RU

Cehizinin pulu ilə aborta gedən Mələyin faciəsi – Yeni pandemiya hekayə

Kanal.az şair-yazıçı Sevinc Elsevərin yeni yazdığı “A quşlarım, getməyin” hekayəsini təqdim edir.


Göyəzən dağı hündürlükdə bir dağın ətəyində idi. Dağın yamacı yamyaşıl otlarla örtülmüşdü. Hər tərəfdə rəngbərəng güllər dizəcən qalxmış, ağaclar çiçək açmışdı. Quşların səsi aləmi başına götürmüşdü. Adını bilmədiyi, amma səsini əvvəllər də eşitdiyi bir quş durmadan ötürdü. Kəpənəklər burnunun ucunda uçuşurdu.

Dağın yamacı adamla dolu idi. Hamı rəngbərəng paltarlar geyinmişdi. Qızların allı-güllü donları güllərdən seçilmirdi. Onların arasında ancaq ailə üzvlərini, bir də Hünəri tanıyırdı. Yerdə qalanları tanımırdı, amma nədənsə hamı çox doğma gəlirdi. Mələk ilk dəfə gördüyü üzlərə diqqətlə baxır, adamları tanımağa çalışırdı.

Hünərlə əl-ələ tutmuşdular. Mələk qardaşından utanırdı, ancaq nədənsə əlini Hünərin əlindən çəkə bilmirdi. Qəfildən aləm zülmət qaranlığa büründü, əli oğlanın əlindən çıxan Mələk Hünərin adını çağıra-çağıra qaldı. Hünər də onu çağırırdı. Qardaşının da səsini eşidirdi, anasının da fəryadını duyurdu. Ancaq getdikcə hamının səsi uzaqlaşırdı. Doğma səslər yad adamların səsinə qarışırdı. Bir azdan Hünərin səsi də eşidilməz oldu.


Mələk Hünəri çağıra-çağıra oyandı. Bütün bunların yuxu olduğuna sevindi. Yanında şirin-şirin yatan anasına baxdı. Yorğan anasının sinəsindən sürüşüb aşağı düşmüşdü. Anasının üstünü örtüb, mətbəxə su içməyə getdi. Axşamdan tökülən suyu hələ də ilıq saxlayan qəhvədandan su töküb içdi.

Qardaşı yatan otağın qapısı aralı idi, sivişib içəri girdi. Fərid qulaqcıq qulağında yuxulamışdı, qulaqcığın uclarını qardaşının qulaqlarından ehtiyatla çəkib çıxartdı, səhər yuxusuna haram qatmaq istəmirdi, telefonunu götürüb yatağın yanındakı stulun üstünə qoydu. Gəlib yerinə girdi, dünya dağılsa da, yatıb yuxusunu almalıydı. Səhər tezdən işə gedəcəkdi. Hələ zəngli saatı qurduğu vaxta iki saatdan çox qalırdı. Gördüyü yuxunu yadından çıxartmağa çalışdı.

Bu dəfə də onu səhər yeddiyə qurduğu zəngli saat oyatmağa macal tapmadı. Mələk yuxudan hövlnak ayılıb yerinin içində oturdu. Yuxusunun davamını görmüşdü. Buna öyrəncəli idi, bəzən unutmağa çalışdığı yuxularının ya davamını görürdü, ya da təkrarını.

Yamacdakı gözəllikdən, yaşıllıqdan, şadyanalıqdan əsər-əlamət qalmamışdı. Göyəzən dağı hündürlükdəki dağ uçaraq ətəyindəki hər şeyi məhv eləmişdi. Mələk dəhşətlə ətrafındakı xarabalığa baxırdı. Orda-burda onun kimi sağ qalan adamlar vardı, hamısı yaxınlarını axtarırdılar. Mələk də çığıra-çığıra Hünəri səsləyirdi.

Yerindən sıçrayıb yatağının baş ucunda divara vurduğu təqvimə cumdu. 2020-ci ilin təqvimi Göyəzən dağı hündürlükdə bir dağın şəkli fonunda verilmişdi, dağ da yerində dururdu, yaşıl çəmənlik də, güllər, çiçəklər də. Mələk fevral ayının təqvimində qırmızı qələmlə haşiyəyə aldığı tarixə bir də baxdı, gah barmaqları ilə günləri hesabladı, gah ürəyində “qorxduğum başıma gəlsə, neyləyəcəm?”, - deyə pıçıldadı.


