RU

Dünənlə sabah arasında bir qərinəlik salnamə

“İki sahil” qəzeti – 33

İlkin sayları müstəqil dövlətçiliyimizi öz daxilində əritməyə çalışmış sovet imperiyasının süqutunun həlledici mərhələyə daxil olduğu günlərdə işıq üzü görmüş “İki sahil” qəzeti yaxınlaşan suverenlik epoxasının mətbu qaranquş­larından biri olub. Öz adında ikiyə bölünmüş Bütöv Azərbaycanın tarixi taleyini ifadə edən ictimai-siyasi nəşr bugünədək 1 qərinəlik şərəfli yol keçib. 

“İki sahil”, haqlı olaraq, müstəqil ölkəmizin azad, demokratik media qu­rumlarından biri kimi, dünənin həqiqət­ləri ilə gələcəyin hədəflərinin “zaman sahilləri” arasında 33 ilin “bugünlər”inin doğru-düzgün və əhatəli salnaməsini yaratmaqda peşəkarlıq və yurd sevgisi sərgiləyən mötəbər nəşr sayılır. Qəze­tin baş redaktoru, tanınmış media xa­dimi, professor Vüqar Rəhimzadə ilə söhbətdə əsrin üçdə biri qədər yol keç­miş qəzetin yüz ilə bərabər fəaliyyətinə nəzər saldıq.

– Vüqar müəllim, ötən 33 ilin gur axarında zaman “İki sahil”i hansı sa­hildən hansı limana gətirib? 

– “İki sahil” zaman baxımından xalqımızın ərazi bütövlüyümüz uğrunda barışmaz mübarizəsinin müstəqillik uğ­runda ümummilli savaşa çevrildiyi gün­lərin sahillərindən yola çıxaraq, çətin və ümidli illərdən keçərək torpaqlarımızın işğalına son qoyulması, suverenliyimi­zin tam bərpa edilməsinədək milli tarixi­mizin ən şərəfli günlərinə yetişib. Bu yol ağrı-acılarla, məhrumiyyətlərlə yanaşı, həm də dirçəliş, yüksəliş və tərəqqinin sevincləri və məmnunluğu ilə müşa­yiət olunub. Keçdiyimiz yola hesabat nəzəri ilə baxanda ötən illərin hər bir gününün izlərini, çağırış və uğurlarını səhifələrimizdə görürük. Bu mənzərə “ikisahilçilər”də öyünc duyğu-düşün­cələri yaratmaqla yanaşı, hər birimizə yeni həvəs və salnaməçilik məsuliyyəti də gətirir.

“İki sahil” dövlət müstəqilliyini yeni­dən bərpa edən Azərbaycanın keçdiyi yolun bələdçilərindən biridir. Qəzetimiz ilk addımlarını atanda Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. İstər müstəqilliyimizin bərpasına qədər­ki, istərsə də onun qorunub möhkəm­ləndirilməsi uğrunda qətiyyətli müba­rizə kollektivimiz üçün söz savaşı illəri olub. İlk vaxtlar müstəqil mətbuatın fəa­liyyətindən danışmaq qeyri-mümkün idi. Bu, böyük cəsarət, möhkəm dözüm tələb edirdi.

Quduzlaşmış sovet senzurasının tüğyan etdiyi bir zamanda “İki sahil” qəzetini böyük çətinliklə yaratdıq, ya­şatdıq. O çətinliklər çoxdan arxada qa­lıb. Amma zəhmətli günlərimizin yükü durmadan artıb. Müstəqil Azərbayca­nın yaşıdı olan qəzetimiz ötən dövrdə böyük inkişaf yolu keçib, zəngin mətbu irs yaradıb və ölkəmizin çap mediasın­da özünəməxsus yer tutub. Kollektiv ilk gündən qarşıya qoyduğa amala, tutdu­ğu yola sadiqlik nümayiş etdirib. 

Bu illər ərzində qəzetin formatı, dövriliyi, dizaynı, peşəkarlıq səviyyəsi yüksəlsə də respublikamızın ictimai-si­yasi, iqtisadi, mədəni həyatının bütün sahələrini dolğun şəkildə işıqlandır­maq, oxuculara ölkə və dünyada baş verən hadisələrlə bağlı dolğun məlu­mat çatdırmaq, müstəqil dövlətimizin siyasətinə informasiya dəstəyi göstər­mək məramı dəyişməz qalıb. Çoxsaylı mətbu nəşrlər arasında özünəməxsus­luğu qorumaq, geniş oxucu auditoriyası qazanmaq kollektivimiz üçün fəaliyyət üzağlığı, yaradıcılıq xoşbəxtliyidir. 

