AZ

Joao Kanselo “Əl-Hilal”da - MS-nin qazancı bəlli oldu

İngiltərə çempionu “Mançester Siti” Portuqaliya millisinin də üzvü olan müdafiəçisi Joao Kanselo ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, portuqal futbolçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub.

“Mançester Siti” onun satışından 25 milyon avro qazanıb. 30 yaşlı futbolçunun özünün isə yeni klubunda ilinə 15 milyon avro qazanacağı vurğulanır. Amma onun “Əl-Hilal”la neçə illik anlaşdığı dəqiq bilinmir.

Joao Kanselo geridə qalmış mövsümü İspaniya nəhəngi “Barselona”da keçirib. O, 2023-cü ilin sentyabr ayından bu yaya kimi icarə əsasında Kataloniya təmsilçisinin formasını geyinirdi. Müdafiəçi ötən mövsüm “Barselona”nın heyətində 42 matç keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.

“Barselona” Kanselonu “Mançester Siti”dən ötən mövsümün sonunadək icarəyə götürüb. Daha öncə Kataloniya təmsilçisinin bu əməkdaşlığı tamhüquqlu əsasda davam etdirmək niyyətində olduğu açıqlanmışdı. İspaniya klubu portuqal müdafiəçinin tamhüquqlu transferi müqabilində “Mançester Siti”yə təxminən 25 milyon avro ödəməyə hazır idi. Amma sonradan futbolçunun “Barselona”ya transferi baş tutmamış və o, müqavilə ilə məxsus olduğu İngiltərə klubuna qayıtmışdı.

Kanselo “Mançester Siti”yə 2019-cu ilin avqustunda 65 milyon avro qarşılığında keçmişdi. O, bu klubun heyətində 154 oyuna çıxıb, 9 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. “Şəhərlilər” portuqal futbolçunu 2023-cü ildə Almaniya nəhəngi “Bayern”ə də icarəyə vermişdilər.

“Benfika”nın yetirməsi olan Kanselo, karyerası ərzində “Valensiya”, “İnter”, “Yuventus” kimi klublarda da forma geyinib.

Joao Kanselo 2016-cı ilin sentyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 58 oyun keçirib, 10 qol vurub, 7 məhsuldar ötürmə verib.

Seçilən
122
24
arena.az

10Mənbələr