Evdən çıxanda da yuxusunu düşünürdü. Nə qədər xatırlamamağa cəhd edirdisə, bir o qədər çox yadına düşürdü. Ürəyi yaman narahat idi. Nənəsinin pis yuxu görəndə dörd yol ayrıcına pul salmağını xatırladı. Elə sevindi, elə bil kürəyindən yük götürüldü. Mələk dayanacağa aparan yola boylandı. Bu yolu dörd yol ayrıcı hesab etmək olarmı deyə, - düşündü. Bəli, bu yolu başqa bir yol da kəsirdi. Ancaq Mələyin qanı qaraldı. Həmin yolla balaca-balaca uşaqlar gəlib-gedirdi, bu yol məktəbə aparırdı. Bir-iki qadın da uşaqlarının əlindən tutub o yolla getməkdə idi. “Yox, başımın-gözümün sadağası olsun deyib bu yola pul ata bilmərəm, birdən onu tapan uşaqlara xətər yetirər”, - fikirləşdi.

Xəstəxanaya çatana qədər Mələyin gözü dörd yol ayrıcı gəzdi. Tapdığı dörd yol ayrıclarının çoxu da adamla dolu olurdu. Günah iş tuturmuş kimi Mələk ovcundakı qəpikləri atmaqdan çəkinirdi. İşə gedib çatandan sonra yuxusunu da, dörd yol ayrıcını da unutdu. Bir də axşam evə qayıdıb kurtkasını soyunanda, kurtkanın ciblərindəki qəpiklər cingildəyəndə, həm dörd yol ayrıcına pul salmadığını xatırladı, həm yuxusunu yadına saldı. Kefi əməllicə pozuldu.


Bütün axşamı gördüyü yuxunu unutmağa çalışdı. Anasının “fikrin-zikrin hardadı”, - sualından yayınmaq üçün cavablar aradı. Hansı qonşudasa uşaq ağlayırdı. Mələyin ürəyi sıxılırdı, o uşaq görəsən niyə belə möhkəm ağlayır? Bəlkə anası döyür, bəlkə elə başını yuyur? Bircə onu bilirdi ki, uşağın səsi ürəyinin başını oyur. Az qalırdı o uşağa qoşulub ağlasın! Az qalırdı ayağa durub evin bütün divarlarını yumruqlasın: ”Anası, ağlatma o uşağı! Atası, ağlatma o uşağı! Tanrısı, ağlatma o uşağı!”...

***

Son günlər yan-yörəsindəki hər kəs panika içində idi: ailə üzvləri, qonşuları, qohumları, iş yoldaşları. Hamı neçə vaxtdan bəri sosial şəbəkələrdə, gündəlik həyatda haqqında danışılan, adı xəbər başlıqlarından düşməyən yoluxucu bir virusun artıq qonşu ölkədə yayılmağından, yüzlərlə can almağından bəhs edirdi. Halbuki xəstəlik hələ uzaq Çində olanda, heç kim belə narahat olmurdu. “Vatsap”da adamlar bir-birinə qorxulu görüntülər atır, biri-birinin zəhrini yarmaqdan sanki həzz alırdılar. Öskürən, asqıran adamlara az qala düşmən kimi baxırdılar. Bir dəfə Mələk avtobusda gedəndə necə oldusa çəçidi, adamları narahat etməsin deyə öskürməməyə çalışdı. Az qala boğulmuşdu, onun yerinə tibbdən başı çıxmayan başqa biri olsaydı, elə ordaca öz tüpürcəyində boğulub gedəcəkdi.

Toyuna az qalırdı, Mələk bütün fikrini toya yönəltmək istəyirdi. Cehizin çatışmayan şeylərini almaq, yarımçıq qalan işləri tamamlamaq lazım idi. Düzdür, hələ nişanlısı ev-eşik əldə eləyə bilməmişdi. Bir müddət, bəlkə də illərlə kirayə yaşamalı olacaqdılar. Ancaq Mələk cehizində lazımi bütün avadanlıqların olmasını istəyirdi. O şeyləri ki, onlarsız keçinmək çətin olardı. Ət maşını, paltaryuyan, qabyuyan, soyuducu, tozsoran və bu kimi başqa malları alıb yığmaq üçün günlərlə mağazaları dolaşmışdı. Bəzilərini öz adına, bəzilərini anasının təqaüd kartıyla kredit götürmüşdülər.

