Qərb uzun müddətdir Ermənistan Baş naziri Nikol Paşinyanın yerinə alternativ namizəd axtarır.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.
Onun sözlərinə görə, bir müddət sonra baş nazirə erkən seçkilər təşkil etmək tövsiyə olunacaq və bu seçkilərdə Paşinyanı əvəzləyən namizəd görünəcək.
Akopyanın fikrincə, Qərb Paşinyanın tələblərini yerinə yetirmək iqtidarında olmadığını anlamağa başlayıb: “Qərbə Paşinyan kimi təkcə danışan yox, həm də hərəkət edən lider lazımdır. Məsələn, KTMT-dən çıxmaq kimi. Məsələ bəyanatlarla bitmir”.
Akopyanın iddiasına görə, artıq Paşinyan da Qərbin onu istəmədiyini başa düşür: “İqtidar sadəcə baş verənləri izləyir və ümid edir ki, hakimiyyət itkisindən qaça biləcəklər.
Politoloq İrəvanın Rusiyanın da güclü təzyiqi altında olduğunu söyləyib: “Hakimiyyət anlayır ki, Lukaşenkonun sözləri Putinin sözüdür. Ona görə də Ermənistan hakimiyyəti zəiflik ucbatından vəziyyəti daha da ağırlaşdırmamağa və onun hücumlarına cavab verməməyə çalışır. Amma eyni zamanda, xarici qüvvələrin sifarişi ilə Rusiyanın bəyanatlarına kəskin reaksiya da verirlər”.
Akopyan vurğulayıb ki, İrəvan Qərb qarşısında xal toplamağa və Rusiyaya konkret cavablar verə və ona qarşı hərəkətə keçə biləcəklərini göstərməyə çalışır: “Bu, Qərbin onları çətin vəziyyətdə xilas edəcəyi ümidi ilə edilir”.
Onun sözlərinə görə, Paşinyan artıq Rusiya ilə maraqlanmır: “Son vaxtlara qədər belə deyildi, çünki Paşinyanın siyasəti Moskvanın Ermənistanın strateji müttəfiqi kimi öhdəliklərini yerinə yetirməməsini, eləcə də Rusiyanın Bakı və Ankara ilə yaxınlaşmasını legitimləşdirdi.
Ermənistan indi yalnız Moskvaya maraqlıdır. Marağı Sünikdən (Zəngəzur) keçən dəhlizə nəzarəti ələ keçirmək, Qərbin bu yöndəki həmlələrinin qarşısını almaqdır”.