RU

Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılır...

Image

Qərb və Rusiya arasında artan gərginlik fonunda Azərbaycanın enerji resurslarının idxalına maraq sürətlə artır. Bu fonda diqqətçəkən daha bir məqam odur ki, Avropa İttifaqı 2025-ci ildə Rusiya qazından imtina etməyə hazırlaşır. Rəsmi Brüssel buna nail olmaq üçün, Azərbaycan da daxil olmaqla, enerji sahəsində özünün daha etibarlı tərəfdaşları ilə yeni əməkdaşlıq qurmaq istəyir.

Bu məqsədlə, bəlli olduğu kimi, Avropa Azərbaycana öz qazını Rusiyanın Ukrayna ərazisindən keçən qaz kəməri vasitəsilə satmağı təklif edib. Bu barədə tərəflər ötən ay Brüsseldə baş tutmuş 5-ci Avropa-Azərbaycan Təhlükəsizlik Dialoqunda müzakirə aparıblar.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsində bildirib ki, hazırda rəsmi Bakı Avropa İttifaqı və tranzit ölkələrlə bu təklif ətrafında danışıqlar aparır. Bu təklif reallaşarsa, Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılmış olacaq. Azərbaycan ilk dəfə 2020-ci ilin sonlarında Cənub Qaz Dəhlizi vasitəsilə “mavi yanacağı”nı Avropa bazarına çıxara bilib. Elə həmin ildən etibarən Azərbaycan Yunanıstan və İtaliyaya, 2021-ci ildən isə Bolqarıstana qaz satır. 2022-ci ildə isə tərəflər Bakıda enerji memorandumu imzalayaraq, nəql edilən qazın həcmini iki dəfəyədək artırmaq barədə razılığa gəliblər. Rusiya-Ukrayna müharibəsi artıq 2 ildən çoxdur davam edir və mütəmadi olaraq tərəflər bir-birilərinin ərazilərinə raket və dron zərbələri endirir. Belə bir vəziyyətdə Azərbaycan qazının Ukraynadan keçməklə Avropaya nəqli nə dərəcədə realdır? Hansı risqlər var və tərəflər bir-birinə nə təklif edirlər? Avropa İttifaqı Rusiya qazından daha çox asılı olan Şərq üzvlərinin, xüsusilə Slovakiya, Macarıstan və Avstriyanın mavi yanacaq ehtiyacını Azərbaycanın enerji ehtiyatları hesabına ödəmək niyyətindədir. Hələ bu ilin mayında Bakıda səfərdə olarkən prezident İlham Əliyevlə görüşündə Slovakiyanın baş naziri Robert Fico Azərbaycan qazını Ukrayna ərazisi üzərindən almaqda maraqlı olduqlarını dilə gətirmişdi: “Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var. Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik”. Rusiya ilə Ukrayna arasında 2019-cu ildə imzalanmış qaz nəqli ilə bağlı 5 illik müqavilənin müddəti bu ilin sonunda bitir. Ukrayna tranzit ölkə olaraq Rusiya qazının öz ərazisi ilə Avropaya daşınmasını istəmir və müqavilənin müddətini uzatmayacağını bəyan edib. Rəsmi Brüssel də, Rusiyanın enerji sahəsində maliyyə mənbələrini azaltmaq üçün Kiyevin bu qərarını dəstəklədiyini bildirib. İllik mavi yanacaq istehlakı təxminən 400 milyard kub metr olan Avropa İttifaqı hələ 2014-cü ildə Rusiya Krımı ilhaq etdikdən sonra enerji mənbələrini şaxələndirmək üçün fəaliyyətə keçdi. Lakin əlavə qaz nəqli üçün infrastrukturun olmaması yalnız 2022-ci ildə Aİ-yə bu məqsədə çatmağa imkan verdi. Əslində həmin il Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Avropa İttifaqının enerji mənbələrini şaxələndirməsi işini sürətləndirmiş oldu. Belə ki, qurumun 2023-cü il üzrə enerji hesabatına əsasən, 2021-ci ilədək ittifaq ölkələri illik qaz ehtiyacının 45 faizini Rusiyanın hesabına ödədiyi halda, 2023-cü ildə bu rəqəm 3 dəfə azalaraq 15 faizə enib. “Bloomberg” nəşrinin yazdığına görə, Aİ Rusiyadan qaz idxalını azaltsa da, bu kəmərin Ukrayna ərazisindən keçən hissəsini işlək vəziyyətdə saxlamaq istəyir. Buna əsas səbəb isə ittifaqa üzv olan bəzi Şərqi Avropa ölkələrinin infrastruktur problemi ilə əlaqədardır. Bu fonda adının açıqlanmasını istəməyən avropalı diplomat “Politico” nəşrinə müsahibəsində bildirib:  “Ukraynadan keçən qaz kəmərinin fəaliyyətinin dayanması enerji təchizatının təhlükəsizliyində risklərə yol aça bilər, çünki Avropanın qaz sistemindəki mövcud tranzit infrastrukturu olduqca dar imkanlara malikdir”. Avropa İttifaqını narahat edən digər məqam qiymətlərin dəyişəcəyi ehtimalı ilə bağlıdır. Əmtəə bazarları üzrə ekspert Aura Sabadus “Politico”ya açıqlamasında deyib ki, qaz tədarükünün Ukrayna üzərindən deyil, alternativ yollarla aparılması, Slovakiya, Avstriya və Macarıstan istehlakçıları üçün “mavi yanacağ”ın qiymətini artıra bilər. Bundan əlavə, Aİ bu kəməri açıq saxlamaqla, müharibə şəraitində olan Ukraynanın tranzit ölkə olaraq gəlir götürməsinə çalışır. Bunu həll etmək üçün avropalı rəsmilər digər variantlarla yanaşı, Azərbaycan qazının da Rusiya kəmərlərinə vurulmasının mümkünlüyü üzərində işləyir.

