Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bu günlərdə yeni Rusiya - Ukrayna müharibəsi açıqlaması ilə gündəmə gəlib. O bildirib ki, Ukraynaya hava hücumundan müdafiə sistemləri verilməli və Qərb silahlarının istifadəsinə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Qlobal miqyasda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına çağırışlar edilməsinin fonunda Aİ rəsmisinin səsləndirdiyi bu fikir suallar yaradır.
Borrelin çağırışı yeni eskalasiya riski yaradır
Uzanan Rusiya - Ukrayna müharibəsi təhlükəli fazaya daxil olub. Son günlərdə Ukrayna ordusu əks cəbhədə - Rusiyanın Kursk vilayəti istiqamətində hücuma keçib və burada ayrı-ayrı yaşayış məntəqələrini ələ keçirməyə nail olub. Bununla müharibə faktiki olaraq həm də Rusiya ərazilərinə keçib. Hazırda Ukrayna qüvvələri Kurskda intensiv şəkildə istehkam qazıntıları aparır və digər möhkəmlənmə işləri görürlər. Bildirilir ki, Ukrayna Rusiyanın təxminən 1200 kvadratkilometr ərazisini ələ keçirib. Bu, Rusiyanın ümumi ərazisinin 0.0064 faizini təşkil edir. Rəsmi Kiyevin növbəti hücum dəfi kimi isə Belqorod şəhəri göstərilir.
Öz növbəsində Rusiya da hücum intensivliyini artırıb. Hələlik Kurskun geri qaytarılması mümkün olmasa da, Rusiya ordusunun digər istiqamətlərdə irəlilədiyinin şahidi oluruq. Rusiya hazırda Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir. Ukrayna Silahlı Qüvvələrinin 24-cü əlahiddə motoatıcı briqadasının mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya ordusu son olaraq Çasov Yar şəhərinin 40 faizinə nəzarəti ələ keçirib. Ukraynanın Xerson şəhərinə də yenidən dronlarla hücumlar olub. Hətta uzaqmənzilli raketlər Kiyevə də atılır...
Müharibənin arealının genişlənməsi fonunda sual yaranır: Müharibəyə davam, yoxsa son? İndi bu sualın cavabı Rusiya və Ukraynadan asılı deyil. Əslində, bu müharibəni yalnız sahədə görünən iki dövlətin qarşıdurması kimi səciyyələndirmək doğru olmazdı. Burada söhbət qlobal Qərb və qlobal Şərq qarşıdurmasından gedir. Buna görə də sülh çağırışları həm də Ukraynanı dəstəkləyən güclərdən gəlməlidir. Belə təşəbbüslər isə çox az edilir. Hətta o qənaət hasil olur ki, kollektiv Qərb müharibənin dayandırılmasında yox, onun uzanmasında maraqlıdır. Verilən məlumatlara görə, Qərb blokunda yer alan 55 dövlət Ukraynaya dəstək verir və bu dəstəyin miqyası getdikcə genişlənir. O cümlədən Avropa məkanında Rusiyanın aktivlərindən bu ölkənin özünə qarşı istifadə edilir. Belə ki, həmin aktivlərin hərəkətindən əldə olunan gəlirlər də Ukraynaya silah tədarükünə və digər belə məqsədlərə yönəldilir. Avqustun 26-da çağırılan Ukrayna-NATO Şurasının iclası zamanı alyansın müttəfiqləri Ukraynanın müdafiəsini daha da gücləndirməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Alyansın yüksəksəviyyəli rəsmisi vurğulayıb ki, hərbi yardımlar Ukraynanın döyüşməyə davam etməsini təmin etmək üçün çox vacibdir.
Göründüyü kimi, NATO-nun iclasında söhbət müharibənin dayandırılmasından yox, döyüşlərin davam etdirlməsinin vacibliyindən gedib. Qərbin Rusiya-Ukrayna müharibəsinə münasibətini həm də Borrelin son açıqlamalarının timsalında dəyərləndirmək mümkündür. Borrel Aİ-nin xarici siyasətini müəyyən edən əsas fiqurlardan biridir. Ancaq onun verdiyi açıqlamalar və tuytduğu mövqe heç bir halda qlobal miqyasda sülh və təhlükəsizliyə hansısa bir töhfə sayıla bilməz. Biz reallıqda görürük ki, Aİ-nin siyasətini müəyyənləşdirənlərdən biri olan bu şəxs məqsədli şəkildə odun üstünə yağ tökür. Borrelin Rusiya aktivlərinin taleyi ilə bağlı ifadə etdiyi fikirlər də əslində eskalasiya risklərini daha da artırır. “Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməyə başlayıb. Bu çərçivədə artıq Ukraynaya və ona dəstək göstərən Aİ ölkələrinə vəsait göndərilib”. Aİ rəsmisi bunu Brüsseldə baş tutan Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib. “Biz bu vəsait hesabına Ukraynanı daha çox hərbi texnika ilə təmin edəcəyik. Əsas odur ki, biz ilk dəfədir, birbaşa Ukrayna sənayesini maliyyələşdiririk. Artıq 1,4 milyard vəsait göndərilib”, - deyə o qeyd edib.
Macarıstandan kəskin etiraz
Borrelin çağırışı Macarıstanda etirazla qarşılanıb. Belə ki, ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ rəsmisinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı son çağırışına münasibət bildirib və bu çağırışı pisləyib. Nazir Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib.
Bu barədə Macarıstan Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. O bildirib ki, Macarıstan XİN başçısı Rusiya-Ukrayna müharibəsi barədə avqustun 29-da Brüsseldə baş tutan Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə danışıb.
P.Siyarto çıxışı zamanı video paylaşma platformalarında yayılan və Ukrayna vətəndaşlarının ön cəbhəyə necə aparıldığını göstərən görüntüləri dəhşətlə izlədiyini ifadə edib. Macarıstan XİN başçısı buna təcili son verilməli olduğunu vurğulayaraq, Ukraynadakı müharibənin dayandırılması üçün çağırış edib. O, regiona daha çox silah göndərildikcə və Rusiya ərazilərinə daha dərindən zərbələr endirildikcə gərginliyin daha da artma riski olduğunu, bunun müharibəni daha da dağıdıcı hala gətirəcəyini bildirib. “Biz bunu istəmirik”, - deyə P.Siyarto vurğulayıb və Macarıstanın sülhyönümlü mövqeni müdafiə etmək öhdəliyini bir daha təsdiqləyib.
MÜBARİZ