Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə keçirilən və görkəmli dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr olunan “I Beynəlxalq Şah İsmayıl Xətai” konfransının iştirakçıları ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli ölkəmizdə ilk dəfə keçirilən beynəlxalq konfransın Şah İsmayıl Xətainin zəngin həyat və fəaliyyətinin yenidən araşdırılmasına və yeni faktların üzə çıxmasına töhfə verəcəyini bildirib. Qeyd edib ki, Şah İsmayıl Xətai təkcə Azərbaycanın deyil, ümumilikdə Qafqazın, Türk dünyasının və Şərqin tarixində böyük rol oynayıb, onun haqqında həmin regionlarda və Avropada tədqiqatlar aparılaraq məqalələr, kitablar ərsəyə gətirilib, Türkiyədə Şah İsmayıl Xətainin külliyyatı çap olunub.
Şah İsmayıl Xətainin sovet ideologiyasının təsiri altında ölkəmizdə daha çox şair kimi öyrənildiyini deyən akademik İsa Həbibbəyli müstəqillik dövrünün geniş imkanları çərçivəsində Xətainin hökmdar, sərkərdə olaraq fəaliyyətinin ətraflı araşdırıldığını vurğulayıb. Türkiyədə isə Şah İsmayılın daha çox təriqət başçısı kimi öyrənildiyini diqqətə çatdırıb.
Qərbin məkrli planları əsasında Səfəvilərlə Osmanlı imperiyası arasında baş vermiş Çaldıran döyüşünün səbəbləri üzərində geniş araşdırmalar aparıldığını bildirən akademik İsa Həbibbəyli Xətainin bir neçə il öncə aşkara çıxarılmış və Sultan Səlimə yazmış 31 məktubunun tarixi həqiqətləri meydana qoyduğunu deyib. Eyni zamanda, konfransdan irəli gələrək Avropa arxivlərində bununla əlaqədar yeni tədqiqatların aparılmasının nəzərdə tutulduğunu söyləyib.
Akademik İsa Həbibbəyli beynəlxalq konfransın Türk dünyasının birliyinə və alimlərinin əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb. O, konfransın, həmçinin Xətai irsinin gənc nəsillər arasında təbliğində mühüm rol oynayacağını söyləyib, tədbirin iki ildən bir keçirilməsini təklif edib.
Daha sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov çıxış edərək “I Beynəlxalq Şah İsmayıl Xətai” konfransı ilə bağlı məlumat verib, tədbirin beynəlxalq tədqiqatçılar tərəfindən maraqla və rəğbətlə qarşılandığını söyləyib, konfransa Türkiyə, Qazaxıstan, Özbəkistan, Avstriya, Böyük Britaniya və İrandan 50-dən artıq alim və tədqiqatçının qatıldığını deyib. O, konfransın səfəvişünaslığa töhfə verəcəyini diqqətə çatdırıb.
Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Əhməd Taşğın isə beynəlxalq konfransın təşkilinə verdiyi dəstəyə görə akademik İsa Həbibbəyliyə və Tarix və Etnologiya İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib. Şah İsmayıl Xətainin azərbaycanlı, Səfəvilərin isə Azərbaycan dövləti olduğunu deyən Əhməd Taşğın konfransın yeni tarixi həqiqətlərin üzə çıxmasına töhfəsini verəcəyini söyləyib.