Hazırda Avropa İttifaqına üzv ölkələrdən 8-i Azərbaycandan qaz alır. 9-cu ölkənin Slovakiya olacağı gözlənilir. Hikmət Hacıyev bu fonda qeyd edir: “Çox uyğun bir vaxtda Azərbaycan qazının idxalçılarının coğrafiyasını daha geniş Avropa ailəsinə yaymağı səbrsizliklə gözləyirik”. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Azərbaycan qazının Ukraynadan keçməklə Avropaya nəqli müəyyən suallar yaratsa da, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban BBC-yə müsahibəsində bunun reallaşmasının mümkün olduğunu deyib. Onun sözlərinə görə, Moskva və Kiyev arasında hərbi-siyasi gərginlik davam etsə də, iqtisadi maraqlar, xüsusilə də milyardlarla dollar vəsaitin xərcləndiyi enerji kəmərlərinin təhlükəsizliyi Kremlin də maraqları çərçivəsindədir. Kiyev isə Rusiya qazının öz ölkəsindən keçməklə satışına qarşı çıxır. Bunun əvəzində isə Ukrayna qazın enerji ilə zəngin digər ölkələrdən alınaraq Ukraynadan keçən Rusiya kəmərlərinə vurulmasını təklif edir. Bunu əsas gətirən Ukrayna mediasının yazdığına görə, rəsmi Kiyev Azərbaycan qazının da öz ərazisindəki Rusiya kəmərlərinə vurulmasında maraqlı olduğunu bildirib. Ukraynanın “Naftogaz” şirkətinin baş icraçı direktoru Aleksey Çernışov “Bloomberg”ə müsahibəsində Azərbaycandan qaz alma təklifini müsbət qiymətləndirdiklərini bildirib. Azərbaycan qazının Ukraynadan keçən Rusiya kəmərlərinə daşınması ilə bağlı hələlik rəsmi açıqlamalar olmasa da, təhlilçilər iki mümkün variant üzərində dayanırlar: qazın Rusiya ərazisi vasitəsilə Rusiya-Ukrayna sərhədindəki məntəqəyə daşınması; Azərbaycan və Rusiya arasında svop  əməliyyatı. İlham Şabanın fikrincə, hazırda hər iki variant üzrə mavi yanacağın daşınması müəyyən vaxt tələb edəcək. Azərbaycan və Rusiya arasında Hacıqabul-Mozdok qaz kəmərinin olmasına diqqət çəkən təhlilçi hesab edir ki, Azərbaycandan Rusiyaya qazın daşınması üçün mövcud infrastruktur olsa da, onun nisbətən təkmilləşdirilməsinə ehtiyac var: “Bu kəmərin daşıma gücü illik 5 milyard kub metrdir. Lakin bu həcm Avropa üçün kifayət etmir. Çünki Rusiyadan Avropaya daşınan illik qaz həcmi 15 milyard kub metrdir”.Onun sözlərinə görə, yerdə qalan həcmi Rusiya ilə Gürcüstanı birləşdirən qaz kəmərindən istifadə etməklə də daşımaq mümkündür. Lakin o, svop əməliyyatını daha optimal variant kimi görür: “Azərbaycan Türkiyə bazarında təxminən 10 milyard kub metr qaz satır. Həmin həcmi Rusiyaya ötürə bilərik və Rusiya bunun əvəzində eyni həcmdə öz qazını Rusiya-Ukrayna məntəqəsinə vura bilər”. Bununla belə, təhlilçi svop əməliyyatı üçün Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Aİ arasında müqavilələrin yenilənməsinə zərurət yaranacağını bildirib.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
144
2
baki-xeber.com

3Источники