RU

Əli İnsanovun yorğan davası - ŞAPUR QASİMİ YAZIR

Bu günlərdə Tural Sadıqlının “Azad söz” kanalının efirində Əli İnsanovun ona verdiyi müsahibəyə rast gəldim. Müsahibə ilk baxışda ənənəvi adi müsahibə kimi görünsə də, məzmununda olan bəzi özəl xüsusiyyətlər nəzərimi cəlb etdi.

T.Sadıqlı Əli İnsanovdan Heydər Əliyev və İlham Əliyev hakimiyyəti dövrünü müqayisə etməyi xahiş edir.

Əli İnsanov deyir ki, H.Əliyev və İ.Əliyev hakimiyyəti dövrünün estafet xarakterini çıxdıqdan sonra, heç bir eynilik ola bilməz:

“Bunlar başqa-başqa idarəçilik və idarəetmə səviyyələridir. O zaman çox ağır, qanlı, qadalı dövr idi. Neft məsələsinə xarici dövlətlərdən müqavimət göstərirdilər. Ölkənin iqtisadiyyatı bərbad vəziyyətdə, xaricdən təpkilər var idi. Lakin H.Əliyev öz siyasi təcrübəsi və bacarığı ilə ölkəni ağır vəziyyətdən çıxardı. İlham Əliyevin vaxtında isə ölkəyə ancaq neftdən 400 milyard və s. sərvətlərdən gəlirlər, gəlməsinə baxmayaraq, ölkədə heç bir problemin həll edilməməsi, daxili qarşıdurmalar, ölkə əhalisi ac-yalavac, xarici siyasət bərbad vəziyyətdədir.

T.Sadıqlının, – “Siz həm Heydər Əliyevin, həm də İlham Əliyevin hakimiyytəində təmsil olunmusunuz. İlham Əliyevin vaxtında onun siyasətinə etirazlarınız olmuşdurmu?” – sualına Əli İnsanov cavab verir:

“Heydər Əliyevin hakimiyyəti dövründə də hakimiyyət daxilində narazılıqlar, çatışmamazlıqlar var idi. Mən o vaxt da çox kəskin çıxışlar etmişəm. Ancaq biz gəncliyimizə çox ümüdlə baxırdıq. Lakin çox tez bir zamanda məlum oldu ki, İlham Əliyev bu problemləri həll və ölkəni idarə etmək qabliyyətinə malik deyil. Qarabağın azad edilməsi və bizim başqa gözləntilərimiz baş vermədi. Biz başa düşdük ki, Qarabağı azad edə bilməyəcəyik. İqtisadiyyatımız bu günə düşəcək. Yəni bu günkü vəziyyətə. Mən öz etirazlarımı bildirdim, işdən getdim, həbs edildim. Mən heç vaxt İ.Əliyevin hakimiyyətinin zorla dəyişdirilməsinin tərəfdarı olmamışam”.

Əli İnsanovun müsahibəsinin məzmun və mahiyyətinin oxucuya aydın olması üçün mən bu müsahibəni hissə-hissə şərh edəcəyəm. Yoxsa müsahibənin əsl məzmunu, mahiyyəti və məqsədi oxucuya aydın olmayacaq. Çünki o, məsələnin ona sərfəli olmayan məqamlarını pərdə arxasında saxlayaraq açıqlamır. Məsələlərin göz önündə olan məqamları isə öz məqsədinə yarayan şəkildə qabardır.

Əvvəlcə onu qeyd edim ki, Heydər və İlham Əliyevlərin bütün şəxsi xüsusiyyətlərinin tamamilə fərqli olmasından başqa, onları bir fərd olaraq formalaşdıran ictimai mühit, həm də onları əhatə edən konkret şərait tamamilə fərqlidir. Heydər Əliyevin uşaqlıqdan başlayaraq 1969-cu ildə Azərbaycan SSR-nin KP MK-nın I katibi vəzifəsinə qədər keçdiyi həyat yolunu, bu vəzifədə 1982-ci ildə SSRİ-nin Baş nazirinin I müavini təyin edilənədək respublikanı idarə etməsinin üsulu və xüsusiyyətlərini, eləcə də Qorbaçov hakimiyyətə gəldikdən sonra birincilik uğrunda mübarizədə ona uduzduğunu və hakimiyyət piramidasından uzaqlaşdırılacağını yəqin etdikdən sonra Bakıda hakimiyyəti əlinə alana qədər həyata keçirdiyi genişmiqyaslı, çoxtərəfli, mürəkkəb kompleks əməliyyatları, həm də 1993-cü ildə Bakıda hakimiyyəti ələ aldıqdan sonra ölənədək etdiklərini İlham Əliyev edə bilməzdi. Bu da onların şəxsi xüsusiyyətlərindəki əsaslı fərqdən başqa, onların respublikanı idarə etdikləri dövrlərdə həm ölkədaxili, həm də qlobal miqyasda və ölkə ətrafında gedən beynəlxalq proseslərin məzmun və mahiyyətinin tamamilə fərqli olması ilə birbaşa əlaqədardır.

