Ulyanovsk vilayəti ilə Azərbaycan arasında dostluq münasibətləri var. Bu münasibətlər bütün sahələrdə, o cümlədən iqtisadiyyatda möhkəmləndirilır. Hazırda vilayətdən Azərbaycana avtomobil, avtomobil hissələri, neft və qaz sənayesi üçün məhsullar, mebel, qida məhsulları və s. ixrac olunur. Eyni zamanda, elm, idman və mədəniyyət sahələrində də əlaqələr genişlənir.
Sentyabrın sonuna nəzərdə tutulan “Ulyanovsk (Rusiya) – Bakı (Azərbaycan) – Astara (İran)” marşrutu üzrə birbaşa yük qatarının yola salınması bu əlaqələrin nəticəsidir.
Bu barədə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix bildirib.
Qubernatorun sözlərinə görə, “Ulyanovsk–Bakı–Astara” yük qatarının ilk heyəti “Orta Volqa–Xəzər–Fars körfəzi” dəhlizi çərçivəsində sentyabrın sonunda yola düşəcək: “Rusiya Dəmir Yollarından şad xəbər gəldi. “Ulyanovsk–Bakı–Astara (İran)” birbaşa yük qatarının marşrutu ilk dəfə təsdiqləndi”.
Qatar, azı, 70 müxtəlif modifikasiyalı vaqon, o cümlədən qapalı çənlər, bunker tipli vaqonlardan ibarətdir. Hər bir qatar 3,5 min ton müxtəlif məhsulların – aqrar, ağac emalı məhsulları və sənaye mallarının daşınması üçün nəzərdə tutulub.
Russkix əlavə edib ki, qatarın Azərbaycan, İran və qonşu ölkələrdə istehsal olunan mallarla yenidən yüklənməsi məsələsi də öz həllini tapır: “Qeyd etmək istərdim ki, ixrac qatarı Sovet İttifaqı dövründən bu istiqamətdə hərəkət edən ilk qatar olacaq. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir qoludur. Dəhlizin dəmir yolu bölməsi daşıma qabiliyyətini və həcmini 15 milyon tondan 30 milyon tona çatdırmaq üçün modernləşdirilir.
Qatarın yola düşməsi qərarı isə Rusiya Prezidenti Vladimir Putinin dost ölkələrlə yeni logistik marşrutların inkişafı ilə bağlı göstərişinə uyğun olaraq qəbul edilib və qubernator Aleksey Russkixin Azərbaycana səfəri zamanı ətraflı işlənib. Ulyanovsk vilayəti və Azərbaycan arasında “Ulyanovsk–Bakı–Astara (İran)” ixrac-idxal qatarının istifadəyə verilməsi müzakirə olunub. Layihənin əsas logistik tərəfdaşları ilə bu il mayın 29-da saziş imzalanıb. Həmin sənədlərə əsasən, “AGT Cargo” və “TEZ Logistics” şirkətləri ilə əməkdaşlıq kənd təsərrüfatı və sənaye yüklərinə ekspeditor müşayiətini təmin edəcək. Azərbaycanın ən böyük yük terminalı olan “Abşeron logistika mərkəzi” şirkəti yüklərin saxlanmasını və yenidən bölüşdürülməsini həyata keçirəcək. Qubernator Aleksey Russkix sonra bunları qeyd edib: “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovla danışıqlar aparılıb. Azərbaycanlı həmkarlarımız və Rusiya Dəmir Yolları ilə birlikdə blok qatarımızın marşrutunun layihələndirilməsi tamamlanıb. Qatarın işə salınması çatdırılma müddətlərini və daşınma xərclərini azaldacaq, həmçinin dayanıqlı hərəkət heyəti yaradacaq. Biz Azərbaycana və Fars körfəzi ölkələrinə tədarükləri sistemləşdiririk. Ulyanovsk vilayətindən və qonşu regionlardan yeni yükgöndərənləri ixraca cəlb edəcəyik”.
