ABŞ polisi Corciya ştatında məktəbdə atışma törətməkdə şübhəli bilinən 14 yaşlı şagirdi saxlayıb.
APA xəbər verir ki, bu barədə “NBC News” kanalı məlumat yayıb.
Ştatın Federal Təhqiqatlar Bürosu (FTB) şöbəsinin rəhbəri Kris Ozi brifinqdə bildirib ki, şübhəli şəxs atışmadan dərhal sonra hüquq-mühafizə orqanlarına təslim olub və hazırda səlahiyyətlilərlə əməkdaşlıq edir.
O həmçinin yeniyetmənin qətl ittihamı ilə üzləşəcəyini bildirib. Məhkəmə onu yetkin hesab edəcək.
Məktəbin yerləşdiyi dairənin şerifi Cud Smit jurnalistlərə açıqlamasında atəş açan şəxsin nə üçün bunu etdiyinin hələ də məlum olmadığını deyib.
Onun sözlərinə görə, səlahiyyətlilər şübhəlinin odlu silahı necə əldə etdiyini və məktəbə necə gətirdiyini hələ ki, bilmirlər.
***
20:58
ABŞ-ın Corciya ştatının Uinder şəhərində məktəbdə atışma baş verib, iki nəfər ölüb.
APA xəbər verir ki, bu barədə MSNBC kanalı məlumat yayıb.
Kanalın yaydığı məlumata görə hadisə zamanı azı dörd nəfər xəsarət alıb.
CNN-in məlumatına görə, polis şübhəli şəxsi saxlayıb. Hadisə yerində beş təcili yardım maşını var, zərərçəkənlərdən birinin vertolyotla xəstəxanaya yerləşdirilməsi tələb olunub.
FTB əməkdaşları hadisə yerində yerli hüquq-mühafizə orqanlarına yardım edir.