RU

Böyük Qayıdışla həyat yenidən başlayır

Ölkə başçımız İlham Əliyevin verdiyi bəyanatlarda Böyük Qayıdışın yeni bir mərhələyə qədəm qoyduğu bildirilir. Bu, Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.

30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərindən didərgin düşmüş sakinlər Prezidentin də vurğuladığı kimi, layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kənd və şəhərlərə qayıdırlar. İlkin mərhələdə bütün yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi infrastruktur layihələrinin həyata keçirilməsinə start verildi.

44 günlük müharibədən sonra Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri və görülən işlərlə bir daha yerində tanış olması çox mühüm əhəmiyyət kəsb edib. Məhz bundan sonra Dövlət Proqramı qəbul olundu və proqrama uyğun olaraq işğaldan azad olunmuş ərazilərin infrastrukturlarının yenidən bərpa edilməsi, eyni zamanda bununla paralel olaraq Böyük Qayıdışın təmin olunması üçün görüləcək işlərin böyük planı hazırlandı. 2022-ci ilin 16 noyabr tarixində təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası məcburi köçkünlərin yurdlarına qayıtmasında mühüm əhəmiyyətə malikdir. Ötən il qəbul edilən bu proqram 2026-cı ilə kimi görüləcək tədbirləri əhatə edir. Bu çərçivədə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulur. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılışı olub. Avtomobil və dəmir yolu infrastrukturunun qurulması, Zəngəzur dəhlizinin yaradılması istiqamətində ciddi iş aparılır. Bu gün Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər 38 faiz, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu üzrə işlər isə 74 faiz yerinə yetirilib. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Bu işlərin nəticəsində 2026-cı ilə kimi 34 min 500 ailə doğma yurduna köçürüləcək.

Qarabağ işğaldan azad olunduqdan sonra əsas problemlərdən biri də minalanmış ərazilərin təmizlənməsidir. Otuz ilə yaxın işğalçılıq dövründə bu əraziləri minalamış ermənilər beynəlxalq konvensiyalara zidd olaraq xəritələri Azərbaycan tərəfinə təqdim etmir. Yalnız müəyyən ərazilərin mina xəritəsi əsirlərin qarşılığında verilmişdir ki, bunun da 75 faizi dəqiq deyil. Qarabağ ərazisinin relyefi və minaların çoxluğu nəzərə alınsa, demək olar ki, ümumilikdə minaların təmizlənməsi uzun illər ərzində mümkün ola bilər.

Buna baxmayaraq, məcburi köçkünlər 2020-ci ildən etibarən başqa bir həyəcan yaşayırlar. Nəhayət, otuz illik həsrət sona yetib. Qarabağın sakinləri doğma el-obalarına qayıdır və bu proses davam edir. Böyük Qayıdış konsepsiyasına əsasən məcburi köçkünlərin bir qismi, ilkin mərhələdə Zəngəzurun "Ağıllı kənd" layihəsi olan Ağalı kəndinə qayıtdılar. Ağalı kəndi dünyanın müasir standartlarına cavab verən yaşıl enerji ilə təmin olunan yaşayış məskənidir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülüb.

Azərbaycanın suveren ərazisi olan Laçın uzun illər düşmən tapdağında qalsa da, 44 günlük Vətən müharibəsindən sonra bir güllə atılmadan geri qaytarıldı. Prezident İlham Əliyev laçınlılarla görüşündə bildirdi ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq. Artıq Laçın şəhərinin Baş planı hazırlanıb. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurlarla eyni səviyyədə olsun.

Böyük Qayıdış çərçivəsində ötən ildən bu yana 3188 nəfər doğma yurdlarına köçürülüb. Son qayıdış prosesi oktyabrın 30-da reallaşıb. Bakı və Sumqayıtda məskunlaşmış 16 ailə olmaqla 59 nəfər, Beyləqan və Şamaxı rayonlarında məskunlaşmış 4 ailə olmaqla 11 nəfər Laçın şəhərinə qayıdıb.

Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu - işğal altında qalmış torpaqlarımızın azad olunması arzusu ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə doğma Qarabağda yeni və xoşbəxt bir həyat yaşayacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".

Избранный
349
7
respublika-news.az

10Источники