AZ

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanı keçirilib

Bakı, 4 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsinin, eləcə də Elm və Təhsil Nazirliyinin tabelində olan elmi-tədqiqat institutlarının doktoranturasına qəbul üzrə “Fəlsəfə” fənnindən qəbul imtahanları keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanı BDU-nun professor-müəllimlərindən ibarət İmtahan Komissiyası tərəfindən şifahi formada aparılıb. İmtahanda BDU üzrə 181, Elm və Təhsil, İqtisadiyyat nazirliklərinin elmi-tədqiqat institutlarından isə 172 iddiaçı iştirak edib. İmtahan Komissiyasının yekun rəyi əsasında Elm və Təhsil, İqtisadiyyat nazirliklərinin elmi-tədqiqat institutlarının doktoranturasına qəbul olunmaq üçün 106, BDU üzrə isə 129 iddiaçıya müvafiq ixtisas fənni üzrə imtahanlarda iştirak hüququ verilib.

Bu il “Əməliyyatlar tədqiqi”, “Ehtimal nəzəriyyəsi”, “Topologiya”, “Neft kimyası”, “Petrologiya, vulkonologiya”, “Xəritəşünaslıq, geoinformatika”, “Aqrokimya”, “Materiallar texnologiyası”, “Türk xalqları ədəbiyyatı”, “Dinin tarixi və fəlsəfəsi” və “Korreksiya pedaqogikası” kimi ixtisaslara da qəbul həyata keçiriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 163s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” əsasında Elm və Təhsil Nazirliyi tərəfindən BDU-ya 2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 134 (53 əyani və 81 qiyabi olmaqla), dissertanturaya isə 39 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə doktoranturaya 21 (2 əyani və 19 qiyabi olmaqla), dissertanturaya isə 12 yer ayrılıb.

Yazılı formada təşkil olunacaq ixtisas fənni üzrə imtahanların sentyabrın 9-da keçirilməsi nəzərdə tutulub.

Seçilən
55
3
azertag.az

4Mənbələr