RU

Dənizdən boğulmaların sayı niyə artıb? - Ekspert

FHN tərəfindən aparılmış kütləvi maarifləndirici tədbirlərə baxmayaraq, hələ də bəzi vətəndaşlar, xüsusilə uşaq və yeniyetmələr nəzarətsiz qeyri-çimərlik ərazilərdən, müxtəlif su hövzələrindən istifadə edir. Çimərlik üçün nəzərdə tutulmayan su hövzələri, süni göllər, arxlar mürəkkəb relyefə, sürətli axına və qeyri-məhdud görüntüyə malik olduğu üçün təhlükəlidir.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili son vaxtlar suda boğulma hallarının sayının artması haqda danışarkən deyib.

Onun sözlərinə görə, boğulmalar mühüm təhlükəsizlik tədbirlərinə ciddi yanaşmadıqda baş verir və çimərlikdən istifadə edənlər bu qaydalara mütləq əməl etməlidir:

"FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən iyun ayının 15-dən bu günə kimi suda boğulma təhlükəsi ilə üzləşən 72 insan xilas olunub və xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən boğulma hadisəsi qeydə alınmayıb. Bu da onu deməyə əsas verir ki, mütləq nəzarət olunan çimərliklərdən istifadə olunmalıdır. Ərazidə quraşdırılmış maarifləndirici lövhələr və xilasedicilərin çağırışları diqqətə alınmalıdır.

Təhlükəsizlik üçün hava şəraiti və günün saatları da önəmlidir. Küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda suya girmək qadağandır. Günün qaranlıq vaxtlarında da suya girmək olmaz. Üzmə sərhədlərini müəyyən edən əraziləri ötüb, dənizin dərinliyinə keçmək, çimərlikdə kobud hərəkətlər etmək, xilasetmə texnikalarından başqa, digər su nəqliyyat vasitələri ilə çimərlik ərazisinə daxil olmaq, balıq ovlamaq qadağandır. Çimərliklərə təhlükəsiz istirahət səhər saat 9-dan axşam saat 20:00-a kimidir. Azyaşlılar xüsusilə nəzarət altında olmaldır".

Onun sözlərinə görə, boğulma müxtəlif səbəblərdən baş verir:

"Dənizdə boğulmanın əsas səbəbi nəzarətsiz qeyri-çimərlik ərazilərdir. Burada küləyin, sualtı axınların sürəti normadan artıq olur. Sualtı yarğanlar, çuxurlar var. Burulğanlar olur. Sualtında daş və qayalıqlar birbaşa insan həyatı üçün təhlükəlidir.

Suavrma kanallarının kənarları beton plitələrlə örtülür. Bu plitələrin su ilə təması nəticəsində orda sürüşkən ot təbəqəsi əmələ gəlir ki, insan təkbaşına suvarma kanalından çıxa bilmir. Hətta peşəkar xilasedicilər belə bu kanallardan çıxmaq üçün xüsusi nərdivan və kəndirlərdən istifadə edirlər.

Süni göllərin əksəriyyətinin dib hissəsi bataqlıq olur. Adamı özünə doğru çəkir. Çaylarda təhlükə axına görədir. Orda da qəfləti dərinliklər, su altında müxtəlif dəmir konstruksiyalar təhlükə yaradır".

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə saytımıza açıqlamasında qeyd edib ki, icazəli yerlərdə çimmək ona görə daha təhlükəsiz hesab olunur ki, burda montorinqlər yolu ilə riskləri müəyyən edirlər:

"İcazəli yerlərdə mövsüm başlamazdan öncə müvafiq qurumlar tərəfindən monitorinqlər keçirilir. Suyun fiziki, kimyəvi, bioloji xassələri, sanitar-gigiyenik normaları, sualtı akvatoriya öyrənilir. Suyun dibində yarğanların, daş-qaya parçalarının, metal konstruksiyanın olub-olmaması kimi insan həyatına zərər verə biləcək amillər nəzərə alındıqdan sonra həmin sahədə çimmək üçün icazə verilir. Fəaliyyətinə icazə verilməyən yerlərdə boğulma halları daha çoxdur. Bu, təkcə Azərbaycanda deyil, elə dünya üzrə də belədir. Hər il dörd yüz minə yaxın insan suda boğularaq həyatını itirir. Bu, kifayət qədər ciddi rəqəmdir. Bunların 95 faizi nəzarətsiz çimərliklərin payına düşür.

Daha sonrakı yerlərdə əlverişsiz hava şəraitini göstərmək olar. Bu da ümumi boğulma hallarının 70 faizini təşkil edir.

Bəzi təhlükəsizlik tədbirlərinə də əməl etmək vacibdir. Nişanlanmış əraziləri keçmək, spirtli içki qəbul edib, suya girmək, azyaşlıları nəzarətsiz qoymaq olmaz. Suda 15-20 dəqiqədən artıq vaxt keçirmək də əsas təhlükəli vəziyyətlərdən biridir və insanlar bunu bilmədiyi üçün həyatını riskə atır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
122
4
milli.az

10Источники