RU

“Zenit”i yenə taxtdan salan tapılmadı - TƏHLİL

Bizi bir ay böyük həyəcan içində saxlayan Avropa çempionatı başa çatdı.

Yavaş-yavaş klub futboluna qayıtmağın vaxtıdı. Qəzetimizin ənənəsini davam etdirərək ötən mövsümkü bəzi milli çempionatlara yekun vururuq. Bu yay bu rubrikaya Rusiya çempionatı ilə start veririk. Premyer-liqa adlanan turnir 2023/24-də olduqca maraqlı bir çempionluq mübarizəsinə səhnə oldu. Son tura üç komanda çempionluq şansı ilə daxil olsa da, “Zenit” növbəti dəfə hamını üstələdi.

Semakın dövründəki ən zəif komanda....
Kağız üzərində 2024-cü ili “Zenit” tarixinin ən yaxşı dönəmi saymaq olar. Çünki komanda ölkə daxilində bütün titulları – həm çempionluğu, həm kuboku, həm də superkuboku qazandı. Reallıqda isə bir çoxlarının fikrincə, bu “Zenit” Sergey Semakın dönəminə mövcud olan komandalar arasında ən zəifidi! Belə düşünənlərin əlində yetərincə əsas var. Məsələn, “Zenit” 30 tura 7 dəfə uduzmaqla özünün son 19 ildəki ən zəif göstəricisinə nail oldu. Bundan başqa komanda cəmi 57 xalla hamını üstələdi ki, bu, Rusiya çempionu üçün yeni bir antirekorddu. Və nəhayət, komandanın mövsüm ərzində cəmi 7 tur lider olduğunu da bildirək. Bütün bu faktların fonunda komandanın çempion olması problemləri ört-basdır etməməlidi.

Mövsümün əvvəlində komanda lideri və ən aparıcı futbolçusunu – Malkomu itirdi. “Zenit”in son illərdəki uğurlarında böyük rol oynayan “sambaçı” Səudiyyə Ərəbistanına yollandı. Semak “Malkomsuz necə oynayaq” sualına cavab axtarmağa çalışdığı müddətdə piterlilər xalları sağa-sola payladılar. Semak çıxış yolunu 3-5-2 taktikasına keçməkdə gördü. “Zenit” yavaş-yavaş oyununda balans taparaq “Krasnodar”la xal fərqini azaltmağa müvəffəq oldu. Amma komanda yenə də əvvəlki qədər əzəmətli təsir bağışlamırdı. Təkcə bir faktı vurğulayaq ki, “Zenit” “Dinamo” və “Lokomotiv”lə oyunlarda xala həsrət qaldısa, ÇSKA-ya qarşı iki oyunda cəmi 1 xal topladı. Bundan başqa, piterlilərin son anlarda oyunu öz xeyrinə çevirmək ənənəsi də yox oldu. Əksinə, komanda 75-ci dəqiqədən sonra 8 top buraxdı ki, bu da iki heç-heçə, üç bərabərliyin yaşanmasına səbəb oldu. Pozitiv məqamlardan “Zenit”in ən az (27) qol buraxan komanda olmasını qeyd etmək olar.

Həqiqətən də müdafiə planında komanda pis təsir bağışlamadı. Bundan başqa, Kassyerra 21 qol vuraraq inamlı şəkildə bombardir oldu və bir il əvvəlki uğursuzluğun əvəzini artıqlamasıyla çıxdı. Çünki 2022/23-də kolumbiyalı forvard premyer-liqada cəmi 2 qol vura bilmişdi. Qeyd edək ki, 3 komandanın son tura çempionluq şansı ilə daxil olmasına sonuncu dəfə 2013/14 mövsümündə rast gəlinmişdi. O vaxt ÇSKA “Zenit” və “Lokomotiv”lə dueldən qalib ayrılmışdı. Bu dəfə isə “Zenit” fanatlarına belə desək, cəhənəm əzabı yaşadaraq son turda “Rostov”la oyunda qələbə və çempionluq qolunu 85-ci dəqiqədə vurdu. Komanda ardıcıl 6-cı dəfə ölkənin ən güclüsü oldu. “Bavariya”nın 2023-də son turda qazandığı çempionluğun ardından ötən mövsüm başına gələnləri nəzərə alsaq, “Zenit” mütləq səhvlərindən nəticə çıxarmalıdı. Əks təqdirdə Semakın komandası da “Bavariya”nın aqibəti ilə üzləşəcək. Özü də nəzərə alaq ki, “Zenit” gələn il yüzillik yubileyini qeyd edəcək.

