24-25 avqust tarixlərində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonu Xok və Çalxanqala kəndlərində ot bağlamalarında, Şərur rayonu İbadullah kəndində biçilmiş taxıl sahəsində, Sədərək rayonu Sədərək kəndində isə həyətyanı sahədə yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
"Unikal" xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Kəngərli, Şərur və Sədərək Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Xok kəndində baş verən yanğın hadisə nəticəsində 5100 kq ot bağlanması və 25 m² yardımçı tikilinin yanar konstruksiyaları yanıb, 850 kq ot bağlanması və 20 m² digər yardımçı tikili yanğından mühafizə olunub. Çalxanqala kəndində isə 1190 kq ot bağlaması və tayanın üzərinə qurulan 90 m² çardağın yanar konstruksiyaları yanıb, 680 kq ot bağlaması və 90 m² yardımçı tikili yanğından mühafizə olunub.