Naxçıvan, 31 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında aparılan səhiyyə islahatlarının əsas məqsədlərindən biri göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsidir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Yoluxucu Xəstəliklər Mərkəzinin Toksikologiya şöbəsinin açılışı və fəaliyyətə başlaması ilə muxtar respublikanın səhiyyə sahəsində daha bir əhəmiyyətli addım atılıb. Bu yeni şöbə Naxçıvanda tibbi xidmətin səviyyəsini yüksəltməklə sakinlərə daha keyfiyyətli və ixtisaslaşdırılmış tibbi xidmət göstərmək məqsədi daşıyır.
Qeyd edək ki, keçmişdə muxtar respublika ərazisində toksikoloji profilə aid olan xəstəliklərin müalicəsi ümumi profilli xəstəxanalarda aparılırdı. Bu isə tibb müəssisələrində iş yükünün artmasına, xəstəxanalarda sıxlığın yaranmasına və xüsusi baxım tələb edən xəstələr üçün lazımi tibbi yardımı göstərməkdə çətinliklərə səbəb olurdu. Toksikologiya şöbəsinin fəaliyyətə başlaması ilə bu problemlərin aradan qaldırılması və xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük bir addım atılıb.
Yeni Toksikologiya şöbəsi ən müasir tibbi avadanlıqlarla təchiz edilib və beynəlxalq standartlara cavab verən bir mərkəz olaraq fəaliyyət göstərir. Burada bütün gün boyu ixtisaslaşmış həkim və tibb personalı tərəfindən geniş spektrli tibbi xidmətlər təqdim olunur. Şöbə qida, göbələk, dərman, ilan, əqrəb sancmaları və digər zəhərli heyvanlarla bağlı zəhərlənmələr, həmçinin botulizm, dəm qazı və müxtəlif toksik qazlarla yaranan zəhərlənmələrin diaqnostikası və müalicəsi ilə məşğul olur.
Bu yenilik muxtar respublika əhalisinə yüksək səviyyəli tibbi yardımın göstərilməsini təmin edəcək.