AZ

Hikmət Hacıyev: "Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təsisatların fəaliyyəti qənaətbəxş deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan 30 il Ermənistan-Azərbaycan münaqişəsi kontekstində beynəlxalq humanitar hüquqa uyğun olaraq itkin düşmüş şəxslərimizin taleyini müəyyən etməli olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) kimi təsisatların fəaliyyətini qənaətbəxş hesab etmir".
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust- Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı "X" hesabında yazıb.
"30 avqust BMT qərarları ilə Beynəlxalq itkin düşmüş şəxslər günü kimi qeyd olunur.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş 4000-ə qədər Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsi yalnız onların doğmalarını deyil, Azərbaycan dövlətini narahat edən ən kəskin humanitar problemlərdən biridir.
Ermənistan öz qeyri-insani mahiyyətini bir daha göstərərək onların aqibəti və kütləvi məzarlıqlarının yeri barədə məlumatları verməkdən yayınır.
Çoxsaylı şahid ifadələri və işğaldan azad edilmiş ərazilərimizdə aşkar edilmiş kütləvi məzarlıqlar əsir və girov götürülmüş azərbaycanlıların Ermənistan tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalaraq kütləvi şəkildə qətlə yetirildiyini sübut etmişdir.
Bu insanlığa qarşı cinayətlərdə günahkar olanlar Ermənistanda nəinki cəzalandırılmır, hətta qəhrəmanlaşdırılır.
Lakin haqq, ədalət öz yerini tapdı!" - H.Hacıyev bildirib.
O qeyd edib ki, bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir:
"Erməni lobbisinin pulu müqabilində həmin müharibə canilərini azad etməyə çağıran bir sıra qərb siyasətçiləri və qərb media orqanları utanmalıdırlar. Ermənistan öz vəhşi əməllərinə görə Azərbaycandan üzr istəməli, digər günahkarları özü məsuliyyətə cəlb etməli və kütləvi məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir.
Torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi prosesinə böyük bir təkan verdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aşkar olunmuş insan qalıqlarının DNT analizi əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və müvafiq dövlət qurumu tərəfindən indiyə qədər Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 149 nəfərin şəxsiyyətini müəyyənləşdirmək və ailələrinə məlumat vermək mümkün olmuşdur. 30 ildən sonra onların tapılması və hərbi təntənə ilə dəfn edilməsi Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına olan şəxsi qayğısı və diqqətinin növbəti təzahürüdür".
"Əfsuslar olsun ki, bu gün BQXK öz nizamnaməsinə və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistanın pullu sifarişi ilə hesabat yazan şəxslərə yalan məlumatlar ötürməklə məşğul olur və qərəzli anti-Azərbaycan propaqanda kampaniyasında yer alır.
Azərbaycan dövləti özü itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bundan da sonra əlindən gələni əsirgəməyəcək, onların ailələrinin həsrət və iztirablarına son qoymaq üçün bu xüsusda olan davamlı tədbirlərini davam etdirəcək", - Prezidentin köməkçisi əlavə edib.
Seçilən
193
50
oxu.az

10Mənbələr