“Krasnodar” və “Dinamo”: uğurlu mövsüm, uğursuz sonluq
Həm “Krasnodar”ın, həm də “Dinamo”nun fanatları 2023/24-ün sonluğunu hələ uzun müddət unutmayacaqlar. Amma acı sonluğa baxmayaraq, hər iki kollektivə mövsüm ərzində sərgilədikləri oyuna görə böyük alqış düşür. Çünki onların heç biri çempionluğa namizədlər arasında göstərilmirdi. “Krasnodar” mövsümə əla başlayaraq ilk 12 turda uduzmadı. 2021/22-ni də nəzərə alsaq, komanda premyer-liqada məğlubiyyətsiz seriyanı 18-ə çatdırmaqla şəxsi rekordunu yenilədi. “Krasnodar” qış çempionu da oldu. Amma mətbuatda prezident Sergey Qalitskinin baş məşqçi Vladimir İviçin praqmatik oyun tərzindən narazı olması barədə xəbərlər səngimək bilmirdi. Sadəcə, onu qovmaq üçün əlinə fürsət düşmürdü. Bu fürsət martda yarandı. “Öküzlər” qış fasiləsindən sonra 2 tura cəmi 1 xal topladılar və ən əsası aşağı liqa təmasilçisi “Ximki”yə uduzaraq kubokda mübarizəni dayandırdılar. İviçin qovulması bütün şəhər üçün şok oldu. Qalitski həmin vaxt “Sabah”dan yenicə ayrılan və boşda olan Murad Musayevi üçillik fasilədən sonra Krasnodara qaytardı. Mövsümün ən vacib məqamında bu, çox riskli bir addım idi. Ədalət naminə Musayevin işinin öhdəsindən pis gəlmədiyini vurğulayaq. Komanda Qalitskinin istədiyi hücumameyilli futbolu sərgiləməyə başladı. 24-cü turda evdə “Zenit”ə məğlubiyyətdən sonra çoxları onların üzərindən xətt çəksə də, reallıq fərqli oldu. Düzdü, “Zenit” özü də çoxsaylı xal itkiləri ilə izləyicilərini həvəsləndirirdi. Son turda “Krasnodar” 85-ci dəqiqəyə qədər çempion idi! Amma Sankt-Peterburqdan gələn qol xəbəri şəhəri üzüntüyə qərq etdi. Bununla belə, “Krasnodar”ın tarixində ilk dəfə gümüş medalları qazandığını nəzərə alsaq, 2-ci yeri bu komanda üçün uğur saymaq olar.

