BioNTech şirkəti tərəfindən ağciyər xərçənginə qarşı hazırlanmış peyvənd bir neçə ölkədə sınaqdan keçiriləcək. Böyük Britaniya, ABŞ, Türkiyə, Almaniya, Macarıstan, Polşa və İspaniyada 34 araşdırma mərkəzində beynəlxalq kliniki sınaqların ilk mərhələsinə start verilib. Ümumilikdə, 130 xəstəyə peyvənd vurulması planlaşdırılır. eyvənd immun sisteminin xərçəng hüceyrələri ilə mübarizəsini stimullaşdırmaq üçün nəzərdə tutulub. Sınaq çərçivəsində Böyük Britaniyada 67 yaşlı Yanuş Raç adlı pasiyentə 6 inyeksiya edilib. Ona 6 həftə ərzində hər həftə, daha sonra isə 54 həftə ərzində hər 3 həftədən bir inyeksiya ediləcək.
Professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, peyvənd aktiv immunizasiyadır:
“Peyvənd əslində bədəndə hansısa reaksiya yarada bilən bir prosesdir. Aktiv immunizasiya o deməkdir ki, bədənə orqanizmi qıcıqlandıran, onda əks cisimlər yaradan maddə yeridilir. Məsələn, infeksiyalar əleyhinə peyvənd bədəndə əks cisimlər yaradır və yoluxmanın qarşısını alır və ya ilan zəhərinə qarşı peyvənd və digərləri.
Xərçəng xəstəliyinə qarşı peyvəndə gəlincə isə, düşünürəm ki, bu, geniş müzakirə mövsuzudur. Sözügedən peyvənd hələ klinikada tam təsdiqini tapmayıb, geniş tətbiq olunmayıb.
Hər halda könüllülər üzərində müəyyən eksperimentlər aparılacaq, terminal xəstələrdə, inkurabel, inoperabel xəstələr üzərində təcrübə aparıla bilər. Amma ümumi perspektivli məsələ olacağını düşünmürəm. Nəticələrdən sonra fikir söyləmək daha doğru olar”.