AZ

İnadkar uşaqlar: Liderlik yoxsa narsizm?

Müasir dövrdə valideynlərin və müəllimlərin üzləşdiyi ən ciddi problemlərdən biri uşaqların inadkarlığıdır. İnadkarlıq bəzi ekspertlər tərəfindən mənfi (eqoizm, narsizm və s.), digərləri tərəfindən müsbət (liderlik, özünü ifadə qabiliyyəti və s.) kimi təqdim olunur. Amma bir çox psixoloq deyir ki, bu xasiyyət bəzən uşağın inkişaf prosesini ləngidə, şəxsiyyətin formalaşmasına mənfi təsir göstərə bilər.

 

Psixiatr Ramil Hüseynzadə də Modern.az-a açıqlamasında sözügedən məsələnin müasir dövr üçün aktual və əhəmiyyətli olduğunu deyib.

 

"Burada söhbət valideyn ilə uşaq arasındakı qarşılıqlı sərhədin müəyyənləşməsindən gedir. Uşağın valideynin onun üçün qoyduğu sərhədlə razılaşmayıb pozması avtoritar fiqura qarşı müxaliflik, inadkarlıq adlanır. Belə böhran hallarında uşağa yanaşma uşağın yaş dövründən asılı olaraq dəyişir. Bu böhran hallarından ilki uşağın 2-6 yaş aralığında rast gəlinir. Hər nə qədər 2-6 yaş aralığı desəm də, uşaqdan asılı olaraq, bu aralıq dəyişə bilər. Bu dövrü eqosentrik dövr adlandırıq. Bu dövrdə uşaq ətrafını idarə etməyə, özünə tabe etməyə çalışır. Özünü dünyanın mərkəzi görür. Elə eqosentrik ifadəsi də buradan gəlir. Eqo-mən, sentrik-mərkəz deməkdir. Bu dövrdə uşaq avtoritar fiqura qarşı etiraz edir, qəzəb partlayışları olur, xüsusən emosional reaksiyalarla istəklərini əldə etməyə çalışır. Valideynlərin onun üçün ayırdıqları sərhədi pozur", - psixiatr deyib.

"Belə uşaqlar gələcəkdə ictimai mühitlərdə sərhədlərini itirə bilir"

 

O qeyd edir ki, bu dövrdə valideynin rolu övladına "onun çox dəyərli olduğunu, lakin dünyanın mərkəzi, ailənin idarəçisi olmadığını" aşılamaqdır:

 

"Başqa sözlə, "uşağa sərhədlərini aşılamaqdır". Bunun da ən konstruktiv yolu disiplin, intizamdır. Ailə daxilində intizam qaydaları nə qədər möhkəm olsa, uşağın emosional reaksiyalarından asılı olmayaraq icra edilsə, uşaq da sərhədlərini öyrənmiş olar. Məsələn, bir ailədə valideynlər uşağa telefonla oynamağa icazə vermir. Uşaq telefonu istəyir, valideyn icazə vermir və azyaşlıbaşlayır ağlamağa. Sonra inad edərək bu ağlamanı davam etdirir. Əgər bu durumda telefon uşağa verilirsə, o zaman uşaq ağlayaraq sərhədlərin pozula biləcəyini öyrənir. Sərhəd anlayışı aşılanmamış uşaq "sərhədsiz" olur, gələcəkdə ictimai mühitlərdə də sərhədlərini itirə bilir. Başqalarını incidə, haqlarını oğurlaya, özünün olmayana özününkü imiş kimi sahiblənə bilir. Gücü çatdığını ala, çatmadığını korlaya bilir". 

"Nəzakətsiz müxalifət" pozuntusu


Onun sözlərinə əsasən, bu dövrdə uşaqlarda bəzən valideynlərə qarşı olan etiraz bəzən o qədər şiddətli olur ki, xəstəlik səviyyəsinə çatır:


"Uşaqlar tez-tez hiddətlənir, küsür, əsəbləşir, avtoritar fiqura qarşı gəlirlər, kin saxlayırlar. Avtoritar fiqurlarla tez-tez mübahisə edirlər, onların tapşırıqlarını yerinə yetirmir, protesto edir, öz səhvlərini qəbul etməyib başqalarını günahlandırırlar. Biz buna "nəzakətsiz müxalifət" pozuntusu deyirik. Bu xəstəliyin müalicəsində əsas yanaşma psixoloji dəstək, ailə intizamının bərpası və ehtiyac halında dərman dəstəyidir. İntizam qaydaları və sərhədlərin öyrədilməsi uşağın azadlığının tamamilə əlindən alınması demək deyil. Nəticədə valideynlərinin uşaqları qarşısında vəzifəsi onların sərbəst ayaq üstə dura biləcək, yaşayacaq fərd kimi yetişdirməkdir. Başqa sözlə, öz seçimlərini sərbəst edə biləcək, sərbəst düşünərək qərar verə biləcək qabiliyyətdə fərdlər yetişdirməlidir. Bir uşağın bütün azadlığını məhdudlaşdırıb birbaşa cəmiyyətə buraxdıqda ondan sərbəst qərar vermə bacarığını gözləmək nə dərəcədə məntiqlidir? Buna görə ailənin daxili intizam qaydalarını gözləyərək uşağa nəzarətli azadlığın verməsi tövsiyə olunur. Məsələn, uşağa kitab alındığı zaman və ya geyəcəyi paltarı seçildiyi zaman uşağa bir neçə seçim təqdim edib uşağın bunlardan birini seçmə azadlığı verilə bilər. Bu, uşağın daxili gərginliyini də azaldacaq".

 

"Valideyn-yeniyetmə müharibəsi"


Ramil Hüseynzadə qeyd edir ki, uşağın valideynlə sərhədlərinin toqquşduğu ikinci əhəmiyyətli dövr isə yeniyetməlik dövrüdür:


"Bu dövr kifayət qədər sancılı, böhranlı dövrdür. Bu dövrdə yeniyetmə öz uşaq dünyasından ayrılır, həm fizioloji dəyişikləri, həm də beyin dəyişiklikləri ondan sərbəst şəxs kimi davranmasını tələb edir. Təbii ki, bunun üçün əsas maneə valideynlərdir. Çünki valideyn gözündə o hələ də uşaqdır. Nəticədə "valideyn-yeniyetmə müharibəsi" başlayır. Əziz valideynlər, yeniyetmə ilə dalaşmayın. O qalib gələcək.  Çünki, valideyni sərhədləyən bir analıq-atalıq duyguları var. Yeniyetmə üçünsə sərhəd yoxdur. Yeniyetmə emosional dalğaların içərisində özünə yol tapmağa çalışır. Ona görə bəzən emosiyaları ona nələrsə etdirir, amma sonra peşman olur. Bu dövrdə tövsiyə olunan şey valideynin daha çox dəstəkçi obraza çəkilməsidir. Ona dəstək olmaq güvənini aşılamasıdır. Çünki, başqa cür yanaşma valideyn ilə uşaq arasındakı körpüləri yandırıb münasibətləri alt-üst edə bilər".

 

Gülarə Quliyeva

Seçilən
123
50
modern.az

10Mənbələr