AZ

Parlamentdə qəbul ediləcək YENİ QƏRAR – Qərbi azərbaycanlıların qayıdışı üçün…

“Regiondakı qarışıqlığın və xaotik vəziyyətin yeni nümunəsi payızda Gürcüstanda keçiriləcək seçkilərdən sonra görünə bilər. Seçki yaxınlaşdıqca, Gürcüstanı Rusiya və ABŞ öz dalğasında tutmaq yolunda güc rəqabətinə girişib. Seçki ərəfəsində separatizm kartının dirçəlməsi kritik mübarizənin kəsişməsinə gətirilir. Azərbaycan ərazilərində separatçıbaşı olmuş Samvel Şahramanyanın indiki situasiyada mediada yayılan açıqlamaları isə Azərbaycana deyil, ən çox Ermənistana mürəkkəbliklər yaradır, İrəvanı ziddiyyətli geosiyasi maraqların əsirinə çevirir”.

Medianews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov bildirib. O qeyd edib ki, Gürcüstandakı seçkilər öncəsi bəzi qüvvələr əllərindəki qutuların içərisini açıb alətləri Azərbaycana qarşı çeviriblər.

Siyasi şərhçinin qənaətincə, belə situasiyada rəsmi Bakı prosesi faydaya çevirmək imkanlarını nəzərdə saxlayır: “Burada üç versiya Azərbaycanın prioritetləri sırasında ön cərgəyə düzülür. Birincisi, rəsmi Bakı Qərbi azərbaycanlıların qayıdışını sülh gündəliyinə qırmızı xətti kimi gətirir. İkincisi, Ermənistana xəbərdarlıq edir ki, İrəvan azərbaycanlıların qayıdışına təhlükəsizlik zəmanəti verə bilməsə, bunu Bakı özü təmin edəcək. Üçüncüsü, Azərbaycan qayıdış prosesinin Zəngəzur dəhlizi konteksti ilə paralel şəkildə aparacaq. Hesab edirəm ki, son günlərdə İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə əlaqədar yaranmış fikir ayrılıqları Azərbaycanın qayıdış proqramına reaksiya kimi daha çox diqqət çəkə bilər. Bu məqamda ən təhlükəli hədlər İran tərəfindən aktivləşdirilir. Məsələn, Şahramanyanın çıxışında həm də Tehranın ideyalarını axtarmaq olar”.

A.Kərimov vurğulayıb ki, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırması kontekstində rəsmi Bakının Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışını təmin etməklə bağlı çağırışları və şərtləri, həmçinin bunu öz xarici siyasətinin prioritetlərinə çevirməsi tamamilə başa düşüləndir: “Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına geri qayıtması hərtərəfli sülhün təmini və regional təhlükəsizliyin sütunlarının davamlı olması baxımından önəmlidir. Rəsmi Bakı Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı sistemli və ardıcıl prioritetlər hazırlamalıdır. Görünür ki, Azərbaycanın xarici siyasətində bununla bağlı biz yeni yanaşmaların şahidi ola bilərik. Mümkündür ki, Azərbaycanın yeni formalaşan parlamentində də Qərbi azərbaycanlıların qayıdışı ilə əlaqədar məsələlərin tənzimlənməsi üçün xüsusi bir komissiyanın yaradılmasına ehtiyac duyacaq. Bu komissiya Qərbi azərbaycanlılarla əlaqədar problemləri, mübahisələri, eyni zamanda onların vahid bir icma şəklində formalaşmasını həyata keçirəcək bir strategiya hazırlaya bilər”.

Siyasi şərhçi söyləyib ki, Qərbi azərbaycanlıların qayıdışının sülh müqaviləsi kontekstində, yoxsa sülh müqaviləsindən kənar çərçivədə baş tutacağı hələlik mübahisə predmetidir: “Biz bunun sülh müqaviləsinə salındığını və yaxud ondan kənarda nəzərdə tutulduğunu dəqiq deyə bilmirik. Mümkündür ki, Qərbi azərbaycanlıların qayıdışı rəsmi Bakının öndə tutduğu əsas məsələlərdən biridir. Bu məsələnin gec-tez reallaşacağına əminlik yaranıb. Ona görə ki, Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsini öz xeyrinə əhəmiyyətli şəkildə dəyişdirə bilmək qabiliyyətinə malikdir. Bu qabiliyyəti daha da yüksək səviyyəyə çatdırmaq üçün Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışından yararlanmaq, məqbul variant kimi görünməkdədir”.

A.Kərimovun sözlərinə görə, Qərbi azərbaycanlıların qayıdışından sonra Ermənistanın soydaşlarımız yaşayan ərazilərə təhlükəsizlik təminatları verə biləcəyi də hələlik sual altındadır: “Əgər rəsmi İrəvan bu təhlükəsizlik tədbirlərini təmin edə bilməyəcəksə, o zaman Azərbaycan özü soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün müəyyən strategiyalar hazırlaya bilər. Hesab edirəm ki, yaxın zamanlarda Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması ilə bağlı aparılan danışıqlarda Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri qayıdışı prioritet məsələ kimi kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olacaq. Ona görə də Bakı-İrəvan danışıqlarının əsas leytmotivlərindən birinə həm də Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı məsələlər daxil ediləcək”.

Kamilə ORUCOVA

Seçilən
82
medianews.az

1Mənbələr