Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, səhərdən arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 28-32° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60, gündüz 70-75 faiz təşkil edəcək.
İyulun 27-də Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, səhərdən arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 25-26° isti olacaq.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 12-17°, gündüz 17-22° isti olacağı bildirilir.