“İki sahil” gəncliyinin yetkinlik dövrü­nü yaşayır. Hər dövrün öz tələbi, çağı­rışları var. Oxucuların yazılı və elektron mətbuatdan gözləntiləri zamanın me­sajlarını necə əks etdirməklə cavablan­dırılır. Bunun üçün yola çıxdığımız ilk gündən oxucuların informasiya tələba­tını daha dolğun, obyektiv və qərəzsiz ödəməyə çalışmışıq. Zaman-zaman qazandığımız inam, güvən sonrakı fəa­liyyətimizə, yeniliklərə həssas olmağı­mıza stimul yaradıb.

– Qarabağ Zəfərimiz həyatımızı, bütövlükdə, növbəti hədəflərimizi üstün bir səviyyədə qərarlaşdırıb. Qalib ölkənin mediası bu tarixi uğuru əks etdirməklə yanaşı, həm də yeni gerçəkliyin önündə çağdaş kəmiyyət və keyfiyyət meyarları sərgiləməyə borcludur.

– Bəli, ən yaxşı müəllim və münsif zamandır. Vətən müharibəsindəki Qələ­bəmiz mediamız üçün də yeni tələblər və vəzifələr gündəmə gətirib. Fəaliyyə­timiz bu Zəfərə layiq olmalı, onun açdı­ğı yola işıq salmalıdır. 4 il öncəyə qədər qəzetimizin əlamətdar tarixlərini qeyd edərkən başlıca arzumuz bu olurdu ki, torpaqlarımızın işğaldan azad edilməsi­nin, ərazi bütövlüyümüzün və suveren­liyimizin bərpa edilməsinin müjdəçisi olaq. Artıq bu müqəddəs istəyimiz döv­lətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəh­bərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın “dəmir yumruq” kimi birliyi sayəsində gerçəyə çevrilib. 4 ilə yaxındır ki, tarixi Zəfərimizin qürur və təntənəsini yaşayırıq. 

Müstəqillik tariximizin zəfər səhifələ­rinin sayı isə daim artır. Bu gün ölkəmiz bütövləşmiş Azərbaycan olaraq işğal­dan azad edilmiş ərazilərində genişmiq­yaslı bərpa-quruculuq işlərini həyata keçirir. Qarabağımız, Şərqi Zəngəzuru­muz dirçəlir. Ötən ilin 20 sentyabrında suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr baş­ladı. Xankəndidə, Xocalıda, Xocavənd­də, Ağdərədə Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev son 20 ildə verdiyi bütün vədlərin yerinə yetiril­diyini böyük qürurla bəyan etdi.

Biz bu möhtəşəm marafonu həs­saslıq və ardıcıllıqla izləyirik. Azər­baycanın hər bir uğuru, dövlətimizin qalibiyyətli siyasəti “İki sahil” qəzetinin səhifələrində də geniş təhlil edilərək dolğun şəkildə ictimaiyyətə çatdırılır. Tarixi Zəfərimizdən, şanlı Qələbədən sonrakı dövrün reallıqlarından böyük qürur hissi ilə bəhs edirik. 

Hər birimizin həyatında, fəaliyyə­tində də Zəfərimizin rolunu görməmək mümkün deyil. Bu gün tamamilə fərqli bir ab-havanı, ovqatı yaşayırıq. Son bir illik fəaliyyətimizə, hər gün oxucu­larının görüşünə gələrək onların infor­masiyaya olan tələbatını ödəməyə ça­lışan “İki sahil”in səhifələrində yer alan məqalələrə, analitik yazılara diqqət ye­tirsək, Azərbaycanımızın yeni dövrün hədəflərinə doğru inamla addımladığını görərik. Zəfərimizin açdığı yolun imkan­ları bütün sahələrin inkişafında özünü göstərir. 

– Redaksiyanız nəşr etdiyi qəze­tin 33 yaşını hansı yenilik və töhfələr­lə qarşılayır?

– Yeniliklər bütün həyatımızı geniş əhatə etdiyi bir dövrdə ondan kənarda qalmaq, bu prosesə töhfə verməmək mümkün deyil. Təbii ki, ictimai fikrin formalaşmasında, həqiqətlərimizin təb­liğində əsas missiyanı yerinə yetirən mətbuat bu yeniliklərlə özünün də ye­niləşməsi ilə ayaqlaşa bilər. Qalib Azər­baycanın demokratik jurnalistikasının, söz adamlarının da qarşısında yeni hədəflər dayanır. “Media haqqında” Qanunun qəbulu, burada əksini tapan və yeniliyə çağırış olan hər bir müddəa­nın uğurlu icrası yolunda digər mətbu orqanlar kimi, “İki sahil” də Zəfər real­lıqlarına uyğun şəkildə yeniləşir. 

