AZ

Azərbaycanda erkən parlament seçkisi keçirilir

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkisi keçirilir.

125 deputat yeri uğrunda 1000-ə yaxın namizəd mübarizə aparır, Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb.

Namizədlər arasında müxətlif partiyaların təmsilçiləri və bitərəf şəxslər var. Ölkə üzrə bütün seçki dairələrinə yalnız hakim Yeni Azərbaycan Partiyası namizəd irəli sürüb.

Azərbaycanın əsas müxalifət partiyalarından biri sayılan AXCP seçkini boykot edib. Partiya 2015-ci ildən bəri ardıcıl olaraq, seçkiyə getmir.

Müsavat və Real partiyaları isə seçkidə iştirak edirlər.

MSK-nın məlumatına görə, seçici siyahısında 7 milyona yaxın şəxsin adı var. Onlar 6500-dən çox məntəqədə səs verəcəklər.

Seçkiləri ATƏT-in müşahidə missiyası, MDB ölkələrindən müşahidəçilər də daxil olmaqla, 600-dən artıq beynəlxalq və 100 mindən çox yerli müşahidəçi izləyəcək.

Hakimiyyət Avropa Şurasının Parlament Assambleyasını (AŞPA) müşahidəçi kimi dəvət etməyib. Rəsmi Bakı bildirib ki, "bunun yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla, siyasi səviyyədə verilən vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin qurumdakı mandatının hələ də bərpa olunmamasıdır". Azərbaycan AŞPA-dakı səlahiyyətlərinin dondurulmasının lehinə səs verən 76 deputatı arzuolunmaz şəxs “persona non grante” elan edib.

Qurum Bakının bu qərarını tənqid edib.

Erkən parlament seçkisinin keçirilməsi ilə bağlı sərəncam iyunun 28-də Prezident İlham Əliyev tərəfindən verilib.

Bu ilin iyununda Azərbaycan parlamenti özünü buraxmaq və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

Parlament hesab edib ki, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması və parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi üçün yeni tərkibdə parlamentə ehtiyac var.

Azərbaycanda 2020-ci ildə baş tutan sonuncu parlament seçkisi də növbədənkənar olub.

Seçilən
107
bbc.com

1Mənbələr