22-24 avqust tarixlərində Prezident İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfərin ilk günündə Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar. Ardınca Daşkənddəki Müstəqillik abidəsi ziyarət olunub.
Avqustun vqustun 23-də Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Bunun ardınca Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin məhdud tərkibdə görüşü olub. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıması məmnunluqla vurğulandı, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olundu, beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Elə həmin gün Daşkənddə hər iki ölkə başçısının iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. Prezidentlər İlham Əliyevlə Şavkat Mirziyoyev iclasda çıxış ediblər. Həmin gün prezidentlərin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi də olub. Əvvəlcə hər iki prezident “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıb, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər. Bunun ardınca isə iki dövlət arasında müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb. Sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü də keçirilib. Eyni zamanda həmin gün Daşkənddə Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala konserti olub. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida Mirziyoyeva konsertdə iştirak ediblər. Bununla yanaşı, Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib. Avqustun 24-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb.
Azərbaycan Prezidentinin Özbəkistana səfəri, əldə edilən razılaşmaların əhəmiyyəti, iki ölkə arasında münsibətlərin strateji əhəmiyyəti ilə bağlı fikirlərini Medianews.az-a bölüşən siyasi şərhçi Gülsel Səfərova bildirib ki, Orta Asiyada türk ideoloji birliyini irəli apara biləcək üç ölkədən biri Özbəkistandır.
Onun sözlərinə görə, Özbəkistanın yerləşdiyi coğrafiya, hazırda həyata keçirdiyi islahatlar və dünyaya açılımı bunu vəd edir: “Özbək və Azərbaycan xalqlarını ümumi dil qrupu, yaxın milli mədəniyyət və din birləşdirir. Hələ 1997-ci ildə ulu öndər Heydər Əliyevin Özbəkistana rəsmi səfəri etmişdi və həmin səfər münasibətlərin inkişafında yeni mərhələ hesab olunurdu. Prezident İlham Əliyevin Özbəkistana bu dəfəki səfəri türk dünyası və ikitərəfli münasibətlərdə yeni dövrün başlanmasının çarçısıdır. Dövlətimizin başçısı vurğulayıb ki, qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik. Ümumiyyətlə, Azərbaycan xarici siyasətində Şanxay Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi gələcəyi olan strateji qurumlarla ciddi əməkdaşlıq iradəsini nümayiş etdirməklə yanaşı, ayrı-ayrılıqda ikitərəfli münasibətləri möhkəmləndirməyi strateji hədəf kimi qoyduğu qənaətindəyəm”.
Siyasi şərhçi deyib ki, iki ölkə arasında təkcə siyasi deyil, mədəniyyət, elm və ədəbiyyat istiqamətində münasibətlər də dərin köklərə dayanır: “Bakıda Əlişir Nəvainin, Daşkənddə Nizami Gəncəvinin abidələri ucaldılıb. Azərbaycanda bir qəsəbə Nəvainin adını daşıyır. Özbəkistan Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvi adınadır. Azərbaycan bəstəkarı Arif Məlikovun özbək yazıçısı Şərəf Rəşidovun əsəri əsasında yaratdığı “İki qəlbin dastanı baleti” dünya musiqi sənətinin incilərindəndir. Belə bir yaxın milli-adət ənənələrə söykənən Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlarda fəaliyyətlərini genişləndirmək hər iki dövlətin strateji marağındadır. Bu yaxınlıq hər iki dövlətə beynəlxalq platformada dəstəkverici qüvvə olacaq və xalqlar arasında xoşməramlı münasibətlərin daha möhkəmlənməsinə gətirib çıxaracaqdır”.
G.Səfərova vurğulayıb ki, iki ölkə arasında 200-ə yaxın imzalanmış sənədə bu gün üçün deyil, yaxın 50 ilə hesablanmış fəaliyyət növləri kimi baxmaq daha doğrudur: “Dünyanın aparıcı beyin mərkəzləri də bu səfəri izləyir və səfər çərçivəsində imzalanmış çoxlu sayda müqavilələrin mahiyyətini dərk edirlər. Yəqin ki, yaxın vaxtlarda ABŞ, Böyük Britaniya və digər ölkələrdə yerləşən düşünmə mərkəzləri müəyyən analitik yazılarda səfərlə bağlı müxtəlif məqamlara toxunacaq. Hər bir halda Azərbaycanın regionda liderliyi və Orta Asiya ölkələri ilə münasibətlərdəki aktivliyi beynəlxalq platformaların diqqət nəzərindən yan keçməyəcək”.
Kamilə ORUCOVA