AZ

Baş məşqçi əsəbi, mətbuat katibi isə... - “Neftçi”nin media koordinatoru niyə jurnalistlərə çəmkirir? 

Futboldan yazanda mütləq AFFA-da, Peşəkar Futbol Liqasında (PFL), futbol klublarında ictimaiyyətlə, media ilə əlaqələr üzrə təyin edilən həmkarlarıma işim düşür. 

 Məsələn, o gün “Neftçi” Futbol Klubunun (FK) baş məşqçisinin mətbuat konfransında Rüstəm Əfsərli mənə çəmkirib. Baş məşqçiyə sual verirlər, o da cavabdan yayınır, deyir, özüm bilərəm, siz bizim daxili işimizə qarışmayın. 

Halbuki, məsələ çox bəsit. Adam çalışdırdığı komandanın marağı və mənafeyi əleyhinə addım atırsa, bunu soruşmaq mənim işimdir. Klubların fəaliyyəti ictimaiyyət üçün açıqdı, açıq olmalıdır.

Maliyyə və texniki baxımdan qəbul edilən qərarlar çoxsaylı azarkeş ordusunun diqqətindədi. Sənin işin gizli, mübhəm ola bilməz. Dövlət sirri əhəmiyyəti daşımır sənin hərəkətlərin. Əksinə, bizim tələb etdiyimizdən daha artıq dərəcədə şəffaf olmalısınız ki, oyunların satılması, müxtəlif maliyyə maxinasiyaları, sponsorların gizli sövdələşmələri, klubdaxili nüfuz dartışmaları, intriqalar haqqında çeşidli və rəngarəng şaiyələr ayaq açmasın. Gündəmi dezinformasiya ilə yox, birinci əldən səhih məlumatlarla doldurasınız. 

Həmkarımın baş məşqçiyə verdiyi sualı maraqlıydı və mən suala geri dönüş etməyə, cavab almağa çalışıram və bu tərəfdən Əfsərli yenə dirəşir və mənə çəmkirir ki, “Polemika açma, başqa sualın varsa, ver”.  

Mənim başqa nə sualım ola bilər ki, bundan sonra, Rüstəm Əfsərli? Siz deyin, biz də sizə rahat, uyğun olan, yuxunuzu qaçırtmayan, ovqatınızı təlx etməyən suallar verək. Ya ümumiyyətlə, susaq. Quzu balası kimi nə deyirsinizsə, onu da edək. Onsuz da komandanızın baş məşqçisi də əsəbi, emosional adamdı, söz deyəndə dava axtarır, siz də ona qoşulub dartının üstümüzə, bağlayın agzımızı. 

Əfsərli, əslində, elə mənim kimi jurnalistdir. Mənim kimi, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirib. Əvvəllər mediada çalışıb. Nə olsun, əvvəl “Neftçi” FK-nun mətbuat katibi, indi də media üzrə koordinatorudu. Bizim ki, şinelimizdən çıxıb. Bilmir ki, özünə hörmət edən heç bir jurnalist onun bu bəsit davranışını sinəyə çəkib, yerində oturmayacaq? Bilmirsə, onda gərək mən özüm deyəm ona.

Söz yox ki, Əfsərlinin hərəkətindən PFL-ə şifahi şikayət etmişəm, yazılı da yazacam. Eyni zamanda Mətbuat Şurası ilə də müzakirə edəcəyəm, bəlkə mətbuat xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə baglı gələcəkdə hansısa tədbirlərin keçirilməsi, tövsiyələrin verilməsi mümkün ola bilər. Düşünürəm ki, problemi şəxsiləşdirmədən ictimai müzakirəyə çıxara bilsək, daha dayanıqlı nəticələr əldə edə bilərik. 

Məsələn, əməkdaşlığa könülsüz mətbuat katiblərindən biri də “Qarabag” Futbol Klubunun (FK) sözçüsü Anar Hacıyevdi. Bəlkə də başqa həmkarla arası yaxşıdı, amma bu ilin mart ayında mən ona təmsil etdiyi klubun futbolçularından biri ilə görüşmək üçün müraciət etdim, votsap platforması üzərindən, 2 aydan sonra mesajı oxudu, onda da cavab vermədi. Nə “hə” dedi, nə “yox”.

İndi durub mənə deməyin ki, votsapa niyə yazmısan. Xeyr. Azərbaycan çoxdan elektron hökumət sisteminə keçib, sosial şəbəkələr də daxil olmaqla, bütün elektron əlaqə platformaları rəsmi yazışma vasitəsi, dəftərxana sənədləri sayılır. Nazirliklərdən (Məsələn, praktikada Daxili İşlər Nazirliyi) tutmuş, icra strukturlarına qədər elektron vasitələrlə, sosial şəbəkələr üzərindən həyata keçirilən müraciətlərimizə mətbuat xidmətləri və digər departamentlər operativ şəkildə cavab verir və bu yazışmalar rəsmi dəftərxana fəaliyyətidi.  

Hazırda rəsmi şəxslərdən müsahibə alırıq "votsap"la, mesencer vasitəsilə. Məktub göndəririk rəsmi şəkildə. 
Yəni, müraciət edirik sizlərə, ay mətbuat xidmətləri, amma bizi iqnor edəndə məcburuq digər kanallar vasitəsilə işimizi görək. Mənə o gün irad tutublar ki, niyə mətbuat xidməti ola-ola, yəni, filankəsin başının üstündən filankəsə yaxınlaşmısan. 

Mətbuat konfransındakı hadisəni illərin dostu olan həmkarımla müzakirə eləmişəm o gün. Deyir, qadın olduğun üçün Rüstəm Əfsərli sənə elə çəmkirib.

“Mən o sualı verərdim, sən baxardın, görək, Əfsərlinin hünəri olardımı mənim üstümə çəmkirsin?! “Neftçi” klub olaraq nə gündədi, əvvəlcə bundan danışsınlar, sonra jurnalistlərə agıl öyrədərlər”, - deyə həmkarım bildirir.

“Neftçi”nin həqiqətən problemlərlə yaşadığını müşahidə etmək çox agırdı. Azərbaycan çempionatı yeni başlayıb və indidən problemlər qabarıq şəkildə üzə çıxmaqdadı. Hərçənd, o gün baş məşqçi “təzə başlamışam, mənə vaxt verin, hər şeyi fundamentdən qurmağa çalışıram” kimi bir şeylər deyirdi. Amma bir problemin ki, kökü səndə deyil-ha, ay baş məşqçi, istəyirsən klubun fəaliyyətinə dair informasiyanı  lap “tamamilə məxfi” qrifi ilə arxivləşdir, nə faydası var? 

Bizə “başqa sualın var”, - deyə çəmkirən həmkarlar əvvəlcə bu çöküşün səbəbini söyləsinlər bizə.
Sonra yenə danışarıq, görək mətbuat konfransında polemika açan kimdi, deyə.

Zülfiyyə Mustafayeva

MİA.AZ
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
5
mia.az

6Mənbələr