“Dinamo” isə mövsümün əsl kəşfi oldu. “Krasnodar” müəyyən mənada heyətinin potensialına görə qızıl medallar uğrunda mübarizə aparmağa qadir görünürdüsə, “Dinamo”dan belə yüksəlişi heç kim gözləmirdi. Əminliklə söyləmək olar ki, Moskva təmsilçisinin 48 ildən sonra çempionluğu qazanmağa yaxın olması sərf məşqçi əməyinin nəticəsidi. Daha öncə 3 il “Orenburq”u çalışdıran və Rusiya futboluna yaxşı bələd olan çexiyalı Marçel Liçka “Dinamo”nu tam yeni səviyyəyə yüksəltdi. “Dinamo” tipik Rusiya klubuna bənzəmirdi. Komanda həm özü oynayırdı, həm də rəqiblərə oynamağa imkan verirdi. Onların ilk “5-lik”də həm ən çox qol vuran, həm də ən çox qol buraxan komanda olması təsadüfi deyil. Amma mövsümün ən həlledici anında – son turda “Krasnodar”la səfər matçında (0:1) “Dinamo” ümidləri doğrultmadı. Halbuki çempionluq üçün “ağ-göylər”ə 1 xal qazanmaq da kifayət edirdi. Belə tarixi fürsət Allah bilir, bir də neçə ildən sonra ələ düşəcək...

Abaskal “Spartak”da heç nə edə bilmədi
“Lokomotiv” mövsümə ciddi hədəflərlə başlasa da, ilk turlardan sonra komandanın çempionluq uğrunda mübarizə apara bilməyəcəyi bəlli oldu. Düzdü, sonradan “dəmiryolçular” yavaş-yavaş özlərinə gəldilər. Komanda hətta qış fasiləsinə “Dinamo”dan cəmi 1 xal geridə yollandı. Amma mart və apreldə itirilən xallar “Loko”ya baha başa gəldi. Bununla belə, 2023/24 mövsümü Rusiya futboluna Maksim Qluşenkovu bəxş etdi. İstedadlı futbolçu mövsümü 16 məhsuldar ötürmə ilə tamamlayaraq Halk (2015/16) və Dmitri Loskova (2003) məxsus rekordu təkrarladı. Qluşenkov artıq “Zenit”in üzvüdü və onun yeni mövsümdə necə təsir bağışlayacağı böyük maraq doğurur. “Spartak” özü üçün standart sayıla biləcək bir mövsüm keçirdi. Komanda mövsümün gedişində heç cür sabitlik yaxalaya bilmədi. Halbuki baş məşçi Gilyermo Abaskalın bütün istəkləri yerinə yetirilmişdi. Amma rəhbərliyin transfer bazarında fəallığına baxmayaraq, Moskva nəhəngi ondan gözlənilən nəticələri əldə edə bilmədi. “Spartak” mövsümə 3 inamlı qələbə ilə start versə də, sonradan eniş başladı. 10-cu turda “Krılya Sovetov” önündəki 0:4-lük darmadağından sonra hamını yalnız “Abaskal nə vaxt qovulacaq” sualı maraqlandırırdı. Rəhbərlik gənc ispaniyalı mütəxəssisə etimad göstərərək ona vəziyyəti düzəltmək üçün xeyli vaxt verdi. Amma vaxt ötdükcə Abaskal yalnız fəlsəfi və məzəli açıqlamaları ilə gündəmə gəlməyə başladı. Onun bir çox futbolçularla münasibətləri də qaydasında deyildi. 24-cü turda sonuncu pillədəki “Soçi” ilə oyunda qeydə alınan məğlubiyyət Abaskalın qovulmasıyla nəticələndi. Komanda mövsümü Vladimir Slişkoviçin başçılığı altında 5-ci pillədə tamamladı. “Ağ-qırmızılar” kubokda finala yüksəlməyə yaxın olsalar da, həlledici oyuna bir addım qalmış “Baltika”ya boyun əydilər.

Mövsümün əsas xəyal qırıqlığı isə ÇSKA oldu. Vladimir Fedotovun komandası həmişəki kimi çempionluğa namizədlər arasında göstərilsə də, sonda 6-cı yerlə kifayətlənməli oldu. Yeganə təsəlli komandanın 56 qolla məhsuldarlıq baxımından hamını üstələməsi oldu. Onu da vurğulayaq ki, “Spartak” yeni mövsümə Deyan Stankoviçin, ÇSKA isə Marko Nikoliçin rəhbərliyi altında start verəcək.

Избранный
116
football-plus.az

1Источники