Ağstafa RİH başçısı Seymur Orucov Dövlət İmtahan Mərkəzinin (DİM) 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanan ağstafalı abituriyentlərlə görüşüb.
"Unikal" xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasının qarşısında, açıq hava şəraitində təşkil edilən görüşdə aidiyyəti üzrə məsul şəxslər, yüksək bal toplayan abituriyentlər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı abituriyentlərə dövlətimiz tərəfindən onlar üçün yaradılan yüksək şəraitdən maksimum yararlanaraq göstərdikləri əzmkarlıq və çalışqanlığa görə təşəkkür edib, gələcək hədəflərinə çatmaq üçün onların daha böyük uğur və müvəffəqiyyətlər qazanacaqlarına əmin olduğunu bildirib.
Digər çıxış edənlər – Ağstafa Təhsil sektorunun müdiri Mədət Zeynalov, rayon ictimaiyyətinin nümayəndəsi, şair Rüfət Axundlu, eləcə də buraxılış imtahanında maksimum 300, ümumilikdə 669 bal toplayan İsgəndərli Həcər Emil qızı və qəbul imtahanında 682 bal toplayaraq yüksək nəaliyyət əldə edən abituriyent Axundov Nurlan Saleh oğlu ölkəmizdə elmə, təhsilə göstərilən yüksək diqqət və qayğıdan söz açıb, bu sahədə əldə olunan böyük uğurlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
RİH başçısı abituriyentləri Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Fəxri Fərman və hədiyyələri ilə təltif edib.
Görüşün sonunda abituriyentlərlə xatirə şəkli çəkdirilib.