RU

Azərbaycan pensiya yaşına görə birinci, məbləğə görə sonuncudur

Ölkədə 30 iyun 2024-cü ilədək kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı 63 il 6 ay olacaq.

1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılacaq.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu gün pensiya yaşına görə, Azərbaycan digər MDB ölkələri içərisində ən yüksək yaş həddinə malikdir. Məsələn, Qazaxıstanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 61, Rusiyada  qadınlar üçün pensiya yaşı 58, kişilər üçün isə 63 yaşdır.

Ermənistanda 63 yaşına çatmış və 25 il sığorta stajı olan şəxs pensiya almaq hüququna malikdir. Belarusda 2024-cü ildə ümumi əsaslarla yaşa görə pensiya almaq hüququ ən azı 25 il iş stajı olan 63 yaşlı kişilər və ən azı 20 il iş stajı olan 58 yaşlı qadınlar üçün mövcuddur. Qırğızıstanda 63 yaşına çatmış kişilərin və 58 yaşında olan qadınlar pensiyaya çıxır. Özbəkistanda kişilər ən azı 25 il iş stajı olduqda 60 yaşına çatdıqda yaşa görə pensiya almaq hüququna malikdirlər, qadınlar isə ən azı 20 il iş stajı olduqda 55 yaşına çatdıqda pensiya ala bilərlər. Tacikistanda qadınlar 58 yaşında, kişilər isə 63 yaşında pensiyaya çıxırlar.

Moldovada 2024-cü il iyulun 1-dən qadınların pensiya yaşı növbəti dəfə altı ay artaraq 61 yaş olacaq. Kişilər hələ də 63 yaşında təqaüdə çıxırlar. Bu gün dünyada ən yüksək pensiya yaşı 67-dir. Danimarka, Yunanıstan, İslandiya, İtaliya, Norveç, İsrail və bir sıra digər Qərb ölkələri öz vətəndaşları üçün bu yaş həddini qoyublar. Lakin mütəxəssislərin fikrincə,  pensiya yaşının yüksək olduğu adıçəkilən ölkələrdə orta ömür yaşı  Azərbaycandan daha çoxdur və onlar uzun müddət pensiya təminatı ilə yaşayırlar. Bu gün insanların orta ömür yaşının o qədər də çox olmadığı Azərbaycanda pensiya yaşının artımına ehtiyac varmı?   

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya bildirib ki, Azərbaycanla digər ölkələrin pensiya yaşını müqayisə edəndə orta ömür yaşından öncə vətəndaşların sosial təminat məsələlərinə diqqət etmək lazımdır:

“Məsələn, Avrozonada yerləşən ölkələrdə əgər vətəndaş işsizdirsə, onlara müavinət təyin olunur və pensiya yaşına çatana qədər müavinət alırlar. Bu məqama niyə diqqət edilmir. Bu çox maraqlıdır. Azərbaycanda isə vətəndaşların pensiya yaşına qədər, məsələn, 50 yaşdan sonra iş tapmaq problemi var və kütləvi şəkildə 50 yaşdan yuxarı olan vətəndaşlar işsizdirlər. Yəni bu vətəndaşların təkrar işlə təminatı çətindir. Azərbaycanda işsizlik müavinəti deyilən bir anlayış yoxdur və bununla bağlı heç kimə müavinət verilmir, verilirsə də çox cüzi əhali sayıdır. Bu əhali sayı da iş yerini itirmiş və yeni iş yeri tapana qədər təyin olunmuş işsizlik müavinətidir. 

Ölkəmizdə vətəndaşların pensiya yaşına çatması problemi var. Eyni zamanda da işsizlik müavinəti ala bilmirlər. Ölkədə 100 minlərlə 50,55, 60 yaşında vətəndaşlar var, onlar heç bir yerdə işləmirlər və dövlətdən də hər hansı bir formada müavinət təyin olunmur ki, onlar minimal səviyyədə yaşayışları təmin olunsun. Azərbaycanda pensiya təyinatı məsələlərində ədalət prinsipləri gözlənilmir. Əgər biz MDB ölkələrinə diqqət etsək, məsələn, Belarus, Özbəkistan, Qazaxıstana baxsaq, burada pensiya yaşı Azərbaycandan aşağıdır. Burada vətəndaşlar daha tez pensiyaya çıxırlar. Eyni zamanda təyin edilən pensiyanın məbləğinə baxanda Azərbaycan ən geridə olan ölkələr  siyahısındadır. Yəni həm keçmiş postsovet ölkələri daxilində ən geridə qalan ölkədir ki, Azərbaycanda ən aşağı səviyyədə pensiya təyin olunur. 

Məsələn, bizdə yaşa görə pensiya 150 dolları ötmür. Minimum yaşa görə pensiya, yaşa görə pensiyalar var ki, həmin pensiyaların məbləğlərində biz postsovet ölkələrinin 70-80 faizindən geridəyik.  Bu məqamlara diqqət  etmək lazımdır. Bizdə pensiya Rusiya modeli ilə həyata keçirilir, 6 ay olmaqla qadınlarla kişilərin pensiya yaşı bərabərləşdiriləcək. Əgər bu bəzi ölkələrlə, məsələn. Yunanıstanla müqayisə edilirsə,  burada işsizlik müavinəti var. Avropa, Amerika, hətta Ərəb ölkələrində,  Qətər, Sinqapur, Malayziyada , dünyanın inkişaf etmiş ölkələrində işsizliyə görə avtomatik müavinət təyin olunur. Hətta vətəndaşın əgər aktiv əmək müqaviləsi yoxdursa, dövlət avtomatik olaraq ona müavinət təyin edir və onun minimal yaşam tərzini təmin etməyə çalışır”. 

Ekspertin sözlərinə görə, bütün bu şərtlərin olmadığı təqdirdə,  pensiyanın məbləğinin aşağı olduğu bir vəziyyətdə, eyni zamanda təyin olunma prosesi, orta yaş dövrlərində 45-65 yaş arası vətəndaşların işsizlikdən əziyyət çəkdiyi bir şəraitdə, Azərbaycanda pensiya yaşını müzakirə etmək əslində daha vacib olan məqamlardan diqqəti yayındırmaq üçün  dövriyyəyə buraxılmış bir mövzudur: “Yaş məsələsini kənara qoysaq, daha vacib pensiya məbləğinin aşağı olması, pensiya yaşına qədər vətəndaşların işsizlikdən əziyyət çəkməsi var, minimal təminat kimi problemlər var və bu kimi problemlər həll edilərsə, hesab edirəm ki, pensiya yaşı Azərbaycanda indiki səviyyədə saxlanılsa da problem yaratmır. Ancaq pensiyaya çıxana qədər vətəndaş Allahın ümidinə buraxılmamalıdır və bu ən vacib şərtdir”.

Избранный
104
49
ucnoqta.az

10Источники