RU

Vətən müharibəsinin xronikası: 2 noyabr

Bakı, 2 noyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

AZƏRTAC 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

Müharibənin 37-ci günü

• Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün tviter hesabında bildirib

• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, on müxtəlif tipli topu, sursatla dolu üç yük maşını və digər avtomobil texnikaları sıradan çıxarılıb.

• Cəbhənin müxtəlif istiqamətlərində düşmən şəxsi heyət və hərbi texnika baxımından itkilərə məruz qalıb. Səngərlərdə və yeraltı sığınacaqlarda gizlənən işğalçı ordunun canlı qüvvəsi Hərbi Hava Qüvvələrimizin zərbələri ilə məhv edilib. Ermənistanın hərbi qruplaşmalarında silah-sursat, ərzaq və hərbi texnika üçün ehtiyat hissələri çatışmazlığı müşahidə olunur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində düşmən hücuma cəhd göstərib. Döyüş nəticəsində canlı qüvvə sarıdan itki verən işğalçı ordu Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Düşmənin Su-25 döyüş təyyarəsi vurulub.

• Ermənistan silahlı qüvvələrinin dörd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir “KUB” zenit-raket kompleksi, daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərindəki canlı qüvvəsi məhv edilib.

• Müdafiə Nazirliyi Vətən müharibəsində iştirak edən hərbçilərimizin şücaətləri barədə videoçarx paylaşıb.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Ağdam rayonunun Təzəkənd qəsəbəsində və Mahrızlı kənd məktəbində çəkilişlər aparıblar.

 

 

 

 

Избранный
713
50
azertag.az

10Источники