Anası da çalışırdı ki, Mələyə babat cehiz versin. Atası onlardan ayrılıb, onlara baxmır deyə, Mələk özünü boynubükük hiss etməsin. Tələbə olan qardaşı özü evdən xərclik istəsə də, lüzumsuz yerlərə pul dağıdan uşaq deyildi. Bu mənada, Mələk anasından da, qardaşından da yarımışdı.

O, həm də Hünərdən yarımışdı. Həmişə rəfiqələrinə, işdəki qızlara da deyirdi ki, belə oğlanı Tanrı özü qarşısına çıxardıb, bir sözlə bəxti gətirib. Qızlar da bir ağızdan deyərdilər:

- Hünər getsin bir yesin, iki paylasın, sənin kimi qıza rast gəlib. Onun bəxti səndən də artıq gətirib!

Demək olar, aldıqları əşyaların çoxunu Hünərin təzə kirayələdiyi mənzilə daşımışdılar. Mələklə bir yerdə neçə mənzilə baxmışdılar. Bayılda, dağın yamacında yerləşən, pəncərəsindən dənizin mənzərəsi görünən evi Mələk daha çox bəyənmişdi. Qiyməti də ciblərinə uyğun idi.

Toya üç həftə qalmış gələcək qaynana da kənddən gəlib oğlunun tutduğu təzə evə yerləşmişdi.

***

Mələk xəstəxanaya gedəndə evi, evə qayıdanda xəstəxananı unutmağa çalışırdı. Ancaq son vaxtlar evdə də xəstəxananı, orda gəzən söz-söhbətləri düşünürdü. Qonşu ölkədə koronovirus yayılmağa başlayandan tibb işçiləri öz aralarında narahat-narahat pıçıldaşırdılar. Adamlar qonşu ölkəyə dini ziyarət üçün, bəzən də həkimə gedirdilər. Düzdü, bu, yerli həkimlərin xoşuna gəlmirdi, amma insanların qarşısını almaq da olmazdı. Bəziləri qonşu ölkənin həkimlərinin əllərindəki şəfaya inanırdılar.

Getdikcə sərhədlər bağlanır, xaricdən gələn tələbələr, iş adamlarının əksəriyyəti karantin altına alınırdı. Mələyin işlədiyi şöbədə də artıq həkimlərə, tibb bacılarına ehtiyatlı olmaq tapşırılmışdı, müayinəyə gələn xəstələrlə xüsusi kamuflyaj geyimlərdə, qoruyucu maskalar taxıb ünsiyyət saxlayırdılar. Mələk temperaturunu, təzyiqini müayinə etdiyi xəstələrdən özünü qorumaq məcburiyyətində idi. Artıq evə getməyə də qorxurdu. Evdəkiləri yoluxdurmaqdan ehtiyatlanırdı. Hünərdən ötrü çox darıxsa da, yorğunluğunu bəhanə gətirərək onunla tez-tez görüşməkdən boyun qaçırırdı.

Bir müddət sonra xəstəxana heyətindən heç kimin evə getməyinə icazə verilməyəcəkdi. Tibb personalı xüsusi avtobuslarla qaldıqları otellərdən götürüləcək, xəstəxanaya aparılacaq, 8 saatlıq iş saatı bitəndən sonra otelə qaytarılacaqdılar. Həkimlərin, tibb bacılarının çətin günləri qabaqda idi.

Mələyin köməkçisi olduğu Ulduz həkim həftələrdi yeganə oğlu ilə görüşə bilmirdi. İlk vaxtlar oğlunu yoluxdurmaqdan qorxaraq, uşağı kəndə anasının yanına yollamışdı. Həm özü daxilən rahat olsun, hər gün “görəsən uşağımı yoluxdurdum, yoxsa yox?!“ qorxusuyla yaşamasın, həm də uşağı real təhlükədən uzaq saxlasın deyə. Belə vaxtlarda kənd həyatı daha yaxşıdır. Geniş həyət evinin bağ-bağatlı yan-yörəsində gəzib-dolaşmaq, açıq havada, günəşin altında vaxt keçirtmək uşağın sağlamlığı üçün də vacibdir. Ancaq Ulduz uşağın həsrətindən yanıb–tutuşurdu. Mələklə dərdləşirdi: “Balana nə qədər uzaqdan baxasan? Telefonun ekranından əlini salıb nə saçına tumar çəkə bilirsən, nə əlini tuta bilirsən. Nə xoşbəxt imişəm! Balamı qucaqlayıb yatmağım nə böyük bəxtəvərlik imiş! Kitabları zadı da hamısı qalıb evdə, müəllimi də hər gün uşaqlara “online” dərs keçir. Sağ olsun, uşaqların dərslərdən geri qalmağını istəmir! Nə mən yanındayam dərslərində kömək edəm, nə kitabları. Anam da qoca arvaddı, telefondan, internetdən çox da başı çıxmır. Öyrəndiyi bircə “vatsap”dı. Heç bilmirəm hər şey necə olacaq?”

