RU

Ermənistan üçün kapitulyasiya aktı

Vətən müharibəsində ağır məğlubiyyətlərdən, xüsusilə də Şuşa işğaldan azad edildikdən sonra Ermənistan tərəfi təslim olmaq məcburiyyətində qaldı. Azərbaycan Ordusu müharibə qaydaları daxilində apardığı hərbi əməliyyatlar düşmən ordusunun belini qırdı. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu Bəyanat Ermənistan üçün kapitulyasiya aktı oldu.

Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və erməni miflərinə son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

İmzalanmış Üçtərəfli Bəyanata əsasən üç rayonumuz hərbi əməliyyatlarsız işğaldan azad edildi ki, bu da hərbi qələbəmizin və ölkə başçısının diplomatik məharətinin nəticəsində mümkün oldu. 10 noyabr Bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin yer almaması özlüyündə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdir. Bəyanata imza atmaqla Ermənistan üzərinə bir sıra öhdəliklər də götürmüş oldu. Bir sözlə, Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail olub.  Mövcud olan əsas məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Məhz post-münaqişə dövründə keçirilən həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə əsas müzakirə mövzusu dövlətlərarası sərhədlərin dəqiqləşdirilməsi və sülh müqaviləsinin imzalanmasıdır.

Azərbaycanın hərbi Zəfərindən irəli gələn və diplomatik uğurumuz olan 10 noyabr Bəyanatının imzalanması ilə əslində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində mövcud olan vasitələri də yeniləmiş oldu. ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilmiş oldu.

Artıq Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə davamlı bərpa-quruculuq işləri həyata keçirir, müasir infrastruktur yaradır. Həyata keçirilən bu genişmiqyaslı bərpa-quruculuq layihələri Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi ilə yanaşı ümumilikdə regionun iqtisadi baxımdan canlandırılmasında mühüm rol oynayacaqdır. Bütün bunlardan əlavə, ölkəmiz regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün danışıqların aparılmasında maraqlıdır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün keçirilən bütün görüşlərdə isə nəticələr ölkəmizin istəyinə uyğun və diplomatik üstünlüyü ilə yekunlaşır. Bu da öz növbəsində təsdiq edir ki, Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb və bu reallıqların qəbul edilməsi qaçılmazdır.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri

 

Избранный
865
50
ikisahil.az

10Источники