Məlumat verdiyimiz kimi Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılan tibb müəssisələri arasında TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika da yer alıb.
Xəstəxanada təqdim ediləcək xidmətlərlə tanış olmaq məqsədi ilə Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi, həkim Miyavaki Hiroki Yeni Klinikanı ziyarət edib.
TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov, direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, TƏBİB-in Beynəlxalq təşkilatlarla iş şöbəsinin baş məsləhətçisi Ramin Bürcəliyevin iştirak etdiyi görüşdə cənab Miyavaki Hirokiyə klinikanın fəaliyyəti və göstərilən tibbi xidmətlər haqqında ətraflı məlumat verilib.
COP-29 tədbiri zamanı və daha sonra Azarbaycanda yaşayan yapon vətəndaşları və səfirliyin yapon heyəti üçün tibbi müdaxilələr zamanı hara müraciət etməli olduqları haqqında məlumat toplusu haqzırlamaq məqsədi ilə Yeni Klinikanı ziyarət edən Miyavaki Hiroki göstərilən tibbi xidmətlərlə əyani tanış olmaq üçün tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya və stasionar şöbələrinə baxış keçirib.
Pərvin Əkbərov tibbi məsələlər üzrə attaşeyə Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxananın hazırlandığını bildirib.