AZ

Deputatlığa namizədliyi verilmədi, bu klub pis vəziyyətdə qaldı

II Liqada mübarizə aparan "Lerik" futbol klubu maliyyə problemi ilə üzləşib.

Prosport.Az-ın xəbərinə görə, kluba maddi baxımdan yardım edən İqbal Məmmədovun namizədliyi bu dəfə üzvü olduğu Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməyib.

Nəticədə 80 saylı Lerik-Astara seçki dairəsindən AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent, bitərəf namizəd Vasif Qafarov 56,4%-lə deputat seçilib.

Artıq ictimai-siyasi mətbuatda qanunsuz əməllərinə görə İqbal Məmmədovun sahibi olduğu Lerikdəki "Relaks" istirahət-əyləncə mərkəzinin "əl dəyişəcəyi", qanuni təmsilçi və baş direktorunun dəyişəcəyi bildirilir. Buna səbəb 59 yaşlı İ.Məmmədova, oğluna və qohumlarına məxsus şirkətlərin vergi borcunun olmasıdır. Bu səbəbdən "Lerik" də artıq İ.Məmmədovun kurasiyasında bir klub deyil.

"Lerik" klubunun prezidenti Famil Məmmədov isə bununla bağlı saytımıza bunları deyib: "Açığı, maliyyə durumu ilə bağlı vəziyyət yaxşı deyil. İndiki halda bizə konkret hansısa sponsordan maliyyə gəlmir. Hazırda bu məsələ ilə bağlı həm Futbolun İnkişaf Fondu, həm də Lerik Rayon İcra Hakimiyyəti ilə işlər görürük".

Qeyd edək ki, II Liqanın ilk turunda "Lerik" Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda ötən mövsümün 4-cüsü "Füzuli" komandasını 1:0 hesabı ilə məğlub edib.

Seçilən
171
prosport.az

1Mənbələr