Marşrut üzrə Ulyanovsk müəssisələri taxıl, un, avtomobil hissələri, tikinti materialları, ağac emalı məhsulları və mebel ixrac edə biləcəklər. Eyni zamanda, Azərbaycan tərəfi də öz mallarını bu qatarlar vasitəsi ilə həm Rusiyaya, həm də Asiya ölkələrinə ixrac imkanları qazanacaq. Bağlanmış sazişlər, həmçinin Ulyanovsk vilayətinin və Azərbaycan Respublikasının müəssisələrinin logistika xidmətlərindən birgə istifadəsini nəzərdə tutur.
“Mənim biznesim” regional mərkəzinin rəhbəri Ruslan Qayetdinov bildirib ki, yüklər yenidən bölüşdürülməsi və daha sonra qonşu regionlara göndərilməsi şərti ilə Bakıdan keçəcək. Qatarın son nöqtəsi İran ərazisindəki Astara olacaq. “Orta Volqa – Xəzər dənizi – Fars körfəzi” logistika layihəsi qərb dəmir yolu dəhlizinin fəaliyyətini təmin edəcək və həm ixrac, həm də idxal yüklərinin ən qısa müddətdə çatdırılmasına imkan verəcək. O, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə həyata keçirilən “Kiçik və Orta Müəssisələr” və “Beynəlxalq Əməkdaşlıq və İxrac” milli layihələri çərçivəsində baş tutacaq. Layihə Azərbaycana mövcud tədarüklərin, İran, İraq, Əfqanıstana tranzit daşımaların sistemləşdirilməsinə kömək edəcək, həmçinin təkcə Ulyanovsk vilayətindən deyil, həm də qonşu regionlardan yeni yükgöndərənlərin ixrac tədarükünə cəlb olunmasına şərait yaradacaq. Potensial olaraq marşrut hər iki istiqamətdə istənilən yükün çatdırılması üçün əlverişlidir. Bunlar kənd təsərrüfatı və emal məhsulları, tikinti materialları, sənaye malları ola bilər”.
Qeyd edək ki, “Orta Volqa – Xəzər dənizi – Fars körfəzi” ticarət və logistika dəhlizinin həyata keçirilməsi Rusiyanın Azərbaycan və Yaxın Şərq ölkələri ilə ticarət dövriyyəsinin həcmini əhəmiyyətli dərəcədə artırmağa, Volqa boyu gəmiçiliyi inkişaf etdirməyə kömək edəcək əsas layihələrdən biridir. Bu çərçivədə Çay və liman infrastrukturunun modernləşdirilməsi gündəmə gələcək.
Bu marşrut Şimal–Cənib dəhlizinin bir qoludur, layihənin Rusiya və Azərbaycan üçün çox əhəmiyyətli olduğunu göstərir. Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Pritçin bu barədə deyib: “Azərbaycan bir sıra mühüm addımlar ataraq Şimal-Cənub marşrutunun təşviqində mühüm rol oynayır. Dəhliz layihəsinin həyata keçirilməsi həm Cənubi Qafqaz regionunun, həm də Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında töhfədir. Marşrut sayəsində ölkələr arasında ticarət dövriyyəsi iki dəfə artıb, daşımaların qiyməti isə dəniz nəqliyyatı ilə müqayisədə xeyli aşağı düşüb. Şimal–Cənub dəhlizi bizim əsas magistral layihəmizdir. Üstəlik, burada ən diqqətçəkən məqam odur ki, Rusiya və Azərbaycan, öz növbəsində, bütün razılaşmaları yerinə yetiriblər və infrastrukturu genişləndirməyə hazırdırlar. Bundan əlavə, bu, Rusiyanın ticarət əlaqələri üçün bağlanan qərb istiqamətinə alternativ olacaq yeni marşrut açmaq imkanıdır. Azərbaycan üçün isə təbii ki, bu, tranzit potensialını artırmağa və ondan səmərəli istifadəyə imkan verəcəkdir.
Pünhan ƏFƏNDİYEV, "Xalq Qəzeti"