RU

İran şahına boyun əyməyən böyük Azərbaycan şairi Şəhriyarın DOĞUM GÜNÜDÜR – Onun Azərbaycana gəlişinə kimlər mane oldu?

Bu gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 118-ci ildönümü tamam olur.



Şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.



Əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi olan Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib.



***



Məşrutə inqilabı illərində ailəsi Şəhriyarı Heydərbaba dağının ətəyində yaşayan nənəsinin yanına yollayır. İnqilab yatışandan sonra o, ailəsinin yanına geri qayıdır.







Şəhriyarın ədəbiyyata marağı uşaqlıq illərindən başlayıb. Burada onun valideynlərinin də rolu çox olub. O, 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə farsca şeirlər yazır. Hafizin, Məhəmməd Füzulinin qəzəllərini oxuyur və onlardan bəhrələnir.



***



İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində alır. Behcət təxəllüsü ilə şeirlər yazmağa başlayır. Məhəmməd Hüseyn Tehranda olarkən Behcət təxəllüsünü bəyənmir və iki rəkət namaz qılır, sonra Hafizin kitabı ilə fal açır və bundan sonra özünə Şəhriyar təxəllüsünü götürür.Şəhriyar Tehrana gəldiyi ilk günlərdən Ustad Əbulhəsən Səba ilə tanış olur, saz (setar) çalmağı və İran musiqisinin bir çox növlərini ondan öyrənir. Mədrəsə təhsili başa çatandan sonra Tehran universitetinin tibb fakültəsində təhsil alır.



Tələbəlik illərində Sürəyya adlı gözəl bir qıza vurulan Şəhriyar o qıza şeirlər həsr edir. Deyilənlərə görə, həmin vaxt Sürəyyanı şahın qohumlarından olan başqa bir nəfər də sevir. Qızın və şahın qohumları Şəhriyara təzyiq etməyə başlayırlar. Universitetin son kursunda şah rejimi onu Nişapura sürgün edirlər. Sevgilisi üçün bəstələnən şeirlərin içərisində ən məşhuru «Yar qasidi» şeiri olub ki, sonralara şair bu şeiri ağlaya-ağalaya məclislərdə deyib. Şəhriyar sevgisini belə ifadə edib:



«Sürəyyanın eşqi olmasaydı men şair yox, həkim olardım»…



***



Bəzi mənbələrdə isə Şəhriyarın sürgün edilməsinə səbəb kimi onun şah haqqında yazdığı qəsidədə şahı tənqid etməsi olub. 1937-ci ildə Şəhriyar sürgündən Təbrizə qayıdır.







20-ci illərin ortalarından etibarən o, artıq istedadlı gənc şair kimi tanınmağa başlayır. “Mahi səfərkərde”, “Tuşeyi-səfər”, “Pərvanə dər atəş”, “Qoğayi-qurub”, “Buyi-pirahən”, “Pərto payənde”, “Yari qədim”, “Xumari şəbab”, “Naleyi nakami”, “Şahidi pəndari”, “Şəkərin pistə xamuş”, “To be man və digəran”, “Naleyi-noumidi”, “Qurubi Nişabur”, “İntizar”, “Əşki Məryəm”, “Şairi əfsanə” kimi əsərlərini yaradır. Şəhriyarın şah əsərlərindən biri isə 400 beytlik “Təxti Cəmşid” əsəri olur.



***



Şəhriyar 1951-ci ildə ona böyük məşhurluq gətirən “Heydərbabaya salam” şeirini yazır. Bu poema sabiq Sovetlər Birliyi xalqlarının 90 faizinin dilinə tərcümə və çap olunur.Şeirin Türkiyədə tanınmasının səbəbkarı isə Məmmədəmin Rəsulzadə olur.







1952-ci ildə Şəhriyarın anası vəfat edir. Şair bundan bir il sonra Təbrizə gəlir və qohumları olan Əzizə Əmid Xaliqi xanımla ailə qurur. Bu evlilikdən Şəhrzad, Məryəm və Hadi adlı üç övlad dünyaya gəlir.



***



1967-ci ildə nəsx xətti ilə Quranı yazmağa başlayır və onun üçdə bir hissəsini tamamlayır.



***



Şəhriyar azərbaycanlı şair və yazıçılarla tez-tez məktublaşır, yazışır. Molla Pənah Vaqifin 250 illik yubileyinə gəlməyi planlaşdırsa da, buna mane olanlar da tapılır. Yazıçılar Birliyi onun Bakıya gəlişi üçün dəvətnamə göndərir. Amma dəvətnamə Şəhriyara yox, başqa birinə çatır. Bu səbəbdən də Şəhriyar çox arzulasa da, Azərbaycana gələ bilmir. Onun gələ bilməməsindən məyus olan həmkarı Məmməd Araz “Gəlmədi” adlı şeir də yazır.



1974-cü ildə Şəhriyarın həyat yoldaşı Əzizə xanım dünyasını dəyişir. Şair bu hadisədən çox sarsılır. Özünü yaradıcılıq və ədəbiyyatla ovutmağa çalışır.



***



Ustad ömrünün son illərində Tehranda yaşayır. Amma çox istəyirdi ki, Şiraza gedib Hafizin məqbərəsinin yaxınlığında yaşasın. Bu istək onun “Ey Şiraz” və “Dər barqahi Sədi” şerlərində öz əksini tapıb. Amma sonralar bu fikrindən dönür. Tehranda yaşamaqdan yorulduğu üçün hara gedəcəyi barədə bir qərara gələ bilmir. Bir gün isə o, heç kəsə, hətta ailəsinə də bildirmədən Tehrandan Təbrizə köçür.



***







M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poemasıdır. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib. Şairin ata-baba yurdunun şirin xatirələri ilə yaşayan, “Heydərbabaya salam” poeması haqqında M.Rövşənzəmir yazırdı: “Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeiri nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaqdır”.



Məhəmmədhüseyn Şəhriyarın xatirəsi ədəbiyyatsevərlərin ürəyində əbədi yaşayır və sevilir. O, 18 sentyabr 1988-ci ildə 82 yaşında Təbrizdə vəfat etsə də, o gün hər il İranda “Milli şeir günü” kimi qeyd edilir.

Избранный
110
ictimaimedia.az

1Источники