RU

Qadınların fəallığının yüksəldilməsinə həsr olunan “dəyirmi masa”

2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Mil­li Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivə­sində iyulun 24-də “dəyirmi masa” keçirilib.

MSK-nın müxtəlif statuslu seçki iş­tirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı əsasında ger­çəkləşdirilən layihə cəmiyyətdəki aktiv mövqeyi, məqsədyönlü fəaliyyətləri gün­bəgün güclənən Azərbaycan qadınlarının qarşıdan gələn seçkilərdə fəallıqlarının daha da yüksəldilməsi üçün yaradılan ge­niş və hərtərəfli imkanların müzakirəsinə həsr olunub.

Tədbirdə çıxış edən MSK sədri Mə­zahir Pənahov qurumlararası sıx əmək­daşlıq sayəsində ərsəyə gələn müxtəlif layihələrin qadınların seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, məlumatlılığının artırılması, eyni zaman­da, fəallığı baxımından mühüm əhəmiy­yət kəsb etdiyini vurğulayıb. O ölkəmizdə keçirilən seçkilərdə qadınların rolunun çox böyük olduğunu, həmçinin seçicilə­rimizin çoxunun qadınlar olduğunu bildi­rib. Seçkilərdə fəallığı baxımından gözə görünməyən, amma effektli olanlar da qadınlardır.

Artıq yeni bir Azərbaycanda yaşadığı­mızı qeyd edən MSK sədri deyib: “Azər­baycan 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə bu xalqın, yenilməz Ordumu­zun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu dövrdə yaşamağımız bizə nəsib olan çox böyük bir xoşbəxt­likdir. Azərbaycan yüz illərdir arzu etdiyi, həsrətində olduğu halların reallaşdığını görür. Ona görə çalışmalıyıq ki, bizə aid olan sahələrdə öz fəaliyyətimizi həmin standartlar üzərində quraq. Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra artıq ikinci dəfə seçki keçirəcək. Birincisi fevral ayında keçirilən prezident seçkiləri idi. Biz onu “Zəfər seç­kisi” adlandırırdıq. Mən hesab edirəm ki, o, prezident seçkiləri ilə bağlı Zəfər seç­kiləri idi, bu isə Milli Məclisə seçkilər baxı­mından Zəfər seçkisi olmalıdır”.

Dəyirmi masada çıxış edən Ailə, Qa­dın və Uşaq Problemləri üzrə Dövlət Ko­mitəsinin sədri Bahar Muradova vurğu­layıb ki, istər qadın, istər kişi olaraq biz, ilk növbədə, hüquqlarımızı bilməliyik. Hər bir Azərbaycan vətəndaşının ölkənin icti­mai-siyasi həyatında, bütün səviyyələrdə bərabər şəkildə iştirak hüququ var. Bu hüquqdan bərabər istifadə edək, bəra­bər iştirak edək və təmsil olunaq. Eyni zamanda, nəticələrə məsuliyyətlə cavab­dehlik daşıyaq.

Komitə sədri deyib ki, bizim bu qəbil­dən olan məlumatlandırma kampaniya­larımızın məqsədi bu bərabərliyi təmin etməkdir. Biz bütün demokratik ölkələrin əksəriyyətindən əvvəl qadınlara seçmək və seçilmək hüququ vermişik. Keçdiyimiz inkişaf yolu, əldə etdiyimiz nailiyyətlər bizi o həddə gətirib çıxarıb ki, biz kişilərdən öndə olmalı deyil, onlarla çiyin-çiyinə, bərabər şəkildə qurduğumuz bu dövlətə töhfələrimizi verməliyik, bərabər iştirak et­məliyik, bərabər cavabdehlik daşımalıyıq.

Sonra “dəyirmi masa”nın gündəliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təmsilçilərinin təqdimat­ları dinlənilib. İştirakçılar seçki hüququ­nun konstitusion əsasları, onun təmin edilməsi və həyata keçirilməsi formaları, eləcə də Milli Məclisə seçkilərdə qadın­ların fəallıqlarını daha da artırması üçün imkanlar barədə ətraflı məlumatlandırılıb.

Tədbirdə Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərləri və digər təmsilçiləri ilə yanaşı, qadın məsələləri üzrə təşkilatlar, vətəndaş cəmiyyəti insti­tutları və ictimai birliklərin nümayəndələri iştirak ediblər.

Избранный
92
40
xalqqazeti.az

10Источники