Azərbaycan adlı məmləkətin tarixinə öz dəsti-xətti ilə yazılan bir ay kimi sentyabr ayı hər zaman xatirələrdə canlanacaqdır.
Bütün bəşər üzünə bəyandır ki, 200 ildir itirməyə, parçalanmağa və kiçilməyə məcbur edilmiş Azərbaycan dövlətçiliyi itirdiyi halal torpağlarını məhz 2020- ci ilin sentyabr ayında 44 günlük möcüzəli və möhtəşəm qələbə ilə geri qaytardı və öz adını zəfər, qalibiyyət ölkəsi kimi tarixə əks etdirdi. Bütün dünya bu qələbədən danışdı. Heyrətə gəldi və açıq etiraf edə bilməsələr də Azərbaycan Ordusunun keçdiyi 44 günlük hərb yolunun sirlərini öyrənmək və öz hərb siyasətinə tətbiq etmək istəklərini gizlədə bilmədilər.
Lakin bir qədim el məsəli öz aktuallığını hələ də saxlamaqda idi:- qarı düşmən dost olmaz.
Yenidən həmlələr tətbiq edən, təzyiq göstərən düşmənə qarşı məcburi şəkildə Azərbaycan Ordusu daha bir mükəmməl gediş, 24 saatlıq lokal Antiterror əməliyyatları ilə cavab vermək zərurəti ilə baş - başa qaldılar. Etiraf edək ki, bu 24 saatlıq əməliyyatlar tək separatçıların ağ bayraq qaldırması deyil, bütün anti-Azərbaycan qüvvələrin məğlubiyyətinin rəsmi elanı, diz çökməsi və məğlubiyyətlərinin bariz nümunəsi idi.
Qürurla qalibiyyətimizi etiraf edirik. Lakin əfsuslar olsun ki, bu lokal antiterror tədbirləri zamanı da xalqımızın nər oğulları, ərənləri öz canlarını torpaq, vətən, ana yolunda fəda etdilər. Qanları ilə tarix yazan Şəhid oğullarımız bu günki, rahat güzəranımızı bizlər üçün peşkəş etdilər. "Ana mən Şəhid olmağa gedirəm" deyən oğullar", Ana ölsəm ağlama, torpağım daim sulara qərq olar" deyən oğullar, "ölsəm oğluma mənim adımı qoyun deyən oğullar", "Müharibə bitsin səninlə ailə quracam deyən oğullar bu gün yoxdurlar, ruhları şad özləri isə əmanət olaraq bu dünyada qalan doğmalarına çox uzağdadırlar. Zəfər səlnaməsinin əfsanələri, ölməz qəhrəmanları olan Poladların, Raqubların, Albertlərin Miqdadların, Aqillərin, Mehrabların, Şahinlərin və üç mindən çox şəhid qardaşlarımızın ruhu bu gün şaddır, şaddır ona görə ki, vətənimiz azaddır, şaddır ona görə ki, öz məqsədyönlü fəaliyyəti ilə ölkəmizi bütün özünə aid olan torpaqlarına aparacaq bir layiqli lideri var, şaddır ona görə ki, bu gün Azərbaycan bayrağı Xankəndində dalğalanır və ümid edirik ki, yaxın gələcəkdə biz Qərbi Azərbaycana, Göyçəyə səfərlər edəcək və üçboyalı incimiz bu ərazilərdə dalğalanacaqdır.
Tanrı vətənimizi, dövlətimizi və dövlət başçımızı qorusun!
Nəhayət Şirinova
"Vətən naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdeoloji İş üzə məsul şəxsi