***

Oğlan evi toy həvəsindəykən, kənddən bəd xəbər gəldi. Hünərin nənəsi ağır xəstələndi, dedilər can üstündədi, qızını görmək istəyir.

Hünərlə anası yığışıb rayona yola düşdülər. Hünər yola düşməmişdən bir neçə saat qabaq xəstəxananın yaxınlığındakı parkda Mələklə görüşdü. Mələk əlində əlcək, üzündə maska görüşə gəlmişdi. Oğlan onu görəndə əlini atıb maskanı çıxarmağa çalışdı.

- Bu nədi? Üzünü niyə gizlətmisən? – Hünər güldü, “Üzünü məndən nihan еtmək dilərsən, еtməgil!”

Hünər şeir həvəskarı deyildi. Nəsimidən misal çəkdiyi misranı ötən il boyu dəfələrlə eşitmişdi deyə yadında qalmışdı. Bundan əvvəlki il “Nəsimi ili” elan olunmuşdu, bütün ili radiolarda, televiziyalarda Nəsiminin şeirləri oxunmuş, sözlərinə mahnılar bəstələnmişdi.

Mələk başını yana çəkdi.

- Üzümü gizləmirəm. Belə lazımdır! Ehtiyat üçün taxmışam.

- Ay qız, özünə güldürmə məni.

- Sən deyəsən vəziyyətin ciddiliyini başa düşmürsən?!

- Boş söhbətlərdi hamısı. Bakıda virus nə gəzir?

- Kaş sən deyən kimi olaydı. Nənən nətərdi?

- Ağırdı, bacım zəng eləmişdi, deyir vəziyyətində dəyişiklik yoxdur.

- Şər deməsən xeyir gəlməz. Hünər, birdən nənənə bir şey olsa...

- Toyumuz yarımçıq qalar? – Hünərin dodağı qaçdı. Siz qızlar, qızlar! Görək arvad necə olur?! Keçi can hayındadı...

- Qəssab piy axtarır, hə? – Mələk əsəbiləşdi.

Hünər qızın xətrinə dəyməkdən qorxub zarafat elədiyini bildirmək üçün əzildi-büzüldü, min oyundan çıxdı. Ancaq Hünərin sözləri Mələyin qəlbinə pəncərəyə dolu dənəsi dəyən kimi toxunmuşdu. O, həmişə bu mövzuda əks cinsi başa düşməkdə çətinlik çəkirdi. Qızın məqsədi ərə getmək olanda deyirlər ərə getməyi güdür. Azad, sərbəst, komplekssiz həyat keçirən qızlara da pis baxırlar, deyirlər tərbiyəsi yoxdur. Hünər dünyaya qadın gəlməmişdi. O, bilmirdi ki, Şərqdə qadının dul qalmağı, yaxud evdə qarımağı şikəst qalmaq, lap elə bir gözünü itirmək kimi bir şeydir. O, həmişəlik sevgidən, isti yar qucağından, nəvazişdən məhrum olacaq! Bütün bu deyilənlərə çatmağı üçün hər bir qızın yolu beş-on kiloluq gəlinlik paltarında, hündürdaban ayaqqabıda şadlıq evinin pilləkənləriylə asta-asta, ehtiyatla yuxarı qalxmağından keçir. Büdrəyib yıxılmaması üçün də mütləq yanındakı sevgilinin, gələcək həyat yoldaşının qolundan tutması şərtdir! Yoxsa eldən-obadan icazə almadan yaşayacağı hər şeyi gözündən gətirərlər, burnundan tökərlər, hətta doğma qardaşını, atasını onun qatilinə çevirərlər, əvəzini çox ağır ödəyər. Hünər üçün “keçi can yanında, qəssab piy axtarır” demək çox asan idi... Bu sözlərlə Mələyi nə qədər incitdiyinin fərqində də deyildi.