Qəzetimizi yeni formatda təqdim edirik. Yeni görkəm təkcə çağdaş təq­dimatın libası deyil, həm də məzmun göstəricisidir. Bu yüksək meyarı ca­vablandırmaq hər bir əməkdaşımızın, ümumilkdə, kollektivin məsuliyyətini ikiqat yüksəldir, yaradıcılıq səylərimizi gücləndirir. 

– Dediyiniz kimi, mediamızın müstəqil dövlətimizin siyasi xəttini dəstəkləməsi milli jurnalistikamızın vətəndaşlıq missiyası kimi gerçək­ləşir. “İkisahilçilər” bu prosesdə də öncüllük göstərirlər.

– “İki sahil”in səhifələrində müasir müstəqil Azərbaycan dövlətinin quru­cusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla da­vam etdirən Prezident İlham Əliyevin yeniliyi, təkmilləşməni özündə əhatə edən siyasəti nəticəsində qazanılan uğurlar davamlı və geniş əksini tapır. Ümummilli lider Heydər Əliyevin siyasi avanqard olaraq formalaşdırdığı Yeni Azərbaycan Partiyasının irəli sürdü­yü təşəbbüslər, qəbul etdiyi qərarlar, iqtisadi inkişafımızı təmin edən neft strategiyamızın nailiyyətləri də aparıcı mövzularımızdır. Dövlətə, dövlətçiliyə xidmət “İki sahil”in fəaliyyətinin əsas prinsipidir. Qəzetimizin manşetinə çıxa­rılan xəbərlər Azərbaycanın uğurlarının zirvəsində dayanan tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında görülən iş­lərdən, dövlətimizin atdığı Qələbə ruh­lu addımlardan keçirdiyimiz xoşbəxtlik hissinin təqdimatlarıdır. 

“İki sahil” daim yenilikləri öz fəaliy­yətində tətbiq etməyə, uğur səhifələrini daha da zənginləşdirməyə səy göstərir. Qəzetin “ikisahil.az” internet saytı fəa­liyyət göstərir. Daim zamanın tələblə­rinə uyğun olaraq yenilənir. “İki sahil” İnternet Televiziyası da fəaliyyət göstə­rir. 

Qələminə, yazdığı hər bir informa­siyanın dəqiqliyinə məsuliyyətlə ya­naşan, analitik yazıların informasiya bolluğunu qərəzsiz, obyektiv şəkildə təmin edən əməkdaşlarımızın birgə səyləri nəticəsində ərsəyə gələn “İki sa­hil” oxucu auditoriyasının genişliyindən məmnundur. Bizə bu sevgini qazandı­ran tutduğumuz mövqeyə, əqidəyə sa­diq olmağımızdır.

33 illik yolu bir neçə suala cavab çərçivəsində əhatə etmək qeyri-müm­kündür. Əsas olan budur ki, atılan hər bir addımın başlanğıcında çətinliklər olsa da bu, bizi yolumuzdan döndər­mədi, əksinə, daha cəsarətli, qətiyyətli olmağa səslədi. Hədəflərə doğru ad­dım-addım irəliləyirik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “İki sahil” qəze­tinin fəaliyyətinə verdiyi dəyəri hədəflə­rimizin əsası, məsuliyyətimizi daha da artırmağa çağırış kimi qəbul etmişik.

“İki sahil” 1991-ci ildə kiçik bir kol­lektivlə yola çıxdı. 33 ildə ailənin tərkibi daha da genişləndi. Qürurvericidir ki, “İki sahil”in yetirmələrinin səsi bu gün ayrı-ayrı nüfuzlu mətbu orqanlardan, müxtəlif strukturların mətbuat xidmətlə­rindən gəlir. “İki sahil” gənclər üçün bir məktəbdir. Qəzetimizdə gənclərin ener­jisi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdət yaradılır. Bu güc uğurlarımızda öz sözünü deyir.

– Ölkənin media ailəsində ortaq hədəflərlə yanaşı, addımladığımız “İki sahil”in kollektivini əlamətdar ta­rix – 33 illik səmərəli və fədakar fəa­liyyətin tamam olması münasibətilə 105 yaşlı “Xalq qəzeti” redaksiyası adından səmimi təbrik edir, həmkar­larımıza yeni uğurlar arzulayırıq.

Söhbəti hazırladı:
Tahir AYDINOĞLU
XQ

Избранный
218
xalqqazeti.az

1Источники