AZ

Universitet rəhbərlərinin "Azərbaycan müəllimi"nə yubiley təbrikləri

Azərbaycanın təhsil tarixində silinməz iz qoymuş, nəinki təhsil işçilərinin, həmçinin geniş ictimaiyyətin əsas informasiya mənbələrindən biri kimi çıxış edən “Azərbaycan müəllimi” qəzeti 90 yaşını qeyd edir.

 

AzEdu.az xəbər verir ki, ali təhsil müəssisələrinin rəhbərləri "Azərbaycan müəllimi"nin kollektivinə təbrik məktubları göndəriblər.

 

Bakı Dövlət Universitetinin rektoru, Elçin Babayev:

 

“Azərbaycan müəllimi” qəzeti 90 illik şərəfli fəaliyyəti dövründə ölkəmizin ictimai-siyasi həyatında, elm və təhsilin inkişafında, çoxminli milli ziyalı kadrların yetişməsində, gənc nəslin təlim-tərbiyəsində misilsiz xidmətlər göstərib. Milli pedaqoji mətbuatın ilk nümunələrindən olan “Azərbaycan müəllimi” qəzeti maarifçilik ənənələrimizin ən sanballı daşıyıcılarından biridir. Azərbaycanda pedaqoji mühitin formalaşmasında, müəllim kadrların peşəkarlığının yüksəldilməsində bu qəzetin mühüm xidmətləri var. “Azərbaycan müəllimi” daim uğurlu pedaqoji təcrübələri təbliğ edib, elm və təhsilimizin aktual problemlərini işıqlandırıb.

 

“Azərbaycan müəllimi” qəzeti bu gün də öz ənənələrinə sadiqdir. Ölkəmizin uğurlu elm və təhsil siyasəti, Elm və Təhsil Nazirliyi tərəfindən təhsilin ən müxtəlif pillələrində aparılan əsaslı dəyişikliklər, islahatlar, tətbiq olunan yeniliklər operativ şəkildə təhsil ictimaiyyətinə çatdırılır.

 

90 illik yubileyiniz münasibətilə “Azərbaycan müəllimi” qəzetinin bütün əməkdaşlarını öz adımdan və BDU-nun professor-müəllim heyəti, tələbələri adından ürəkdən təbrik edir, sizə cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.

 

Bakı Slavyan Universitetinin rektoru, Anar Nağıyev:

 

Bu gün Azərbaycanın bu yeni müəllim ordusunun məhəbbətlə yaratdığı, böyük diqqət və qayğı ilə qoruyub saxladığı “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi böyük təntənə ilə qeyd edilir. Bu sevinci ürəkdən təbrik edərək, bütün təhsil işçilərinə böyük yaradıcılıq uğurları arzulayırıq.

 

Ümummilli liderimiz Heydər Əliyevin qəzetin 60 illik yubileyi münasibətilə redaksiya kollektivinə göndərdiyi təbrik məktubunda deyildiyi kimi, “Azərbaycan müəllimi” qəzeti ictimai-siyasi həyatımızın bütün sahələrinə nüfuz etmişdir. “Azərbaycan müəllimi” bir qəzet olaraq özünün pedaqoji, psixoloji fikir yükü ilə artıq 90 il ərzində bizimlə - təhsil camiəsi ilə birgə addımlayır. Qəzet yarandığı ildən etibarən  bu günə qədər cəmiyyətimizin, əxlaqi-mənəvi dəyərlərimizin təbliği, ictimai-pedaqoji düşüncənin aramsız olaraq formalaşması və inkişafına töhfə verir. “Azərbaycan Müəllimi” qəzeti Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi təhsil siyasətinin uğurlarını cəmiyyətə çatdırmaqda mühüm bir vasitə olmağa davam edir. Qəzet ölkə Prezidentinin təhsilə verdiyi dəyəri və maarifçilik ideyalarını geniş oxucu kütləsinə çatdıraraq, Azərbaycanın təhsil sahəsindəki inkişafına əhəmiyyətli töhfələr verməyə davam edir.

 

1934-cü ildə təsis olunan "Azərbaycan Müəllimi" qəzeti, milli təhsil sisteminin inkişafına dəstək verir və ictimaiyyətə təhsil sahəsindəki yenilikləri çatdırır. Ümumtəhsil və ali təhsil pillələrində yeniliklərin yayılmasında, pedaqoji təcrübənin paylaşılmasında mühüm rol oynayır. Qəzet dövlətimizin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak edir, ölkənin təhsil həyatını geniş işıqlandırır, müəllimlərə, digər təhsil işçilərinə, təhsil müəssisələrinə fəaliyyətlərini işıqlandırmaqda dəstək verir, yenilikləri yaymaqla qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradır.

 

Həmçinin, qəzet çoxminli müəllim ordusunun pedaqoji, psixoloji biliklərlə silahlanmasında, qabaqcıl təcrübənin aşkara çıxarılmasında və öyrənilərək geniş yayılmasında əvəzsiz rol oynamışdır. "Azərbaycan Müəllimi" qəzeti təhsilin istər məzmun, istər metodologiya, istərsə də idarəetmə sahələrində yeniliklərin aparılmasına dəstək vermişdir və bu işlər indi də uğurla davam etdirilir.

