Xüsusi hərəkət zolağının təşkili Bakının Tbilisi prospektində də həyata keçirilir. Yol boyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Tbilisi prospektinin müxtəlif ərazilərində gün ərzində 6-10 müntəzəm marşrut xətti üzrə 80-150 avtobus fəaliyyət göstərir.
“İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək”, – Agentlikdən bildirilib.