Həm də H.Əliyev hələ Moskvadan qayıtmamışdan xeyli əvvəl Bakıda hakimiyyətə qayıtmaq üçün reallaşdırdığı kompleks əməliyyatların yerinə yetirilməsi üçün zəruri olan şərtləri, o cümlədən özünün kadr potensialını uzun illər işlədiyi vəzifələrdə daim, məqsədyönlü şəkildə formalaşdırmışdı. Təbii ki, bu sahədə də öz istedadına uyğun məqsədi, xarakteri və iş üsulunu da. Hətta H.Əliyev özünün bütün komanda üzvlərinə nə etmək, nəyi necə etmək tapşırıqlarını, eləcə də komanda üzvləri arasında müəyyən etdiyi iş bölgüsünə uyğun onların qarşılıqlı münasibətlərindəki hüquqlarının məzmun və çərçivəsini də şəxsən özü təyin edirdi. Məsələn, H.Əliyev ölkənin prokurorluğunu və məhkəməsini daxili işlər naziri Ramil Usubova tabe etmişdi. R.Usubovun bu sahədəki işlərinə hətta ölkənin “boz kardinalı” olan Ramiz Mehdiyev belə qarışa bilməzdi.

Bir dəfə Prezident Aparatında hüquq-mühafizə orqanları şöbəsinin müdiri Fuad Ələskərov iclas zamanı Ramil Usubovdan H.Əliyevə şikayət etməyə cəhd etdikdə, H.Əliyev demişdi ki, – “Mən sizin hamınıza bir də deyirəm, heç kəs mənə Ramil Usubovdan şikayət etməsin. Ramil Usubov ancaq mənim əmrlərimi yerinə yetirir. Bir də kimsə ondan mənə şikayət etsə, onun özünü (yəni – şikayət edəni – Ş.Q.) cəzalandıracağam. Siz hamınız bilirsiniz ki, mən necə cəzalandırıram”.

Əlbəttə, H.Əliyevin bu sözlərinin mənasını hamı yaxşı anlayır və cəza mexanizmlərinin reallaşdırılması üsullarını çox yaxşı bilirdilər. Ramiz Mehdiyev və Ramil Usubov H.Əliyev dövründən tutduğu vəzifələrindən uzaqlaşdırılana qədər nəinki Fuad Ələsgərov, eləcə də İlham Əliyev ölkə prokurorluğu və məhkəməsinin Ramil Usubova tabeliyini ləğv edə bilmədi. Onların dövlət piramidasının müxtəlif pillələrində yerləşdirdikləri kadrları dövlət mexanizmindən təmizlənmədikcə R.Mehdiyev, R.Usubov və H.Əliyevin digər səhra komandirlərinin dövlət idarəçiliyi prosseslərinə müəyyən dərəcədə müdaxilə və təsir imkanlarını özlərində saxlayırlar.

H.Əliyev öz komanda üzvlərini müxtəlif mənbələrdən seçib gətirərək, onların əllərini rüşvət, korrupsiya, digər cinayətlərə bulaşdırmaqla özünə müti vəziyyətə salaraq, onları rahat və arxayın idarə edirdi. Bu vəziyyətdə onların H.Əliyevin təyin etdiyi çərçivədən cüzi yayınması belə, onlara illərlə məşəqqətli zindan, sonradan da ömür boyu cəmiyyətin bataqlığında keçən əzablı həyata başa gələrdi.