 

Qəzet yarandığı gündən ölkəmizin ən tanınmış, görkəmli simalarını öz ətrafında cəmləmişdir. Onun səhifələrində ilk vaxtlardan Abdulla Şaiq, Qılman İlkin, Şövkət Məmmədova, Cəmo Cəbrayılbəyli, Üzeyirbəy Hacıbəyov, Mehdi Mehdizadə, Şirməmməd Hüseynov, Mirzağa Quluzadə, Əbdüləzəl Dəmirçizadə, Əhməd Seyidov, Mərdan Muradxanov kimi klassik fikir sahibləri, eləcə də sonralar müasir dövrümüzün düşüncə sahibləri mütəmadi olaraq çıxışlar etmişlər.

 

Təhsilimizin Qarabağ və Şərqi Zəngəzura qayıdışı bütün təhsil camiəsi kimi “Azərbaycan müəllimi” qəzetinin də fəaliyyətində yeni hədəflər müəyyən etmiş, Yeni dövrün Azərbaycanında müasir tələblərə cavab verən Azərbaycan müəlliminin yetişdirilməsində növbəti mərhələni açmışdır.

 

Bakı Slavyan Universitetinin kollektivi “Azərbaycan müəllimi” qəzetinin bu möhtəşəm tarixi nailiyyətlərini təbrik edir, onun müasir təhsilimizin dinamik inkişaf mərhələsindəki rolunun əhəmiyyətini vurğulayır.

 

Bir daha “Azərbaycan müəllimi” qəzetinin kollektivini Bakı Slavyan Universitetinin professor-müəllim heyəti adından 90 illik yubiley münasibətilə təbrik edir, kollektivin hər bir üzvünə Azərbaycan təhsilinin inkişafı naminə yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, Cəfər Cəfərov:

 

Elmi-pedaqoji ictimaiyyət arasında böyük nüfuza malik, öz dəst-xəti ilə seçilən “Azərbaycan müəllimi” qəzeti artıq 90 ildir ki, Azərbaycan təhsilini, müəllimini və məktəbini tərənnüm edir, pedaqoji sahədə yeni yanaşmaları, innovativ çağırışları təbliğ edir. Eyni zamanda Azərbaycan pedaqoji fikir tarixinin mühüm daşıyıcısı olan bu qəzet yarandığı gündən etibarən daim hər bir müəllimə, alim-pedaqoqa və geniş oxucu kütləsinin nümayəndələrinə bələdçi olmuş, öz üzərinə götürdüyü maarifpərvərlik missiyasını dönmədən yerinə yetirmişdir. Qəzet bu vacib fəaliyyəti bu gün də əzmlə davam etdirir. Eləcə də o təkcə elmi-pedaqoji sahədə deyil, ümumən ölkə həyatında baş verən mühüm hadisələrə də nüfuz edir, öz peşəkar mövqeyi ilə nümunə rolunu oynayır.

Qeyd etmək lazımdır ki, uzun tarixi inkişaf yolu keçən “Azərbaycan müəllimi” öz ənənələrinə sadiq olmaqla yanaşı, dəyişən dövrün tələblərini nəzərə alaraq müasir kommunikasiya vasitələrindən istifadə edir, hər bir oxucunun yanında olmaq üçün məqsədli fəaliyyət göstərir.

 

Ölkəmizdə pedaqoji kadr hazırlığının flaqmanı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi üçün “Azərbaycan müəllimi” daha da doğma və əzizdir.

 

Pedaqoji Universitetin çoxminli kollektivi adından qəzetin kollektivini əlamətdar yubiley münasibətilə təbrik edir, “Azərbaycan müəllimi”nin bundan sonra da təhsilimizin inkişafındakı tarixi xidmətlərini uğurlarla davam etdirəcəyinə və “təhsil tribunası” kimi neçə-neçə nəsillərə ziya saçacağına inamımı ifadə etmək istəyirəm.

 

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova:

 

“90 illik yubileyini qeyd edən Azərbaycan müəllimi qəzetinin Azərbaycanın təhsil və maarif tarixində özünəməxsus yeri var. Əlbəttə ki, bu böyük tarixdir. Təhsilimiz bu tarix ərzində hansı yolları keçibsə, “Azərbaycan müəllimi” qəzeti də həmin prosesləri işıqlandırıb. Öz fəaliyyəti ilə təhsilin inkişafına Azərbaycan xalqının maarifləndirilməsinə çox böyük töhfələr verib. Düşünürəm ki, bu gün qəzetin vəzifəsi daha böyük və bəlkə də daha çətindir. Çünki çoxsaylı informasiya mənbələri var. İnsanlar daha çox elektron mənbələrdən məlumat almağa üstünlük verirlər. Belə bir vəziyyətdə əlbəttə ki, qəzet daha ciddi işləməli, daha maraqlı olmalıdır ki, özünün maarifçilik ideyalarını, təhsilin inkişafı ideyalarını xalqa, xüsusilə də təhsil işçilərinə çatdıra bilsin.

