AZ

Tramp hakimiyyətə gələrsə Rusiya-Ukrayna xəttində nələr BAŞ VERƏCƏK...

“Donald Tramp tam əminliklə bildirir ki, ən qısa müddətdə Rusiya-Ukrayna savaşını dayandıracaq. Kremlidə də Trampın savaşı dayandıracağına böyük ümidlər bəsləyirlər. Bundan əlavə Kremlidə məmnundurlar ki, Tramp savaşı Rusiyanın siyasi qürurunu incitmiyəcək şərtlər daxilində dayandırmaq niyyətini bəyan edir”. 
 
Bunu Moderator.az-a politoloq Elçin Xalidbəyli danışıb. 
 
 
Politoloq açıqlamasında Ukrayna üçün ən böyük uğur sayıla biləcək məqamları da qeyd edib: 
 
“Həmin bəyanata görə Tramp Donbas və Kırımın Rusiyanın nəzarətində qalmasının tərəfdardır. Yəni, Ukrayna ərazilərinin Rusiyaya verilməsi hesabına savaşı dayandırmaq niyyətindədir. Bu səbəbdən də hazırda Ukraynada baş verən hadisənin bir çox səbəbləri məhz bununla izah oluna bilər. Çünki, Bayden administrasiyası, Qərbdə bəzi dairələr, NATO-nun rəhbərliyinə daxil olan qruplar hesab edirlər ki, əgər Donald Trampın dedikləri reallaşarsa bu həm ABŞ-ın, həm Kollektiv Qərbin, həm də ümumiyyətlə NATO-nun Rusiya qarşısında məğlubiyyəti anlamına gələ bilər. Bu səbəbdən də Ukrayna ordusunun Rusiya ərazisinə girməsini təmin etdilər. Beləliklə, Ukrayna ordusu Rusiya ərazisində böyük bir əraziyə nəzarət edə bilsin və əgər doğurdan da hakimiyyətə gələ bilərsə, o zaman Tramp fakt qarşısında qalsın və sülh danışıqlarının şərtləri dəyişmiş olsun. Beləliklə müharibə Rusiyanın xeyrinə yekunlaşmasın. İndiki situatsiya, əgər Trampın hakimiyyətə gələcəyi təqdirdə, noyabırın 5-də baş tutacaq seçkilərdən sonra da mövcud olarsa, o zaman, Ukrayna və Kollektiv Qərb Rusiya ilə sülh danışıqlarında ərazi mübadiləsi şərtini irəli sürmək imkanı qazanmış olacaq. Bu ərazi mübadiləsində Ukrayna ordusunun Rusiya ərazisində nəzarət etdiyi yerlərin Donbas və Krımla dəyişdirilməsi şərtini irəli sürmək şansı qazanacaq. Nəticədə, Rusiya öz qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çəkmək məcburiyyətində qala bilər. Bu isə Ukrayna üçün ən böyük uğur sayıla bilər. Ancaq bunun rellaşıb ya da reallaşmayacağı hələki, məlum deyil. Çünki, Trampın hakimiyyətə gəlmə ehtimalları əgər bir müddət öncəyə qədər kifayət qədər yüksək idisə, Baydenin prezidentlik iddiasından kənara çəkilməsindən və Kamala Harrisin namizədliyinin ABŞ demokratları tərəfindən təsdiqlənməsindən sonra situatsiya ciddi şəkildə dəyişib. ABŞ cəmiyyətində keçirilən ictimai rəy sorğularında Kamala Harris Donald Trampı üstələməyə başlayıb. Bu baxımdan hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi hələki, qeyri-dəqiqdir. Bütün bu sualların birmənalı cavabı böyük ehtimalla noyabrın 5-də ABŞ-da keçirləcək prezident seçkilərindən sonra məlum olacaq”.
 
 
Vüsalə İbrahimli
Moderator.az
Seçilən
158
27
moderator.az

10Mənbələr