Müəllif:Ayşən İmanova/Banco.az
“BMW” iyul ayında ilk dəfə daha çox elektrokar (BEV - batareya ilə işləyən elektrik avtomobilləri) sataraq, "Tesla"nı Avropa elektrikli avtomobil bazarının zirvəsindən saldı.
Banco.az xəbər verir ki, bu barədə "JATO Dynamics" analitik şirkəti məlumat yayıb.
Məlumata görə, iyul ayında “BMW” Avropada 14 869 yeni elektrik avtomobili, "Tesla" isə 14 561 yeni elektrikli avtomobil satıb.
“BMW” elektrokarlarının satışları illik müqayisədə 35% artaraq Alman avtomobil nəhənginə ABŞ şirkətini ötməyə imkan verib. Qeyd olunur ki, iyul ayında "Tesla"nın Avropada satışlarında azalma olub. "Model Y"in satışları 2023-cü ilin iyul ayı ilə müqayisədə 16%, "Model 3"ün satışları 17% azalıb. Eyni zamanda, digər modellər ilə böyük fərqlə "Model Y" Avropada ən çox satılan BEV markası olaraq qalıb.
Avropa bazarında ən populyar 5 elektrik avtomobil markasına iyul ayında 12 200 BEV satan "Volkswagen", "Volvo" - 10 500 və "Audi" - 8 600 daxildir.