüstrünü yellətməsi düşdü. Həmin qara lüstr gəlib başının üstünü kəsdirdi. Azərbaycan ordusunun atdığı toplara baxdıqca elə bilirdi ki, gecədi, yenə də yatağında uzanıb yuxarı mərtəbədə isə Zeynal Roza ilə bir yerdədir. Hər top atdıqca Salovyov elə bilirdi bu səslər cəbhədən yox ondan bir mərtəbə yuxarıdan gəlir. Salovyov bunları düşündükcə bir az da özündən çıxır, öz ölkəsinin rəhbərliyini köməyə çağırırdı. Lüstrsə dayanmadan, sürətlə yellənirdi. Nə qədər etsə də, qara lüstr yoxa çıxmır, əksinə, var gücüylə yellənirdi.

Gecə yorğun halda evinə qayıdan Salovyov yataq otağına keçdi. Yatağa uzanıb planşetdə xəbərlərə göz gəzdirdi. Azərbaycan döyüşün ilk günlərindən üstünlüyü ələ keçirmişdi. O, ah çəkib gözlərini tavana zillədi. Qorxurdu ki, birdən bu evdəki lüstr də yellənər. Lüstr yellənmirdi. Sakitlik idi. Təkcə planşetdən Azərbaycan ordusunun toplarının, dronlarının səsi eşidilirdi. Qəfildən onun gözləri bərəldi. Ona elə gəldi ki, o topları ermənilərə atan məhz Zeynaldı. Başqa heç kim. Necə ki, əvvəllər Zeynalın “top atışları” onun tavanını silkələyir, lüstrünü yellədirsə, indi də topları erməni tərəfə tolazlayır.


Gözlərinin qabağında başqa bir mənzərə də canlandı: gördü ki, Roza da onun yanındadır. Zeynal topların ipini çəkib düşmənə atdıqca Roza ona baxıb qışqırırdı:

“Əhsən, sənə Zeynal, sən həm həyatda, həm yataqda, həm də cəbhədə əsl kişisən!”

Salovyovun nəfəsi daraldı, yenə qara lüstr gözlərinə görünməyə başladı. Lüstr fasiləsiz, sürətlə atılan topların müşaiəti ilə yellənirdi. Gözlərini yumub açsa da, bir xeyri olmurdu. Lüstr bir an da dayanmadan yellənir, üst mərtəbədən Rozanın səsi onun otağına yayılırdı:

“Əhsən, sənə Zeynal, sən həm həyatda, həm yataqda, həm də cəbhədə əsl kişisən!”

Kulis.az

Избранный
80
50
kanal.az

10Источники