“Onsuz da bu gün-sabah evlənirik!” - deyə israrla onu yatağa çəkən, ağlını başından alan Hünərə acıqlana da bilmirdi indi. Axı istəsə qəti şəkildə etiraz eləyə bilərdi. Lap savaşardı, dalaşardı, qırıb-tökərdi, ağlayardı, çırpınardı. Axı Mələk özü də sustalıb Hünərin qollarına axmışdı. Oğlanın isti nəfəsi od kimi boynunu-boğazını yandıranda, o od, o alov bütün cisminə, ruhuna hakim kəsilmişdi, etiraz etmək yerinə, bal əmmək üçün çiçəyin ətrafına pərvanə olan arı kimi vızıldamışdı. Onun vızıltısı bir işə yaramamışdı, Hünərin ehtirasını daha da coşdurmuş, gözünü çiçəkli bir tala boyamışdı.

Mələk hələ heç nədən əmin deyildi, şübhələrində yanıla, hamilə olmaya bilərdi. Ona görə də Hünərə şübhələri barədə heç bir söz demədi. Səbrini basıb gözləməyi seçdi. Təqvimdə qırmızı qələmlə haşiyəyə aldığı tarixdən hələ cəmi bir neçə gün ötürdü.

***

Hünərlə anası kəndə çatandan cəmi bir neçə gün sonra ölkədə toy və yas mərasimlərinin keçirilməsi qadağan olundu. Sərt karantin rejiminə keçildi . Novruz bayramında isə rayon qeydiyyatında olan adamların paytaxta, paytaxt qeydiyyatında olanların isə rayona buraxılması qadağan edildi.

Bütün bu neqativ xəbərlərin sürətlə bir-birini əvəz elədiyi günlərdə pozitiv çıxan hamiləlik testinin iki qoşa qırmızı xətti isə üstünə uzanıb qatarın gəlişini gözləyəcəyi dəmiryol xəttini xatırladırdı Mələyə. Çoxdan baxdığı bir filmdə qəhrəmanın elədiyi kimi, nə boynunu qoyardı bu dəmiryol xəttinin üstünə, qatarın gəlişini gözləyərdi?! Pozitiv sözünü özündə ehtiva edən o iki qoşa xətt Mələyi daha böyük çıxılmazlığa salırdı.

***

Xəstəxanada həyatları uğrunda çalışdığı insanlar az da olsa, başını qatırdı. Dərdini heç kimə açıb ağarda bilmirdi. Onu da dərk edirdi ki, problemi ancaq Hünərlə birgə həll edə bilər. Lap toysuz-nağarasız, yığıncaqsız evlənərlər. Onsuz da rəsmi nigahları kəsilib, elə bu bəsləridi. Həmin gündən xatirə olaraq bir neçə yaxşı şəkil də var. Hünər gələr, hamıya elan edərlər ki, karantinin bitməyini gözləmək istəmirlər, anasının tələb elədiyi dini nigahlarını da kəsdirib, bir damın altında yaşamağa başlayarlar, bununla da məsələ bitər.

Hünərin nənəsinə heç bir şey olmamışdı, sağ idi. Nənə Ölməz Koşşey kimi çoxcanlıydı. Bu neçənci “ölürəm” deyə çağırışı, adamları başına toplamağıydı. Elə bil evdə onun ölümünü gözləyənlərin acığına nənə ölmək istəmirdi. Evdəkilər bütün günü onunla məşğul idi, biri yatağına qab aparır, biri yeməyini yedirir, biri paltarını dəyişirdi. Nənə oğlunun, gəlininin, nəvələrinin üzündən hamını bezdirdiyini sezirdi. “Evimi-eşiyimi, hər şeyimi bunlara vermişəm, ehtiyaclarının çoxunu mənim təqaüdümlə ödəyirlər, hələ ölməyimi də istəyirlər”, - deyirdi baş çəkməyə gələnlərə, var-gücü ilə ölümə qarşı dirəşirdi.