İlham Əliyev prezidentliyə namizəd statusunda televiziya ilə ilk çıxışında, – “Mən Qarabağ müharibəsi (I Qarabağ müharibəsi – Ş.Q.) dövründə Moskvada kommersiya ilə məşğul idim və bununla fəxr edirəm”, – dedi. O, siyasətçiyə xas olmayan bu sadəlövh və səmimi etirafı ilə siyasi meydanda özünün hələ naşı oyunçu olduğunu ortaya qoydu.

İ.Əliyev hakimiyyətinin H.Əliyev hakimiyyətinin estafeti olduğu isə həqiqətdir. Həm də bu estafeti H.Əliyevin komanda üzvləri reallaşdırıb. Özü də törətdikləri ağır və genişmiqyaslı cinayətlərə görə layiqli cəzadan yaxa qurtarmaq xatirinə. İlham Əliyev ilk dəfə prezident postuna sahib olduqdan sonra televiziya ilə yayımlanan elə ilk iclasda H.Əliyevin bu estafeti reallaşdırmış komanda üzvlərinə müraciətlə dedi: “Əgər mən prezident seçilməsəydim indi siz hamınız türmədəydiniz”. Bununla da, o, bu komanda üzvlərinin hamısının bir nəfər kimi cinayətkar olduğunu açıq elan etmiş oldu. Lakin onun H.Əliyevin miras qoyduğu tayfa quldarlığı quruluşu ilə H.Əliyevin ölməmişdən əvvəl qoyduğu qaydayla, – “Mən H.Əliyevin işini davam etdirəcəyəm, çünki, H.Əliyevin komandası var”, – deyərək, işləməkdən başqa yolu da yox idi.

Heydər Əliyev ilə İlham Əliyevin idarəçiliyi arasındakı əsas fərq isə bundan ibarətdir ki, nə qədər H.Əliyev sağ idi, komanda üzvləri ona müti və tabe idi. İlham Əliyev hakimiyyətə gəldiyi gündən isə H.Əliyevin komandasını Ramiz Mehdiyev idarə edirdi. H.Əliyev öləndən sonra onun komandasında hətta H.Əliyevin özünün ehtiyatla davrandığı müstəqil və şəxsiyyətli adam olan Milli Təhlükəsizlik naziri Namiq Abbasovun səfir göndərilərək Azərbaycandan uzaqlaşdırılmasının səbəbi də Ramiz Mehdiyevin onu idarə etməsinin mümkünsüzlüyü idi.

Əlbəttə, tədricən İ.Əliyev püxtələşərək öz kadrlarını hakimiyyət piramidasında yerləşdirdi və sonda R.Mehdiyevin hegemonluğuna və siyasi karyerasına rəsmən son qoyuldu. Lakin R.Mehdiyevin dövlət mexanizmindən tam kənarlaşdırılması, Ramil Usubovun Daxili İşlər naziri vəzifəsindən çıxarılması hələ nəinki H.Əliyevin ölkənin strateji sahələrini idarə edən səhra komandirlərinin, hətta onların icraçı dəstələrinin belə dövlət mexanizmindən təmizləndiyi anlamına gəlmir.

Yəni Əli İnsanovun “İ.Əliyevin idarəçiliyi dövrü” adlandırdığı dövrün çox hissəsində dövləti H.Əliyevin komandası idarə etmişdir. Son bir neçə ildə isə İ.Əliyevin müəyyən qədər formalaşdırdığı komanda ilə H.Əliyevin səhra komandirlərinin dəstələri arasında dövlət mexanizminin əsas strateji sahələrində hegemonluq uğrunda gedən mövqe mübarizəsi artıq hakimiyyət uğrunda açıq savaşa çevrilmə mərhələsinə keçib. Əli İnsanovun da müsahibəsinin məzmunu bunun anonsudur.