 

Bu gün bizim təhsilimizdə çox böyük irəliləyişlər var, həm orta təhsildə, həm ali təhsildə çox böyük reformalar gedir. Bunların hamısını işıqlandırmaq, strateji əhəmiyyəti olan məlumatları vermək, onları düzgün qiymətləndirmək əlbəttə ki, bu qəzetin vəzifəsidir. Bilirəm ki, “Azərbaycan müəllimi” qəzetinin çox gözəl kollektivi, redaksiya heyəti var. Onlar təhsilin problemlərini yaxşı bilirlər. Lazım olan məqamları, aktual mövzuları oxuculara çatdırmağı bacarırlar. Mən onlara bu yolda daha böyük uğurlar arzu edirəm. Təhsilimizin əsas mətbu orqanını 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm”.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Ədalət Muradov:

 

"Azərbaycan müəllimi" qəzetinin kollektivini 90 illik yubileyi münasibətilə öz adımdan və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi adından təbrik edirəm, ən xoş arzularımı çatdırıram!

Ölkə təhsilinin inkişafına xidmət edən "Azərbaycan müəllimi qəzeti fəaliyyətə başladığı dövrdən təhsil sisteminin modernləşdirilməsi, maarifçilik ideyalarının qorunub saxlanılması və təbliği istiqamətində önəmli və şərəfli missiyanı yerinə yetirməkdədir. Respublikamızda təhsil islahatlarının həyata keçirilməsində, təhsilin və elmin inkişafında, bütövlükdə milli təhsilimizin uğurlarında "Azərbaycan müəllimi" qəzetinin rolu əvəzsizdir. Qəzet təhsil sahəsindəki yenilikləri, problemləri və nailiyyətləri, məktəblilərimizin və tələbələrimizin əldə etdikləri uğurları ətraflı və dəqiq şəkildə təqdim etməklə, təhsil sahəsi ilə maraqlanan hər bir şəxs üçün əvəzsiz bir tribunaya, eləcə də, müzakirə platformasına çevrilib. Qəzetdə dərc olunan məqalələr özünün publisistik dəyəri ilə hər zaman seçilərək, cəmiyyətimiz üçün bir sıra aktual məsələləri daim diqqətdə saxlayıb.

Əminəm ki, "Azərbaycan müəllimi" qəzeti hələ uzun illər öz zəngin ənənəsini uğurla davam etdirərək, təhsilimizin inkişafına mühüm töhfələr qazandıracaqdır.

 

"Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyini bir daha səmimi-qəlbdən təbrik edirəm. Qəzetin kollektivinə uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

 

Qarabağ Universitetinin rektoru, Şahin Bayramov:

 

Hörmətli redaksiya!

Sizi “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə Qarabağ Universitetinin kollektivi adından səmimi qəlbdən təbrik edir və gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.

 

Əlamətdar yubileyinizi Azərbaycan təhsil və mətbuat tarixi üçün mühüm bir hadisə kimi dəyərləndirmək olar.90 illik zəngin tarixə malik “Azərbaycan müəllimi” qəzeti yarandığı gündən etibarən şərəfli yol keçmiş, müəllimlərin, təhsil işçilərinin və bütövlükdə cəmiyyətin maariflənməsində, eləcə də təhsil sahəsində ictimai fikrin formalaşmasında və təhsilə dair mətbuatın inkişafında əhəmiyyətli rol oynamışdır.

 

Təhsilin və müəllimlik peşəsinin inkişafına mühüm töhfələr vermiş “Azərbaycan müəllimi” qəzeti hazırda da milli-mənəvi dəyərlərimizin qorunmasına, dövlətimizin təhsil siyasətinin dəstəklənməsinə və təhsil sahəsindəki yeniliklərin təbliğinə böyük məsuliyyət və yüksək peşəkarlıqla xidmət edir.

 

Qəzetiniz bu gün də öz ənənələrinə sadiq qalaraq tədrisin keyfiyyətinin artırılması, müəllimlərin nüfuzunun yüksəldilməsi və gənc nəslin maarifləndirilməsi istiqamətində göstərdiyiniz səylər böyük rəğbətlə qarşılanır.

 

Eyni zamanda, Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni yaradılmış Qarabağ Universitetində həyata keçirilən quruculuq işlərinin işıqlandırılmasında və işğaldan azad edilmiş doğma Xankəndi şəhərində fəaliyyət göstərəcək bu ali təhsil müəssisəsinin təbliğində dəstəyinizi müsbət dəyərləndirərək,əməkdaşlığımızın uğurlu gələcəyinə əminliyimizi bildiririk.

 

Hörmətli redaksiya!

Sizi bir daha bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, milli maarifçilik və təhsil sahəsindəki dəyərli missiyanızda yeni-yeni uğurlar diləyirik.

 

 

Seçilən
117
azedu.az

1Mənbələr