Bu dəfə də nənənin “ölürəm” çağırışı yalan çıxdı, iki sistem vurdurandan, iynə-dərman elətdirəndən sonra nənə gözlənilmədən özünə gəldi. Nənənin bu cür ölüm xəbəri yayılanda, hər dəfə bir qız nəvəsini tezbazar ərə vermişdilər. Qızların ata-anaları gözaltı elədikləri adamlara xəbər salmışdılar: tez tərpənib toyu eləmək lazımdır, yoxsa ağbirçək öləcək, toy bir il də təxirə düşəcək.

Qızlar ərə getmiş, hərəsi bir-iki körpə doğmuşdu. Doğduqları körpələr iməkləyir, yeriyirdi, ancaq yaşlı qadın hələ sağ idi. Əslində bəlkə qadının indi ölməyi evdəkiləri sevindirərdi. Hazır yas mərasimləri qadağan edildiyi vaxtda ailə ağır xərcdən qurtulardı.

Nənə bu dəfə də kəfəni yırtdığına görə Hünərin artıq kənddə işi qalmırdı. O, qayıdıb şəhərə gələ bilərdi, amma karantin qaydalarına görə şəhərə gəlməyi müşkül idi. O yandan da “ölüm-dirim məsələsidir, durma, bir yolunu tapıb gəl!” –deyə Mələk onu şəhərə çağırırdı.

Hünər ha çalışdısa, Mələkdən bir söz ala bilmədi.

- Telefon söhbəti deyil! Gəl, üz-üzə danışmalıyıq! - Mələk qəti şəkildə dedi.

Hünər şəhərə getmək üçün müxtəlif çıxış yolları axtarmağa başladı. Şəhərə mal-qara gətirən bir maşınla danışdı. Sürücü maşının yük yerinə heyvanları doldurmuşdu, Hünəri də onlardan arxada ot bağlamalarının üstündə otuzdurmuşdu.

Səhər ertədən yola çıxan sürücü yuxulayaraq, sürətlə gedən maşının idarəetməsini itirmişdi, maşın yolun kənarındakı dirəyə çırpılmışdı. Hünərin içindəki təlaş elə bil sürücüyə keçmişdi, əslində tələsməklik işi yox idi. Sürücü yüngül yaralanmışdı. Hünərlə yük yerində şəhərə gedən cöngə də sağ qalmışdı. İşə bax ki, təkcə Hünər artıq bu dünyanın adamı deyildi. O, gözünü əbədi olaraq yummuşdu.

Mələk acı xəbəri xəstəxanada aldı. Onda hamı xəstəxanaya yeni gətirilən xəstələrin hayında idi. Onlarla xəstə gətirilmişdi. Onların içində vəziyyəti son dərəcə ağır olanlar, hətta uşaqlar da vardı. Halbuki, bu virusun uşaqlara toxunmadığını deyirdilər.

Mələk birdən-birə bütün gücünü itirdiyini hiss elədi. Artıq ayaq üstə dayanmağa heyi qalmamışdı. Hər şey üst-üstə gəlirdi. O, yavaş-yavaş divara yaxınlaşdı, kürəyini divara söykədi. Havası çatmırdı, əynindəki hava keçirməyən, hərəkət eləməyinə belə mane olan kamuflyaj paltar, rahat nəfəs almağını əngəlləyən maska onu daha da sıxırdı. Tədricən aşağı çökməyə başladı.

Tərli eynəyinin arxasından o yan, bu yana qaçan xəstəxana işçilərini dumanlı da olsa görürdü. Böyrü üstə aşanda isə hər şey ayaq-baş oldu. Gördüyü nə varsa, onun başına fırlandı. Sonra gözünə qaranlıq çökdü.

Gözlərini açanda sakit, təmiz zonadakı palatalardan birində uzanmışdı. Əvvəlcə nə baş verdiyini anlamadı. Ancaq sonra hər şey yadına düşdü. Divarın dibində çökməyi, yıxılmağı, dünyanın başına uçmağı.

Hünərin anası zəng eləyib xəbəri vermişdi: “Evimiz yıxıldı, ay bala! İlin-günün bu vaxtında bu uşağı niyə qoymadın otura bu xarabada?” Sonra qadının dedikləri ildırım olub başına düşmüşdü. Aldığı xəbərin ağırlığına tab gətirə bilməmişdi.

