Erməni lobbisi və onlardan yemlənən qüvvələr anti-Azərbaycan fəaliyyətə ara vermirlər. Avropa İttifaqının Ermənistanla viza rejiminin liberallaşdırılması barədə dialoqun başlanmasının ardınca növbəti qərəzli və çirkin kampaniyaya start verilib. Erməni lobbisindən yemlənən şəxslər yenə öndədir. Ölkəmizə qarşı qərəzli və çirkin kampaniyada liderlik edən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo yenidən fəallaşıb. O, aldığı pul müqabilində dünya ermənilərinə Azərbaycanda keçiriləcək COP29-a qarşı kampaniyaya başlamağa çağırış edib.
Ermənidən artıq erməni olmağa çalışan eks prokuror dünya ermənilərinə ünvanladığı açıq məktubunda kütləvi informasiya vasitələrini Azərbaycanda cəza çəkən separatçı erməni terrorçularını azad etmək üçün kampaniyaya başlamasını istəyib. Bu iftira və qərəzli məktub, daha əvvəl isə Ermənistanla viza rejiminin liberallaşdırılması barədə dialoqa başlanılması qərəz və ikili standartların bariz nümunəsi sayıla bilər.
Okampo artıq neçənci dəfədir ki, həbsdə olan separatçı liderlərin azadlığa buraxılması təşəbbüsü ilə çıxış edir. Lakin səyləri nəticəsiz qalıb - nə Ermənistan rəhbərliyi, nə də beynəlxalq güclər bu təşəbbüsə reaksiya veriblər.
Ondan əvvəl Avropanın bir sıra siyasətçiləri, hətta Parisin ermənipərəst meri Ann İdalqo da həbsdə olan erməni separatçıların azad olunması çağırışı ediblər. O ki qaldı Okamponun separatçılar sevgisinə, bu şəxsi 44 günlük müharibə zamanı Gəncə və digər şəhərlərimizin bombalanması əmrini şəxsən verdiyini etiraf edən Araik Arutyunyan, qondarma quruma rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyan, erməni milyarder Ruben Vardanyanla dostluq birləşdirib.
Bədnam keçmişi olan Luis Moreno Okampo korrupsiya, hətta cinsi təqibdə ittiham olunub. İndi də onun erməni kampaniyasının önündə getməsi də təsadüfi deyil. Vaxtilə Araik məhz Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib və bu, faktdır. Eks prokuror da tapşırığı yerinə yetirib və Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat dərc edib. Keçmiş prokurorun Qarabağda “humanitar fəlakət” yaşanması ilə bağlı yersiz iddiası hətta Qərb mediası tərəfindən təkzib olunmuşdu. O, bir neçə il öncə ofşor maliyyə fəaliyyəti ilə bağlı suala cavabında bildirmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsindəki maaşı onun üçün kifayət etmir.
Yeri gəlmişkən, bu dələduz işğaldan azad edilən Qarabağda "etnik təmizləmə"lərə yol verildiyini belə iddia edib. Okamponun adı MDB məkanında qalmaqallı məhkəmələrdə də hallanıb. Məsələn, o, Centros Commerciales Antei şirkəti vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunan Vladislav Rezniki müdafiə edib.
Bir faktı da qeyd etmək yerinə düşər ki, lobbi ilə Ermənistan hakimiyyəti arasında siyahıda əks olunan şəxslərlə bağlı ortaq mövqe yoxdur. Lobbi hər vəchlə Azərbaycanla sülh razılaşmasına qarşı çıxır, revanşist qüvvələri dəstəkləyir. Ermənistanla Azərbaycan arasında son razılaşmalara qarşı çıxan lobbinin indiyə qədər əldə olunan razılaşmalara reaksiya bildirməməsi də bundan xəbər verir.
Rəsmi İrəvan isə qeyd olunan şəxslərlə bağlı heç bir mövqe ortaya qoymayıb. Görünən odur ki, Azərbaycanofobiya, türkofobiya erməni lobbisinin qurtula bilmədiyi xəstəlikdir. İki ölkə arasında münasibətlərin gərginləşməsi, Azərbaycan torpaqlarının işğalında da diasporun rolu bəllidir. Birinci və İkinci Qarabağ müharibəsi zamanı bölgəyə muzdlu terrorçuların göndərilməsi, maliyyə toplanması, xeyriyyə kampaniyaları altında marafonlar keçirilməsinin də ilhamvericisi məhz onlar olublar.
Bu kampaniyalar ona milyardlarla dollar gəlir gətirib. İndi isə Azərbaycan və Ermənistanın vasitəçilərin iştirakı olmadan sülhə doğru getmələri erməni lobbisinin planlarını pozub. Şübhəsiz ki, Azərbaycanda həbs edilən, məhkəmə qərarlarını gözləyən terrorçuların azad olunmasına çağırış ölkəmizə qarşı növbəti təzyiq vasitəsidir.
Görünən odur ki, erməni lobbisindən maliyyələşən dairələr Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar. Lakin hər dəfə olduğu kimi, bu dəfə də səyləri əbəs olacaq. Xocalı qatili Vaqif Xaçaturyanla bağlı qaldırılan hay-küy kampaniyası kimi, bu “təzyiq” də nəticəsiz qalacaq. Çünki hədə və haqsız tələblərə baxmayaraq, kütləvi qırğın və terror törətməkdə ittiham olunan şəxslərlə bağlı ədalətli məhkəmə prosesi keçiriləcək və günahkarlar layiqli cəzalarını alacaqlar.
Beləliklə, beynəlxalq anti-Azərbaycan şəbəkə ölkəmizə qarşı növbəti hücuma start verib, lakin bu dəfə Ermənistanın iştirakı olmadan. Kampaniyanı başladanların bu cəhdləri də uğursuz olacaq.