AZ

Bu gün Xalq artisti Siyavuş Aslanın doğum günüdür

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Siyavuş Aslanın anadan olmasının 89-cu ildönümü tamam olur.

Onun milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələri, çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla xarakter səviyyəsinə qaldırdığı obrazları incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda, onu düşündürməyi də bacarıb.

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 

Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958-1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb.

Onun üçün oynaya bilməyəcəyi rol yox idi. O, “Hamlet”, “Böyük Romul”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Hicran” , “Poçt şöbəsində xəyal”, “Varlı qadın”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşalarında, “Ulduz”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində, “Yaşıl eynəkli adam”, “Qaynana əməliyyatı” və digər teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazana bilib.

Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Siyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilib. O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “Şərəf”, “Şöhrət” ordenlərinə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

image-17255204102516129100_1200x630 image-17255204104049864075_1200x630 image-17255204104597531608_1200x6302013-cü ilin iyunun 27-də dünyasını dəyişən unudulmaz sənətkarımız Siyavuş Aslan yaratdığı parlaq obrazlar qalereyası ilə sənətsevərlərin qəlbində, o cümlədən teatrımızın, kinomuzun tarixində əbədi olaraq qalacaq.

DOĞRU.AZ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
5
dogru.az

6Mənbələr