Mələk əllərini göbəyinin üstündə qoşalaşdırdı. Hünərə körpə gözlədiyini xəbər verəcəkdi, sonra uzun illər bir yerdə yaşayacaqdılar. İnana bilmirdi ki, bircə ayın içində başına bu qədər hadisə gəlib. Bütün həyatı alt-üst olub.

***

Düşünməyə vaxt yox idi. Anasına, qardaşına və bütün insanlara izahat verməyə gücü qalmamışdı. Artıq onu nəyin gözlədiyini də bilmirdi. Nə qədər iş yoldaşı gözünün qabağında virusa yoluxmuşdu. Mələk onların çəkdiyi iztirabları öz gözləri ilə görmüşdü.

Abort edəcək birinci həkim əməliyyatı narkozsuz edəcəyini dedi.

- Yox, narkoz olmasa, bacarmayacağam. Gözüm baxa-baxa olmaz! Məni yatızdırın! - Mələk xahiş elədi.

Həkimin yanından çıxanda ürəyində Allahla danışmağa başladı: “Əgər ikinci həkim də narkozdan istifadə edə bilməyəcəyini söyləsə, bunu səndən gələn bir işarə biləcəm!”. Yolboyu Tanrıya dua elədi ki, həkimin görüşünə geciksin. Həkimi yerində tapmasın. Ya da həkim narkoz tapa bilməsin. Ancaq həkim onu hazır-nazir gözləyirdi. Hər şey qaydasında idi və onun istədiyi kimi əməliyyat aparılacaqdı.

Mələk keyimişdi. Artıq nə ruhu, nə bədəni heç bir şey hiss etmirdi.

Abort masasında ayılanda hiss etdiyi boşluğu ömrü boyunca yaşamamışdı. Paltarlarını gətirdilər. Ağlaya-ağlaya geyindi. Yaşıl paltarlı sanitar qadın da ona kömək edə-edə ürək-dirək verməyə başladı: “Dünyanın axırı deyil, a bala. Hələ cavansan! Yenə uşaqların olar!”

Ancaq Mələyin ürəyi elə sıxılırdı, elə sıxılırdı, elə bil əlli-ayaqlı körpə çağanı sınıq-salxaq qayığın içində açıq dənizə buraxmışdı. Özü də qalmışdı sahildə dərd içində, kor peşman!

Burnunun suyunu qoluna silib, ayağa qalxdı. Səntirlədi, qadın onun qoluna girib poliklinikanın həyətinə çıxartdı. Mələk abortun pulunu anasının cehiz üçün ayırdığı puldan vermişdi. O pulla Mələk qəşəng, par-par yanan, ağappaq servis alacaqdı.

Yolboyu küçələrin boşluğu Mələyi qorxudurdu. Şəhərə bombardmandan sonrakı sükut çökmüşdü. Karantin günlərinin səssizliyi müharibədən sonrakı səssizlikdən heç nə ilə fərqlənmirdi. Tindən bir neçə it çıxdı. Mələk qorxdu ki, itlər üstünə cumarlar. Sanki heyvanlar da onun təkliyini hiss eləmişdilər. Kənarda çömbəlib zingildəməyə başladılar. İtlər də adamlardan ötrü darıxırdı.

Yaxınlıqdakı mağazaların çoxu geyim mağazaları idi, onlar da nə vaxtdı bağlanmışdı. Tək-tük gözə dəyən yeməkxanalardan yemək qoxusu belə gəlmirdi.

Orta yaşlarında bir qadın küçəni keçirdi. Baxmayaraq ki, yolun üstündəki maşının ona çatmağına 5-10 metr vardı, qadın həyəcanlanıb tələsdiyindən üzüqoylu yerə yıxıldı. Mələk qadına sarı yüyürdü. Maşın onların yanından ötüb keçdi. Mələk qadının qoluna girib qalxmağına kömək elədi.

- Qızım, evdə qalmaqdan yadırğamışam küçəyə. Yolu düz əməlli keçə də bilmirəm. Heç uşaq vaxtı yolu tək keçəndə bu qədər həyəcanlanmırdım! – qadın öz halına gülə-gülə dedi, -Allah köməyin olsun!

- Olan işdir. Mən özüm o gündən bəri neçə dəfə yıxılmışam. Küçələrin boşluğundan başı gicəllənir, yıxılır adam, - Mələk qadının pərtliyini ört-basdır eləməyə çalışdı. O, bilirdi ki, adamlar yıxılanda onları ağrı-acı yox, qürurları incidir. Bu yıxılmaq istər mənəvi olsun, istər fiziki, həmişə pərtlik gətirir. Yıxılanda heç kimin buna şahid olmağını istəmirsən.

