AZ

Fazil Mustafa Hidayət Orucovu təbrik edib

VI çağırış Milli Məclisin
Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Əməkdar incəsənət xadimi, görkəmli şair-dramaturq Hidayət Orucovu 80 illik yubileyi ilə bağlı təbrik edib.
Təbrik məktubunda deyilir:

 
"Hörmətli Hidayət müəllim,
Sizi - tanınmış ədəbiyyat, incəsənət və dövlət xadimini 80 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm can sağlığı diləyirəm!
 
Siz 80 il bundan öncə Qərbi Azərbaycanın Meğri elinin Maralzəmi kəndində dünyaya göz açmış, bütün yaradıcılığınız boyu, doğma el-obanın, ümumən Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın duyğu-düşüncələrini, yaşantı və həqiqətlərini bütövlükdə Azərbaycana, dünya azərbaycanlılarına və sonra Türk dünyasına daşımısınız.
 
Siz 1968-ci ilin iyul ayında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq 16 il bu sənət ocağına başçılıq etmisiniz.
1984-cü ildə Bakıya köçərək, o dönəmlər öz nüfuz ilə seçilən "Gənclik" nəşriyyatında çalışmış, nəşriyyatın baş redaktor müavini (1984-86), sonra baş redaktoru (1986-1992) vəzifəsində işləmisiniz. Sizin başçılığınız dönəmində "Gənclik"də, böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən Azərbaycan klassik ədəbi irsi, folkloru və s. peşəkarlıqla hazırlanıb, nəşr edilib. Baş redaktor olduğunuz vaxt, "Gənclik" nəşriyyatında 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri respublikamızın kitab mədəniyyəti tarixində önəmli hadisə olub. Sizin təşəbbüsünüz, rəhbərliyinizlə 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra və fantastika" və b. çoxcildliklərin, bir sıra önəmli seriyaların nəşrinə başlanılıb.
 
Siz ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası bağlar, din, milli-mənəvi dəyərlər haqqında, habelə tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırlarımına, çağımızın qayğılarına həsr olunmuş onlarla irihəcmli məqalə ilə çıxış etmisiniz. Sizin "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyanız ingilis, rus, gürcü, ərəb dillərində, qardaş türkcələrdə də yayınlanıb.
Pyesləriniz Azərbaycanda, eləcə də, ölkədışında ünlü teatrların səhnəsində uğurla oynanılır.
Onlarla poeziya, nəsr, publisistika, tərcümə və b. kitablarınız, o cümlədən əsərlərinizin səkkiz cildliyi gün üzü görüb.
Əsərləriniz 30-dan çox dilə çevrilərək, yayınlanıb.
Tərcüməçilik fəaliyyəti Sizin yaradıcılığınızda özəl yer tutur; ingilis, island, rus, şotland, gürcü və b. xalqların, o cümlədən qardaş xalqların ədəbiyyatından çevirdiyiniz poeziya, nəsr, dram örnəkləri dövri mətbuatda, toplularda və ayrıca kitab şəklində gün üzü görüb, böyük maraq doğurub.
 
Siz Azərbaycan Respublikası Prezidentinin Millətlərarası münasibətlər üzrə müşaviri (01.08.1992-1993), Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993-2005), Milli azlıqlarla və Dini qurumlarla İş üzrə Dövlət müşaviri (2005-2006), Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (25.07.2006-31.05.2012), Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və səlahiyyətli səfiri  (27.12.2012-06.10.2021) kimi önəmli vəzifələr daşımısınız.
 
Dövlətimiz Sizin uzunmüddətli, səmərəli yaradıcı, ictimai və dövləti xidmətlərinizi yüksək qiymətləndirib; Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu, "Şöhrət" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, bir sıra digər mükafatlarla, habelə  Gürcüstanın "Ləyaqət" ordeni ilə təltif olunmusunuz.
 
Sizi yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!
 

https://www.facebook.com/share/p4CQC8LBrH5N4Gni/?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
130
1
olaylar.az

2Mənbələr