AZ

Polad Bülbüloğlu Zatulinlə bağlı Volodinə məktub göndərdi

Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin təxribatçı videomüraciəti ilə Dumanın sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Rusiyadakı Səfirliyi yayıb.

Məktubda bildirilir ki, K.Zatulin öz təxribatçı müraciətində artıq başa çatmış münaqişəni canlandırmaqla bağlı xəyali ümidlərlə Ermənistan cəmiyyətində revanşist qüvvələri yenidən təhrik edir: “Bundan əlavə, o öz çıxışında separatist rejimin keçmiş rəhbərlərinə və əlləri günahsız azərbaycanlıların qanına bulaşmış terrorçulara istinad edir. Aydındır ki, Ermənistanda “persona non grata” elan edilən Zatulin Rusiya cəmiyyətində ekspansionist mövqe və narrativləri təşviq etməyə davam edir”.

Həmçinin qeyd olunub ki, Zatulinin bu addımı ilk belə hal deyil və o əvvəllər də xalqımıza və ölkəmizə qarşı təxribatçı açıqlamalar səsləndirib: “Təəssüflə qeyd etməliyəm ki, bu kimi əməllərin qarşısının alınması məqsədilə Azərbaycan tərəfinin Rusiyanın rəsmi orqanlarına dəfələrlə müraciətinə baxmayaraq, Zatulinin təxribatçı fəaliyyətinə qarşı hansısa həqiqi tədbir görülməyib. Bütün bunlar Milli Məclisin deputatları arasında və ölkəmizin ictimai mühitində ciddi narahatlıq yaratmaqda davam edir”.

Xatırladaq ki, sentyabrın 2-də K.Zatulin 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində varlığına son qoyulan qondarma “DQR”in “Müstəqillik Günü” münasibətilə videomüraciət yayıb.

Seçilən
106
qafqazinfo.az

1Mənbələr