***

Bircə təbiət öz axarında idi. Bahar fəsli öz gözəlliyini heç nəyə təslim etmək istəmirdi. Ağacların budaqları tumurcuqlamışdı, asfaltın kənarlarını, daşların aralarını dəlib çıxan yaşıl otlar adamın üzünə gülürdü.

Cavan bir polis parkın kənarında göyərçinləri başına yığıb dən səpməklə məşğul idi. Ona baxanda adama elə gəlirdi ki, bu adam elə həmişə bu işlə məşğul olub. Hər səhər polis formasını geyinib bu parka gəlib ki, quşlara dən səpsin. Axşam düşənəcən quşları yemləyib, sonra çıxıb evinə gedib.

Yolları şırhaşır suyla yuyan maşınlar müharibə meydanında irəliləyən zirehli maşınları, çiyinlərinə asdıqları balonlardan əllərindəki şlanqlarla dərman çiləyən işçilər isə piyada əsgərləri xatırladırdı. Düşmən gözə görünməsə də, Mələk gördüklərindən vahiməyə düşürdü, elə bil müharibə filminin içinə düşmüşdü.

İş yerinə çatana qədər yavaş-yavaş özünə gəldi. Yaxşı ki, anası işdən sonra evə gəlməyini tələb edə bilmirdi. Evdə ürəyi partlayar. Xəstəxanada işin əlindən başını qaşıya bilmir. Nə dərd çəkməyə, nə darıxmağa, nə ağlayıb-sıtqamağa zamanı var.

Mələk skafandr adlanan paltarını geyindi, ikiqat əlcəklərini, qoruyucu maskasını taxdı. Dünəndən bəri qızdırmasını salmağa çalışdıqları iki yaşlı balacanı görmək üçün reanimasiyaya yollandı.

Bütün günü uşağın yanından çəkilmədi. Həkimlərlə birgə uşağın başının üstündə vurnuxdu, çırpındı-durdu. Axşama doğru uşaq gözlərini açdı və Mələyin qəribə geyiminə, maskalı üzünə baxıb gülümsədi. Mələk gah gülür, gah ağlayırdı. Başı tərpənir, qəribə şəkildə o yan-bu yana gedirdi. Uşaq çox güman ki, Mələyi hansısa nağılın qəhrəmanı hesab edirdi. Bəlkə də televizorda gördüyü cizgi filmlərindən birini xatırlamağa çalışırdı. Mələk ordakı super qəhrəmanlara bənzəyirdi.

Xəstəxanadan yorğun, əzgin, bitgin halda çıxdı. Müvəqqəti qaldıqları otelə yollanmazdan qabaq görəcəyi iş vardı. Telefonunun qeyd yerində yazdığı ünvana doğru yol aldı. Beşmərtəbəli binanın pillələrini var gücünü toplayaraq qalxdı. Neçə dəfə dayanıb dincini aldı. Gözü qaralır, başı gicəlirdi. Yıxılmamaq üçün divara söykənir, güc yığırdı. Beşinci mərtəbədəki birotaqlı mənzilin qapısının açar yerini telefonunun işığını salaraq, zorla tapdı. Əl havasına işığı yandırdı. Ağsaçlı, gözləri dəniz tək mavi, yaşlı qadının tərif etdiyi kimi balkona sarı getdi. Hər tərəfi şüşə ilə əhatə olunmuş balkonda tavandan aşağıya doğru bir qəfəs sallanırdı. İçində nəinki nəğmə deməyə, ağzını açmağa da heyi qalmayan iki bülbül vardı. Mələk quşlara yem verdi, su qoydu. Bir kənara çəkilib gizləndi, quşların yeyib-doymalarını izlədi. Sonra qəfəsə yaxınlaşdı, quşlar bir-birinə sığınaraq geri çəkildilər. Mələk qəfəsin ağzını açdı, quşları bir-bir götürüb balkondan uçurtdu.

“A quşlarım, getməyin, məni qəmgin etməyin”... Mələk xoşbəxt uşaqlıq illərindən xatırladığı ikicə misranı onların dalınca pıçıldadı.

Kulis.az

Избранный
53
50
kanal.az

10Источники