Bakıda 1910-cu ildə inşa edilən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı iki ildən çoxdur təmirə bağlanıb. Sentyabrdan yeni teatr mövsümü başlayır. Paytaxtda fəaliyyət göstərən teatrların bəzisi artıq bu ayın repertuarını müəyyən edib, biletlərin satışına başlayıb.
Bəs Opera və Balet teatrının binasının təmiri, bərpası nə zaman yekunlaşacaq? Yeni teatr mövsümündə binada tamaşa izləmək mümkün olacaqmı?
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Mədəniyət Nazirliyindən bildirilib ki, təmir-bərpa işləri davam edir:
“Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmir və bərpa işləri davam etdirilir. Xarici mütəxəssislərin də cəlb olunduğu təmir prosesi 113 yaşlı binada akustika və səs sistemi, orkestrin yerləşdiyi hissə, ümumilikdə interyer və eksteryer tikilinin memarlıq-plan həlli qorunmaqla həyata keçirilir.
Binada müasir standartlara cavab verən maddi-texniki baza formalaşdırılacaq. Təmirdən sonra dünyanın ən məşhur opera və balet incilərinin yüksək səviyyədə tamaşaya qoyulmasına nail olunacaq. Binanın təmirində tətbiq olunan müasir yanaşmalar səhnə əsərlərinin keyfiyyətinə də öz təsirini göstərəcək”.
Qurumun məlumatında qeyd edilib ki, teatrın binasında aparılan təmir işləri ilə əlaqədar opera tamaşaları Bakı Musiqi Akademiyasının Opera studiyasının, balet tamaşaları isə Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdirilir.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının əsası XX əsrin əvvəllərində qoyulub. Belə ki, 1910-cu ildə Bakı milyonçuları, Mayılov qardaşlarının təşəbbüsü ilə binanın tikintisinə başlanılıb.
Cəmi 10 ay ərzində-1910-1911-ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi binanın tikintisi yekunlaşıb. 1928-ci ildə teatra dahi dramaturq Mirzə Fətəli Axundovun adı verilib. Həmin sənət məbədi 1959-cu ildən isə Akademik Opera və Balet Teatrı adlanır. Teatr sonuncu dəfə əsaslı surətdə 1987-ci ildə təmir olunub.