Sentyabrın 4-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vladivostok şəhərinə işgüzar səfərə gəlib.
İkitərəfli görüşdə qonaqları salamlayan İqor Krasnov ölkələrimiz arasında yüksək xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, sahibkarlıq üçün münbit şəraitin formalaşmasında prokurorluq orqanlarının önəmini qeyd edib.
Kamran Əliyev rusiyalı həmkarına Şərq İqtisadi Forumunda iştirak üçün dəvətə görə təşəkkürünü bildirib. Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi islahatlar barədə məlumat verərək, Rusiya Prezidenti Vladimir Putinin avqust ayında ölkəmizə dövlət səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmindən bəhs edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Baş prokurorlar mövcud sahəvi əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə iki ölkə baş prokurorluqları arasında hərbi prokurorluq orqanlarının əməkdaşlığına dair Anlaşma Memorandumunu imzalayıblar.
Nümayəndə heyətinin səfəri davam edir.
XQ