AZ

Sahib Paşazadə: “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanın ilk dəfə münsiflər heyətinə sədrlik etməsi böyük qürur hissi yaradır

Bakı, 4 sentyabr, AZƏRTAC

Dünyanın ən nüfuzlu musiqi festivalları siyahısında ilk sıralarda yer alan, Özbəkistanın Səmərqənd şəhərində təşkil edilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı ənənəsinə sadiq qalaraq avqustun 26-dan 30-dək yenidən qapılarını dünyanın dörd bir tərəfindən gələn musiqiçilərə açıb. 1997-ci ildə əsası qoyulan və ənənəvi olaraq hər iki ildən bir keçirilən festival sonuncu dəfə 2019-cu ildə təşkil edilmişdi. Artıq on üçüncü dəfə təşkil edilən festival qədim Şərqdə formalaşmış musiqi dəyərlərinə beynəlxalq aləmdə geniş rəğbət qazandırıb. Etnik musiqini tərənnüm edən tədbir əsl musiqi və sənət bayramına çevrilə bilib. Eyni zamanda, bu mötəbər tədbir musiqi xadimləri, sənət adamları arasında yaradıcı mübadilə yaradaraq mədəniyyətləri bir-birinə yaxın edir.

Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən builki festivala 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə qatılıb. Festivalın əhatəsi ildən-ilə genişlənir və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qeyd etdiyi kimi artıq on üçüncü dəfə keçirilən festival “Şərq təranələri” adlansa da, lakin biz hamımız bunun şahidiyik ki, bu gün öz mahiyyətinə və əhəmiyyətinə görə “Şərq təranələri” - “Dünya təranələri” anlamına çevrilib. İlk festivalda 31 ölkədən təmsilçi var idisə, bu il artıq 80 ölkədən 400-dən artıq musiqiçi bu festivalda iştirak edirdi.

Festivalın tarixində Azərbaycan musiqiçiləri hər zaman yüksək yerlərə layiq görülüblər. Azərbaycan muğamının möhtəşəmliyi, muğam sənətimizin zənginliyi təşkilatçıların hər zaman diqqətini çəkib, muğam ifaçılarımızın peşəkar çıxışları beynəlxalq münsiflər və festivala gələn qonaqlar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Azərbaycan muğam ifaçıları öz əsrarəngiz çıxışları ilə yaddaşlarda iz qoyub.

XIII “Şərq təranələri” bu dəfə də Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin və yaddaqalan oldu. 27 illik festivalın tarixində Azərbaycan ilk dəfə beynəlxalq münsiflər heyətinə sədrlik etdi. Azərbaycanı sədr kürsüsündə Əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru Sahib Paşazadə təmsil edib. Onu da qeyd edək ki, tarzən Sahib Paşazadə XI festivalda (2017) Qran-Pri mükafatına layiq görülüb.

Təəssüratlarını AZƏRTAC-a bölüşən Sahib Paşazadə bildirib ki, bu festivalın onun yaradıcılığında xüsusi yeri var: “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanın ilk dəfə münsiflər heyətinə sədrlik etməsi böyük qürur hissi yaradır. Bundan əvvəl də Azərbaycan bir dəfə münsiflərdə təmsil olunmuşdu. Bu dəfə isə iki dost ölkələrimizin qardaşlığının bariz nümunəsi olaraq sədrlik Azərbaycana həvalə olunmuşdu. Bu mötəbər festivalda ölkəmizi münsif kimi təmsil etmək mənim üçün böyük fəxr oldu. Biz bu festivalda musiqimizə, muğam sənətimizə hər zaman marağı hiss etmişik. Çox sevindirici haldır ki, bu dəfə də iştirakçılarımızın çıxışları böyük alqış sədaları ilə qarşılandı. Muğam Azərbaycan xalqının milli sərvətidir. Xalqımız sevə-sevə bu sənəti tərənnüm edir. Şərqin böyük mütəfəkkirləri musiqi elmi və onun tarixi, muğam sənəti haqqında gözəl əsərlər yaratmışlar. Özbəkistan və Azərbaycan bu ortaq mədəni irsin davamçılarıdır. Ölkələrimiz arasında sıx və isti dostluq münasibətləri bu böyük irsi birgə öyrənmək, geniş təbliğ etmək, gələcək nəsillər üçün birgə qoruyub saxlamağa şərait yaradır”.

Sahib Paşazadə, həmçinin Azərbaycanın “Simurq” muğam ansamblının XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-Pri mükafatına layiq görülməsini də muğam sənətimizin dünya arenasında növbəti triumfu kimi dəyərləndirib: “Beynəlxalq musiqi bilicilərindən ibarət münsiflərin yekdil qərarı ilə iştirakçılarımızın Qran-Pri qazanması böyük qürur hissi yaradır. Bu qələbə Azərbaycan musiqisinin uğurudur. Mistik Registan meydanında ifaçılarımız təkcə tamaşaçıların deyil, münsiflərin də ürəyini fəth edə bildilər. Müsbət emosiyalarla dolu çıxışları ilə diqqəti muğam sənətimizə yönəldərək uğur qazandılar. Çox şadam ki, bu il festivalda Qran-Pri qazanan Azərbaycanın “Simurq” muğam ansamblının (Mirələm Mirələmov (xanəndə), Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Kamran Kərimov (nağara), İdris Hüseynov (ud), Anar Vəlizadə (balaban) üç üzvü - tanınmış xanəndə Mirələm Mirələmov, kamança ifaçısı Elnur Mikayılov və nağara ifaçısı Kamran Kərimov BMM-in solistləridir. Azərbaycana dünyaşöhrətli festivalın üçüncü dəfə baş mükafatını qazandıran heyətin bütün üzvlərini ürəkdən təbrik edirəm. Onu da qeyd edim ki, ansambla festivalın heykəlciyini və baş mükafatın sertifikatını Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovla birgə təqdim etdik.

Festivalda birinci yerə Türkmənistan (Maya Kuliyeva adına Türkmənistan Milli Konservatoriyasının müəllim-tələbə heyətindən ibarət ansambl), ikinci yerə Qazaxıstan (“Ataməkən”) və Özbəkistan (“Makom bənd”), üçüncü yerə isə Yaponiya, Monqolustan və Rusiya layiq görüldü”.

Onu da qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə festival çərçivəsində keçirilən “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcı bağlılıq prinsipləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda da çıxış edib.

Konfransda 32 ölkədən 46 musiqişünas, folklorşünas, mədəniyyətşünas, ali təhsil müəssisələrinin rektorları və beynəlxalq elmi-tədqiqat institutları və elm mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Elmi tədbirdə ölkəmizi, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova, ADMİU-nun kafedra müdiri professor Kamilə Dadaşzadə təmsil ediblər.

Seçilən
73
2
azertag.az

3Mənbələr