H.Əliyevin və İ.Əliyevin idarəçilik dövrlərinin yuxarıda qeyd etdiyim əsas özəlliklərini bilməyən və dərk etməyən oxucu, dinləyici kütləsinin nəzərindən yayındıraraq, İ.Əliyev dövründə idarəetmə sahəsindəki bütün çatışmamazlıqları təkcə onun boynuna yükləməklə, onun dövlət başçısı olaraq heç bir qabliyyəti, bacarığı olmayan birisi kimi çıxdaş edilməsinə yönəldiyi aşkar görünür. Əgər Əli İnsanov özünü dövlətin və cəmiyyətin idarə edilməsi sahəsində BİLƏNDƏR bir kimsə hesab edir və cəmiyyətdə əsaslı müsbət dəyişikliklər edilməsi məqsədini təqib edirsə, o, Əliyevlərin idarəçilik dövrlərinin hər ikisində həm ölkə daxilində, həm beynəlxalq, ölkəətrafı, prosseslərdə Azərbaycana olan münasibəti, ölkənin idarə edilməsində yuxarıda göstərdiyim amillərlə yanaşı, digər mənfi və müsbət cəhətləri göstərməklə ortaya obyektiv düşüncə, təhlil nəticəsi qoymalı idi. Bunun əksində, müsahibənin süjetinin məhz Heydər və İlham Əliyevlərin idarəçilik dövrünün fərqləri kimi qoyulması, heç şübhəsiz, Əli İnsanovun istəyi və təşəbbüsü ilədir.

Əgər Tural Sadıqlı peşəkar jurnalist olsaydı sualı, – “Azərbaycandakı mövcud quruluş mahiyyət etibarı ilə nədir, onu kim qurub, Heydər və İlham Əliyevlərin dövründə bu quruluşun məzmununda, mahiyyətində və idarə edilməsinin məzmun, mahiyyət və formasında hansı dəyişikliklər baş verib?”, – kimi qoyardı. Həm də Əli İnsanovun gözardı edib iri addımlarla üstündən sükutla keçdiyi mühüm hadisələri, faktları ona xatırladaraq, onlara izah istəyərdi. Çünki bəşər cəmiyyəti yaranandan hər bir ölkədə, toplumda baş verən bəzi təbii fəlakət və hadisələr istisna edilməklə bütün proses və hadisələr mövcud iqtisadi-ictimai quruluşun məzmun və mahiyyətindən qaynaqlanmaqla bərabər, həmin quruluşun mahiyyət çərçivəsində baş verir.

Bu günə ölkədə mövcud olan quldurluq üsulları ilə idarə edilən tayfa quldarlıq quruluşunun müəllifi və baş memarının məhz Heydər Əliyev olduğu heç bir mübahisə və müzakirə predmeti ola bilməz. Bunu bütün dünya, o cümlədən bütün Azərbaycan vətəndaşları da bilir.

O ki qaldı bu quruluşun qurulmasında, eləcə də onun idarə edilməsində H.Əliyevin komandasında kimin əməyinin nə qədər olmasına, buna da Ə.İnsanov müsahibəsində özü iddia edir ki, – “Bu prossesdə heç kim mənim, (yəni Əli İnsanov – Ş.Q.) qədər iş görməyib və görə də bilməz”. Yəni bu quruluşun əsas müəllifi və baş memarının Heydər Əliyev deyil, özünün olduğunu iddia edir. Olsun. Əgər onun bu sözlərini əsas götürsək, aydın olur ki, ölkədəki mövcud müdhiş quruluşun əsas müəllifi və baş memarı H.Əliyev yox, Əli İnsanovdur. Hətta onun bu iddiasını, yalan, lovğalıq kimi qəbul etsək belə, ölkə ərazisinin 20 faizinin işğal olduğu, bütün istehsal, xidmət müəssisələrinin digər infrastrukturların mütləq əksəriyyətinin iflic olduğu, ölkədə müharibə şəraiti, bir milyon qaçqın, köçkün, ölkə tarixində ən yüksək səviyyəli işsizlik, əhalinin ac-yalavac, dövlət büdcəsinin boş, Əli İnsanovun Səhiyyə naziri olduğu həmin dövrdə xaricdən respublikaya humanitar yardım olaraq sədəqə həcmində ölkəyə göndərilən dərmanlar, digər tibbi ləvazimatların şəxsi apteklərdə satıldığını, Əli İnsanov həbs edilərkən ondan müsadirə edilib götürülən pul və mülkiyyətin miqdarı, öklənin belə fəlakətli vəziyyətində qısa müddət ərzində onun, – “hamıdan çox etmişəm” iddiasının həqiqi məzmununu ortaya qoyur.

Əli İnsanovun, – “Ölkəyə təkcə neftdən 400 milyard gəlir gəldiyi halda ölkə əhalisinin ac-yalavac olduğu”, faktına gəldikdə isə onun da eşidib şahid olduğu, bildiyi, lakin yada salmadığı bir məsələyə baxaq.

(Ardı var)

Şapur QASİMİ

Избранный
126
hurriyyet.az

1Источники